Interposta.Info

Sabiq polis əməkdaşının film kimi oğurluq planı: sərhəddi keçib, işlədiyi bankda gizlənib...

Ölkə
 20-12-2017, 07:24     10 520

İşlədiyi bankdan oğurluq etməkdə ittiham edilərək 8 il azadlıqdan məhrum şəxsin şikayəti təmin edilməyib.

Sabiq polis əməkdaşı oğurluq üçün qurduğu planla hər kəsi təəccübləndirə bilmişdi. O, hər kəs evə gedən zaman ofisdə gizlənərək oğurluq planını həyata keçirmək istəmişdi...

Musavat.com xəbər verir ki, Əliyev Hikmət Əbülfət oğlu Cinayət Məcəlləsinin 29, 177.3.2 (külli miqdarda oğurluğa cəhd), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozma) maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Onun əməlləri...

Hikmət Əliyev bu cəzadan narazı qalaraq apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Hikmət Əliyev Masallı rayonu, Təklə kəndində anadan olub. Evli, orta təhsilli, “Kapital Bank” ASC-nin Abşeron filialında sürücü-inkassator işləyib. O, əvvəllər məhkum olunmayıb.

İttihama görə H.Əliyev Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddini, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçib, özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə binaya qanunsuz daxil olmaqla oğurluq etməyə cəhd edib. Lakin iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilməyib və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib.

Hadisə 2015-ci ilin 3 iyulunda baş verib. H.Əliyev hadisədən 2 gün əvvəl gecə saat 1 radələrində dövlət sərhəddini, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunda yerləşən sahəsindən qanunsuz olaraq İrandan Azərbaycana keçib.

Film kimi oğurluq planı…

Oradan Abşeron rayonu, Xırdalan şəhərinə gəlib. İttihamda yazılır ki, H.Əliyev özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə, yəni “Kapital Bank” ASC-yə məxsus 30 min manat miqdarında pulu oğurlamaq niyyəti ilə bankın Xırdalan şəhərində yerləşən filialının inzibati binasının arxa qapısını özündə olan açarla açaraq, binaya qanunsuz olaraq daxil olub, ikinci mərtəbədə olan istifadəsiz otaqda gizlənib.

Həmin filialda sürücü-inkassator vəzifəsində işlədiyindən tanınmamaq üçün özü ilə gətirdiyi parçadan tikilmiş qara rəngli süni taxma saçdan istifadə edib və xarici görünüşünü qismən dəyişdirib.

H.Əliyev bankda işləyən əməkdaşların iş vaxtı bitdikdən sonra getdiklərindən binada heç kimin olmadığını fikirləşib və saat 23 radələrində binanın 1-ci mərtəbəsinə düşərək oğurluq cinayətini törətməyə çalışıb. Bu zaman bankda mühafizəçi işləyən, hakimiyyət nümayəndəsi hesab edilən, Daxili İşlər Nazirliyinin Baş Mühafizə idarəsinin əməkdaşı, polis serjantı Şirəliyev Hamlet Bəyalı oğlu ilə rastlaşıb.

Polis serjantı üstündə gəzdirdiyi xidməti “Makarov” tipli tapançanı çıxararaq Hikmət Əliyevin üzərinə tuşlayıb təslim olmağı tələb edib. Amma Hikmət Əliyev polis əməkdaşının əlində olan tapançadan əli ilə tutub, istiqamətini dəyişməyə çalışıb. Bu zaman onların hər ikisi yerə yıxılıb və Hamlet Şıxəliyevin tutduğu tapançadan bir dəfə atəş açılıb və öz ayaq nahiyəsinə dəyib.

İttihamda qeyd edilir ki, H.Əliyev həmin vaxt digər polis əməkdaşlarının gəldiyini görüb, inzibati binanın arxa qapısından qaçıb və oğurluq əməlini başa çatdıra bilməyib.

H.Əliyev apellyasiya şikayətində ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.

