Adı bakılı olan milyarder - Vahid Ələkbərova “bizimki” demək olarmı?
2013-cü il prezident seçkiləri ərəfəsində V.Ələkbərov Rusiyada yaradılan və bilavasitə Azərbaycan hakimiyyətinə qarşı olan “Milyarderlər İttifaqı”na üzv olmuşdu...
Elə azərbaycanlılar var ki, kənarda böyük uğurlara imza atıb, ad-san, var-dövlət toplamağa nail olsalar da, haradan olduqlarını sanki unudub özlərini sırf getdikləri ölkələrə həsr edirlər. Belələrindən biri də Vahid Ələkbərovdur desək, yəqin ki, səhv etmiş olmarıq. “Forbes” jurnalının siyahısında Rusiyanın 6-cı varlı şəxsi, tək Rusiyanın deyil, dünyanın ən iri neft şirkətlərindən biri olan “LUKoyl”un yaradıcısı Vahid Ələkbərov.
Vahid Ələkbərov kimdir?
1950-ci ildə Bakının o vaxtkı Razin, indiki Bakıxanov qəsəbəsində anadan olan V.Ələkbərovun atası Yusif Ələkbərov azərbaycanlı, anası Tatyana Fyodrovna isə rus kazaklarından idi. Atasını vaxtsız itirdiyinə görə onun tərbiyəsi ilə anası məşğul olub. Beş uşaqdan sonbeşiyi olan Vahidin özünün dediyinə görə, maddi çətinlik çəkən ailəsinə yardım etmək üçün balıq tutub satdığı günlər çox olub. Elə bu maddi sıxıntılara görə də evdə ali təhsili yalnız o ala bilib.
O vaxtkı Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) təhsil aldığı vaxt “Kaspromneft” müəssisəsində operator kimi başlayıb. İnstitutu bitirənədək artıq sex müdirinin müavini vəzifəsinə yüksəlməyi bacarıb. 80-ci illərin əvvəllərində partiya tapşırığı ilə Qərbi Sibirin neft mədənlərinə göndərilib. Burada “Surqutneft”, “Fedorovckneft” kimi iri neft şirkətlərində rəhbər vəzifələrdə işləyib. 1984-cü ildə V.Ələkbərov “Koqalımneftqaz”ın baş direktoru təyinatına nail olub. Deyilənə görə, buna qədər o, təyinatda sözü keçə bilən çoxsaylı insanlarla dostluq əlaqələri yaratmağa müvəffəq olubmuş. Direktor olduqdan sonra yatağın işlənməsinə səxavətlə ayrılan dövlət vəsaitlərindən bacarıqla istifadə edən V.Ələkbərov 1990-cı ildə SSRİ neft-qaz sənayesi nazirinin müavini təyin olunur.
1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə “Lanqepasneftqaz”, “Urayneftqaz” və “Koqalımneftqaz” (sonradan bu üç zavodun baş hərfləri “LUKoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb.
1993-cü ildən indiyədək “LUKoyl” şirkətinə prezidentlik edir. Şirkətin 23 faiz səhminin sahibidir. 2016-cı ildə bu səhmlər üzrə divident olaraq 590 milyon dollar gəlir əldə edib. Hazırda “LUKoyl”un Belarus, Azərbaycan, Ukrayna, ABŞ və Bolqarıstanda nümayəndəlikləri fəaliyyət göstərir. Deyilənə görə, V.Ələkbərov keçmiş hərbçiləri işə götürməyə daha həvəslidir - əmrlərə sözsüz tabe olduqları üçün. Elə buna görə də “LUKoyl”un işçilərinin yarıdan çoxu keçmiş hərbçilərdən ibarətdir.
V.Ələkbərov metal sikkələrin böyük kolleksioneridir. Özünün 700 sikkədən ibarət kolleksiyasını nümayiş etdirmək üçün Moskvanın Afanasyevski döngəsində Beynəlxalq Numizmatika Muzeyini yaradıb. Burada onun əldə edə bildiyi 700-dən yuxarı sikkə nümayiş olunur. Kolleksiya Qədim Yunanıstan, Roma imperiyası, Çar Rusiyası və sovet dövrünə məxsus metal pullardan ibarətdir. Onların arasında ən bahalısı 1844-cü ilə aid 12 manatlıq metal puldur - V.Ələkbərov onu 2013-cü ildə Maison Palombo auksionunda 380 min İsveçrə frankı və ya 410 min avroya əldə edib.
