Interposta.Info

Xəstələnən siyasi rəqiblər və ya

Ölkə
 19-01-2018, 11:36     10 527

Müsəlman ölkələrində daha çox “keçmiş olsun” ziyarətləri və mesajları verilir, Qərb ölkələrində isə kompromatlar işə düşür

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər yanvarın 18-də Mərkəzi Klinik Xəstəxanadan evə buraxılıb. Onun səhhəti yaxşıdır və müalicəsini ev şəraitində davam etdirəcək.

Dünya təcrübəsində siyasətçilərin - istər müxalifətdə, istərsə iqtidarda olanların - xəstələnməsi hər zaman hadisə sayılıb. Bu ərəfədə onunla eyni cinahı bölüşənlərlə yanaşı, rəqiblərinin davranışı da diqqət çəkir. Çünki etiket qaydalarına əsasən, bu hadisə zamanı həm media, həm də şəxsi kanallar vasitəsilə “keçmiş olsun” mesajını ünvanlamaq ciddi şərt sayılır.

Məsələn, İ.Qəmbərin xəstəliyi fonunda müxalifət cəbhəsi ilə yanaşı, YAP düşərgəsindən də “keçmiş olsun” mesajları gəldi. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ilk gündən bildirdi ki, “Əgər İsa Qəmbərin xaricdə müalicəsinə ehtiyac yaranarsa, dövlət lazımi dəstək verəcək”.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də İsa Qəmbərin tezliklə sağalaraq ailəsinə dönməsini arzu edib: “Hər bir insan xəstələnə bilər. Siyasi mövqe siyasi mövqe olaraq qalır. Ancaq bununla belə, insanların problemləri olarkən siyasəti, iqtidar-müxalifət məsələlərini qabartmaq düzgün deyil. Kimliyindən asılı olmayaraq, hər bir insanın sağlam olması, özünün və ailəsinin çətinliklərlə üzləşməməsini arzulayıram”.

Putinin rəqibləri sevinir, Ərdoğan üçün isə Kılıçdaroğlu zəng edir

Türkiyə təcrübəsindən başlayaq. Qardaş ölkədə siyasətçinin xəstələnməsi ilə rəqiblərinin ona acil şəfalar diləməsi, “keçmiş olsun” diləklərini göndərməsi adi hala çevrilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Kamal Kılıçdaroğlunun kartejinə hücumun olmasının ardından şəxsən partiya sədrinə zəng edib. Məlumata görə, prezident Kılıçdaroğlundan hadisənin təfərrüatlarını öyrənib, keçmiş olsun diləklərini bildirib.

Eyni jesti 2017-ci ilin iyun ayında Kılıçdaroğlu da edib. O, Bolu səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən aşağıdakıları deyib: “Səhər saatlarında səhhətində bir narahatçılıq keçirən Ədalət və Qalxınma Partiyasının rəhbərinə də burdan, sizin vasitənizlə ”keçmiş olsun" diləklərimi çatdırmaq istəyirəm".

Səhhətinin pis olması ilə bağlı tez-tez mətbuatda məlumatlar gedən siyasətçilərdən biri də Rusiya prezidenti Vladimir Putindir. Amma bu mövzuda daha çox xarici mətbuat yazır. Siyasətçilər, xüsusən də hakim partiyanın rəqibləri bu haqda danışmağı çox da tərcih etmirlər.

Putin isə səhhəti ilə bağlı yayılan söz-söhbətə hər zaman bu formada münasibət bildirib. “Dedi-qodusuz darıxdırıcı olur”.

Amma bu il keçirilən prezident seçkilərində qatı rəqiblərinin əsas tələbi də onun sağlamlığı ilə bağlı məsələdə şəffaf olmasıdır. Hətta şou-biznes dünyasının yaxşı tanıdığı rəqibi Kseniya Sobçak müsahibələrindən birində onun səhhəti ilə bağlı cəmiyyətə geniş arayış verməsini tələb etmişdi.

Buşun rəqibləri onun səhhəti ilə bağlı problemləri mediaya ötürüb

Tarix boyunca isə səhhəti müzakirə olunan siyasətçilərin sayı həddən artıq çoxdur. ABŞ prezidenti Voodrov Vilson 1919-cu ilin oktyabrında keçirdiyi iflicdən sonra prezidentliyin qalan 17 ayını fiziki məhdudiyyətli şəxs kimi keçirib. Onun səhhətinin yaxşı durumda olmadığını həkimlər əvvəldən də bildirmişdilər.

1955-ci ildə ABŞ prezidenti Dvight Eisenhoverin infarkt keçirdiyi xəbəri ictimaiyyətə açıqlansa da, belə başa düşmək olar ki, onun vəziyyətini əslində olduğundan daha yumşaq təqdim ediblər.