O bildirib ki, müalicə məqsədilə İranın Ərdəbil şəhərinə gedib, həkim tapa bilmədiyindən geri qayıdıb və sərhədə çatdıqda pasportu itdiyindən qanunsuz olaraq sərhəddi keçib və Azərbaycana gəlib.

Onun sözlərinə görə bank başqa ünvana köçdüyündən binaya gizli yolla daxil olmağı planlaşdırıb. Binaya daxil olarkən niyyəti binada olan köhnə kompüterlərdən 3-4 ədədini gizli yolla götürmək olub. Amma kompüterləri götürə bilməyib.

H.Əliyevin müdafiəçisi apellyasiya şikayətini əsaslandırarkən bunları deyib:

“Cinayət işinin materiallarından və bankın nümayəndələrinin verdiyi ifadələrdən görünür ki, bankda həmin iş gününün sonuna pul vəsaiti qalmayıb. Məhkəmə iclasında ifadəsi alınan bankın baş xəzinədarı Şıxəliyev Şəfaət Həmdulla oğlu ifadəsində göstərdi ki, baş ofisdən 1 iyul 2015- ci il tarixdə bankın yeni binaya köçürüləcəyi bildirilib. Hikmət Əliyev 02 iyul 2015-ci il tarixdə müalicə olunmaq üçün məzuniyyətə buraxılıb. Bir gün sonra baş ofisdən banka nağd pul gətirilib və bankomatlara yerləşdirilib. Qalan pulları isə, bankomatlara inkassasiya ediblər. Həmin gün günorta saatlarında fəhlələr sənədləri baş ofisə aparıblar. Saat 18:00 radələrində kassa bağlanarkən bankda nağd pul olmayıb. Həmçinin məhkəmə cəza təyin edərkən Hikmət Əliyevin cinayəti qismən etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş səxslərin ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirsə də, barəsində ağır cəza təyin edilib. Hikmət Əliyev Əfqanıstan müharibəsinin veteranı olmaqla, eyni zamanda Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə vuruşub və müharibə veteranıdır. Uzun müddət polis orqanlarında xidmət edib”.

Prokuror vəsatətin əsassız olduğunu bildirib və təmin edilməməsini istəyib.

Məhkəmə tərəfləri dinlədikdən sonra qərarı elan edib.

Məhkəmənin fikrincə təqsirləndirilən H.Əliyevin məqsədi həqiqətən də ofisdən 3-4 köhnə, istifadə olunmuş kompüteri götürmək idisə, o, ilk növbədə belə bir oğurluğu planlaşdırmadan əvvəl, filial rəhbərliyindən həmin kompüterlərin ona verilməsini xahiş edə bilərdi.

“Lakin müəyyən olunur ki, o, belə xahişlə heç kimə müraciət etməyib. Digər tərəfdən məhkəmə kollegiyası belə hesab edir ki, bir neçə köhnə kompüterləri oğurlamaqdan ötrü tanınmamaq üçün oğurluğu bu cür peşəkarlıqla planlaşdırılması inandırıcı görünmür. Buna görə də, məhkəmə əməlin düzgün tövsif edilməməsi hissəsində apellyasiya şikayəti ilə razılaşmır və cinayət əməlinin tövsifi barədə ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə isə məhkəmə kollegiyası qeyd edir ki, cəzanı yüngülləşdirən halların və cəzanı ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alan birinci instansiya məhkəməsi cinayətlərin məcmusu qaydasında təqsirləndirlən şəxsə ədalətli cəza təyin edib”- deyə məhkəmə qərarında qeyd edilir.

Yekun qərara əsasən məhkəmə apellyasiya şikayətini təmin etməyib və H.Əliyev barəsindəki hökm qüvvədə saxlanılıb.

Bildirək ki, hadisə zamanı H.Əliyev məzuniyyətdə olub. O, İrana müalicəyə gedəcəyini deyərək, ayrılıb. Məlumata görə, ölkə sərhəddini keçən H.Əliyevin məqsədi İranda olması görüntüsü yaratmaq və sərhəddən qanunsuz olaraq geri qayıtmaq olub. Plan bura qədər baş tutsa da, H.Əliyev ofisdə özünü ələ verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26