Bundan əlavə, o, hələ Bakıda yaşadığı dövrlərdən poçt markalarını toplayır.
2007-ci ildə Rusiyada sosial sahibkarlığın inkişafına dəstək verən “Regional Sosial Proqramlar Fondu”nu yaradıb.
2016-cı ilin fevralında “Galactica” adlı yaxtasını 19,5 milyon avroya sataraq, 70 metrlik “Galactica Super Nova” adlı yenisinə “köçüb”. Həmin ilin sentyabrında Ələkbərovun bu yeni “oyuncağı” ilin ən yaxşı yeni yaxtası və interyerin ən yaxşı dizaynı nominasiyalarında qalib elan edilib.
Ələkbərovun başı üzərində qara buludlar dolaşır
Son illərdə Ələkbərovla Rusiya hakimiyyəti, daha doğrusu, prezident Vladimir Putin arasında soyuq küləklər əsməyə başlayıb. Bəzi mənbələr bunu V.Ələkbərovun hədsiz varlanması ilə bağlayırlar. Belə ki, Rusiya dövləti Qərbin sanksiyaları altında inləyib, valyuta ehtiyatlarını əritdiyi 2016-cı ildə “LUKoil” prezidenti var-dövlətini 14,5 milyard dollara qədər artırmağı bacarıb. Onun bu bacarığı isə Rusiyada dövlətləşməyə üstünlük verən Putinin heç də ürəyincə olmayıb.
Digər versiyaya görə, V.Ələkbərov böyük həcmdə vəsaitlərini gizli yollarla Rusiyadan çıxarıb. Bu isə ölkə rəhbərliyini qəzəbləndirib. Bu səbəbdən də “Başneft”in 50,1 faiz səhminin “LUKoil” tərəfindən alınmasına imkan verilməyib. Ötən il bu paketi dövlətə məxsus “Rosneft”ə satdılar.
Rusiya mətbuatının yaydığı məlumatlara görə, V.Ələkbərovun ofisində V.Putinin fotoşəkili rəngli deyil, ağ-qaradır. Guya bu, Putinlə Ələkbərov arasındakı soyuq münasibətlərdən xəbər verir.
Bir neçə gün əvvəl isə məlum oldu ki, Rusiya Baş Prokurorluğu Mərkəzi Bank tərəfindən müvəqqəti idarəçilik tətbiq olunan “Otkrıtie” bankının səhmdarları Leonid Fedun, Vahid Ələkbərov və Aleksandr Belyayevlə bağlı irimiqyaslı yoxlamalara başlayıb.
Baş prokurorluq onları bir tərəfdən bankın müflisləşməsinə gətirib çıxaran, digər tərəfdən dələduzluq yolu ilə mənfəət əldə etməyə imkan verən hərəkətlərdə şübhəli hesab edir (virtualaz.org).
Hüquq-mühafizə orqanlarında belə qənaətə gəliblər ki, “LUKoil” prezidenti Vahid Ələkbərov və onun biznes ortaqları Arxangelsk vilayətində almaz hasilatı ilə məşğul olan “Arxangelsk geoloji hasilat” (“Arxanqelskgeoldobıça”) şirkətinin səhmlərini banka bazar dəyərindən dəfələrlə baha sırıyıblar. Belə ki, səhmlərin bazar dəyəri 300-350 milyon dollar olduğu halda bank onu 1.5 milyard dollara alıb. Əldə olunan fərq isə bankın səhmdarları-Aleksandr Belyayev, Leonid Fedun və Vahid Ələkbərov arasında bölünüb.
Xəbər verildiyi kimi, “Otkrıtie” bankında 5 milyard dollara yaxın kapital yetərsizliyi aşkarlanıb, nəticədə Mərkəzi Bank avqustdan bankda müvəqqəti idarəçilik tətbiq edərək səhmdarların qarşısında həmin pulu tapıb yerinə qoymaq tələbi qoyub. Lakin bankın təsisçisi Vadim Belyayev Rusiyanı tərk edib və geri qayıtmaq niyyətində deyil.
Rusiyada bank sektorunun konsolidasiyası Fondunun nizamnaməsinə əsasən kredit təşkilatlarının sağlamlaşdırılması tədbirlərində onun sahibləri birbaşa iştirak etməlidir. “Otkrıtiye” bankı eyniadlı holdinqə məxsusdur. Holdinqin təsisçiləri isə Vadim Belyayev (28,6 faiz), Vahid Ələkbərov və Leonid Fedun (19,9 faiz), VTB(10 faiz), İST Qrupu (9,8 faiz), Ruben Aqanbekyan (8 faiz), “Lukoyl Qarant” (7,1 faiz) və Aleksandr Mamutdur (6,7 faiz).