1991-ci ilin mayında prezident Corc Buşu ürək qulaqcıqların fibrilyasiyası, yəni aritmiyası tutmuşdu. Məqalədə deyilir ki, o zaman ən böyük narahatlıq 25-ci düzəlişə əsasən Dan Quayle-in prezident ola biləcəyindən idi. Amma Buş xəstəlikdən çox çevik dirçələ bilmişdi.

Amma bəziləri bu qənaətdədirlər ki, xəstəlik ondan əl çəkməmiş və 1992-ci ildə Bill Klintona məğlubiyyətinin səbəblərindən biri olmuşdu. Ata Buşun xəstəliyi bir də özünü Yaponiyadakı dövlət ziyafətində yediyini qaytarması ilə büruzə vermişdi.

Elə oğul Buşun başına iş gəlmişdi. 43-cü ABŞ prezidenti 2002-ci ildə Ağ Evdə televizora baxa-baxa yediyi pretzel çərəz peçenyesinin boğazında qalmasından boğulurmuş. Onunla bağlı bu informasiya isə rəqibləri tərəfindən mediaya sızdırıldığı üçün ciddi ajiotaj yaratmışdı.

Uqo Çavesin əməliyyatını Qərb mətbuatı şişirtdi və...

Xərçəng xəstəliyindən əziyyət çəkən prezidentlər isə daha çox Cənubi Amerika ölkələrinin liderləri olub. Bir-birinin ardınca amansız xəstəliyə tutulan prezidentlər bunun səbəbini müxtəlif cür izah etməyə çalışırlar.

Kolumbiyanın prezidenti Xuan Manuel Santosun prostat vəzində olan xərçəngdən əziyyət çəkdiyi məlum olub. 61 yaşlı prezidentin məhz bu xəstəlikdən əməliyyat olunacağı deyilirdi.

Bu xəstəliyə tutulan Cənubi Amerika prezidentlərinin sayı 6-ya qədər olub. Venesuelanın mərhum prezidenti Uqo Çaves dörd dəfə xərçəngdən əməliyyat edilsə də, sağalmaz xəstəlik onun ölümünə səbəb oldu.

Braziliyanın keçmiş prezidentləri Luis İnasio Lula da Silva və Dilma Ruzef də şiş xəstəliyinin daşıyıcılarındandır. Argentina prezidenti Kristina Fernandez de Kirçner bu xəstəlikdən əməliyyat olunub. Paraqvay prezidenti Fernando Luqo 2010-cu ildə xərçəng olduğunu bilib və hazırda müalicə olunur.

Misirin devrilmiş diktator prezident Hüsnü Mübarəkin də müayinə zamanı xərçəng xəstəsi olduğu üzə çıxıb. Ona “V dərəcəli xərçəng” diaqnozu qoyub.

2013-cü ilin 6 martında Venesuela prezidenti Uqo Çaves onkoloji xəstəliyin fəsadlarından vəfat edib. Martın 5-də öncə Uqo Çavesin səhhətinin pisləşməsi barədə xəbər yayılıb, bundan sonra isə Venesuela hökumətinin təcili iclası keçirilib. İclasa Uqo Çavesin xələfi Maduro sədrlik edib. Uqo Çaves 2012-ci ilin dekabrın əvvəlində Kubada onkoloji xəstəliklə bağlı əməliyyat olunub. Xərçəng xəstəliyi onda 2011-ci ilin ortalarında aşkar edilib. Əməliyyatdan sonra 2 ay Havana xəstəxanasında müalicə kursu keçib, fevralın ortalarında isə qəfil Karakasdakı hərbi hospitala köçürülüb. 2011-ci ildə xərçəng xəstəliyindən əziyyət çəkdiyi müəyyənləşən Çaves 4 dəfə cərrahiyyə əməliyyatı keçirsə də, ölümdən qaça bilmədi.

Amma U.Çavesin xəstəlik xəbəri ilk gündən etibarən mediadan və ictimaiyyətdən gizlədilməyib. Onun müalicəsi ilə bağlı mediaya təfərrüatlı olmasa da, məlumatlar çatdırılıb. Müalicə dönəmində isə Qərb mətbuatında onun ölümü ilə bağlı dezinformasiyalar geniş yer tutub.

Amma heç kimə sirr deyil ki, “keçmiş olsun” diləyi, xəstəyə baş çəkmə, ona diqqət göstərmə Qərb dünyasında, eləcə də Qərb siyasətində o qədər də geniş yayılmış hal sayılmır. Çünki Qərbdə bu sayaq hallara daha soyuqqanlı yanaşılır və rəqiblər bir qayda olaraq hücuma keçməyə, bununla bağlı mümkün ola biləcək ssenariləri xalqın nəzərinə çatdırmağa çalışırlar. Yuxarıdakı nümunələrdən də göründüyü kimi, bu məqamda daha çox medianın gücündən istifadə edir və məlumatları tanınmış media orqanları vasitəsilə ictimaiyyətə sızdırırlar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26