Interposta.Info

Azərbaycanın Rusiyaya köçürüləcək iki kəndi: Xraxoba və Uryanoba kimindir?

Ölkə
 11-01-2018, 00:02     10 405

Xəbər verdiyimiz kimi, Rusiyanın Dağıstan Muxtar Respublikasının rəhbərliyi Azərbaycanın iki kəndinin - Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin muxtar respublikaya köçürülməsi məqsədilə 2018-ci ildə 210 milyon rubl (6 milyon 279 min manat) ayıracaq.

Bu barədə Dağıstanın İqtisadiyyat və Ərazi İnkişafı Nazirliyindən bildiriblər. "2018-ci ildə Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin Azərbaycandan Dağıstan ərazisinə köçürülməsi məsələsinin tamamilə həll ediləcəyi gözlənilir. Bu məqsədlə 2018-ci ildə 210,5 milyon rubl məbləğində vəsait nəzərdə tutulub ki, bunun da 200 min rublu federal büdcədən ayrılacaq".

2017-ci ildə Xraxoba və Uryanoba kəndlərinin 370-dən çox sakini mənzil almaq üçün birdəfəlik ödənişlər vasitəsilə köçmək istəyini bildiriblər. Siyahıda Xraxoba kəndinin 366 (135 ailə) və Uryanoba kəndinin isə 11 sakini (3 ailə) yer alıb.

Qaynarinfo xəbər verir ki, Xraxoba və Uryanoba kəndləri 1954-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarıyla müvəqqəti olaraq Dağıstanın nəzarətinə verilib. 1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Kabineti icarə müddətini 2004-cü ilə qədər uzadıb. 6 il ərzində həllini tapmayan bu məsələ 2010-cu ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Dmitri Medvedyev arasında keçirilən görüşdə çözülüb və adıçəkilən kəndlər Azərbaycanın ərazisi kimi qəbul edilib.

Azərbaycanın rəsmi mövqeyi belədir ki, kəndlərdə Rusiya vətəndaşları yaşasa da, ərazi Azərbaycana məxsusdu. Sadəcə, iki dəfə otlaq sahəsi kimi Dağıstana icarəyə verilib.

Xraxoba kəndi yaşıllıqlar içərisindədir. Yalnız bu kəndə yaxınlaşanda buranın yaşayış yeri olduğunu görmək olur. Geniş taxıl zəmiləri və otlaqların əhatəsində olan bu kəndlərdə torpaq bölgüsü aparılmayıb. Burda hamı bir yerdə əkib-becərir. Azərbaycan ərazisi olsa da, bu kəndlərin sakinləri Rusiya pasportu daşıyır. Kəndələrin sakinlərinin çoxu müəyyən vaxtlarda Dağıstana köçüb.

Onu da qeyd edək ki, hər iki kənd Xaçmaz rayonunun ərazisidir.

Milli Məclisinin 2013-cü il noyabrın 22-də keçirilən iclasında Xraxoba kəndinin adı dəyişdirilərək Palıdlı edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26