Rusiya Mərkəzi Bankında holdinq daxilindəki bəzi maliyyə sxemləri şübhəli gəldiyi üçün Baş Prokurorluqdan bankın aktivlərin çəkilməsi xarakteri daşıyan bəzi alqı-satqılarının yoxlanmasını istəyib. Bu barədə dekabrın 1-də Mərkəzi Bankın sədr müavini Vasili Pozdışev məlumat açıqlayıb. Bloombergə müsahibəsində o deyib: “Biz menecmentin məlumatlı olması şəraitində açıq şəkildə bankın zərərinə olan şərtlərlə bağlanmış müqavilələri mübahisələndirəcəyik”. Pozdışev həmçinin bildirib ki, bankdan oğurlanan vəsaitlərin məbləği 5 milyard rubla yaxındır.
Avqustdan dekabradək Mərkəzi Bank “Otkrıtiye”nin 31 milyard rublluq aktivini və 15 milyard rubl vəsaitini bərpa edə bilib. Daha 79 milyard rubl dəyərində aktivlər isə hazırda qiymətləndirmə və rəsmiləşmə mərhələsindədir.
Onu da qeyd edək ki, “Otkrıtiye” bankı Rusiyada sistem əhəmiyyətli bank hesab olunur. Ölkə banklarının ilk onluğuna daxildir. Onun çökməsi bütün Rusiya maliyyə sistemində dərin böhrana səbəb ola bilər. Buna görə də Rusiya Mərkəzi Bankı bu ilin avqustundan onu idarəçiliyə götürüb. Bu zaman bankın səhmlərinin 75 faizi Mərkəzi Banka keçir, 25 faizi isə səhmdarların nəzarətində qalır. Əgər bankın maliyyə əməliyyatlarında səhmdarların hər hansı maxinasiyası üzə çıxarsa, onda 25 faiz də onlardan alınacaq.
Bakılı neft maqnatının Azərbaycanla əlaqələri
Vahid Ələkbərov Azərbaycanla əlaqələrini də neft üzərindən qurub. “Əsrin müqaviləsi” imzalananda Rusiyanın o vaxtkı prezidenti Boris Yeltsinlə isti münasibətlərindən istifadə edərək ölkənin müqavilədəki tək təmsilçisi olmağı bacardı. Burada əldə etdiyi 10 faizlik payını isə 2003-cü ildə İNPEX-ə nə az, nə çox - düz, 1 milyard 354 milyon dollara satmağa nail oldu.
Bundan əlavə, “LUKoil” “Şahdəniz” yatağının işlənməsi layihəsində də 10 faizlik paya malikdir. Şirkət Azərbaycanda çoxsaylı yanacaqdoldurma məntəqələrinə, həmçinin “Nikoil” banka da sahibdir.
Son məlumatlara görə, Ələkbərov “AccessBank”ı da alaraq “Nikoil”ə birləşdirmək niyyətindədir.
Maraqlıdır ki, 2013-cü il prezident seçkiləri ərəfəsində V.Ələkbərov Rusiyada yaradılan və bilavasitə Azərbaycan hakimiyyətinə qarşı olan “Milyarderlər İttifaqı”na üzv olmuşdu. Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi layihəsi sayılan bu ittifaqa üzv olmaqla V.Ələkbərovun doğulub-böyüdüyü ölkədə siyasi proseslərin iştirakçısı olmağa çalışması diqqəti cəlb edir.
Onu da qeyd edək ki, hazırda cənab Ələkbərovun Azərbaycanla əlaqələri sırf biznes xarakterlidir. Onun ölkəmizdə hansısa xeyriyyə, yaxud humanitar bir layihə həyata keçirməsi faktı qeydə alınmayıb. Elə Rusiyada yaşayan soydaşlarımıza da hansısa xeyrinin dəydiyini söyləmək mümkün deyil. Necə deyərlər, Rusiyaya gedərək hansısa çətinliyə düşən azərbaycanlının ağlına belə gəlməz ki, Vahid Ələkbərova üz tutsun. Buna görə də bu “bakılı balası”nın, elə yalnız adı bakılıdır. “Dadını” isə daha çox Rusiya və ruslar görür.../musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26