Interposta.Info

Ağdaşda bacısına görə tələbəni öldürən şəxs Qəbələ meşəsində tutulub - TƏFƏRRÜAT

Ölkə
 14-12-2017, 15:57     10 476

Ağdaşda rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında Ağdaş şəhərinin Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı əslən Ağdaş rayonundan olan və Bakıda yaşayan 2000-ci il təvəllüdlü Hacıyev Tərlan Fikrət oğlu həmyaşıdı, Ağdaş şəhər sakini Nəsibov Ətraf Nəsib oğlunu bıçaqlayıb. Ürək və kürək nahiyəsindən bıçaq xəsarətləri alan Ətraf Nəsibov hadisə yerində dünyasını dəyişib.

Qətli törədən Tərlan Hacıyev hadisə yerindən qaçaraq Qəbələ rayonunda yaşayan qohumunun evində, sonra isə meşə ərazisində gizlənsə də, günorta saatlarında Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Rayon sakinlərinin APA-nın yerli bürosuna verdiyi məlumata görə Ağdaş Dövlət Humanitar Kollecinin 2-ci kurs tələbəsi olan Ətraf Nəsibovun namus üstündə qətlə yetirildiyi bildirilir. Belə ki, Ətraf Nəsibov Tərlan Hacıyevin Ağdaşda orta məktəbin 10-cu sinfində oxuyan və dayısının evində yaşayan bacısı ilə görüşüb. Sonradan qız barəsində xoşagəlməz fikirlər söyləyən Ətraf Nəsibovun bu hərəkəti Tərlan Hacıyevin xoşuna gəlməyib. Tərlan Hacıyev bacısına görə Bakıdan Ağdaşa gələrək Ətraf Nəsibovu amansızlıqla qətlə yetirib. Qətli törədən Tərlan Hacıyevin valideynləri hazırda Türkiyədədir.

Qeyd edək ki, hadisə Ağdaş Dövlət Humanitar Kollecinin ərazisindən kənarda, dərslərarası fasilə vaxtı baş verib. Ətraf Nəsibov təhsil ocağını özbaşına tərk edərək poçtun yanına gedib və məlum hadisə bu zaman qeydə alınıb.

Kollecdən APA-nın yerli bürosuna bildirilib ki, Ətraf Nəsibov dərslərini yaxşı oxuyan, sakit təbiətli insan olub, tələbə gənclər təşkilatının üzvü kimi təhsil ocağının tədbirlərində fəal iştirak edirmiş.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfində cinayət işi açılıb, araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26