2018-ci ildə hansı nazirliklər birləşdiriləcək? (AÇIQLAMA)
"2018-ci ildə də bir sıra komitə və nazirliklər birləşdiriləcək".
"XeberBiz" xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, realizasiyasına 2017-ci ildə başlanılan Strateji Yol Xəritəsi əsasında ölkədə struktur islahatları davam edəcək:
"Son vaxtlar kadr dəyişikliklərinin sürətləndiyi müşahidə edilir. Sadəcə, bu prosesin birdən-birə aparılması doğru olmazdı. Cənab Prezident struktur islahatlarını elə həyata keçirir ki, cəmiyyətdə müəyyən problemlər yaranmasın. Çox güman ki, ölkə başçısı yaxın zamanlarda Təhsil Nazirliyinə də təcrübəli bir insanı təyin edəcək. Əsas prinsipial məsələ bu prosesin başlanılması idi. 2018-ci ildə də bir sıra komitə və nazirliklər birləşdiriləcək. Çünki bu, Strateji Yol Xəritəsində öz əksini tapıb”.
Struktur islahatlarınin konkret hansı nazirlik və dövlət qurumlarını əhatə edəcəyinə gəlincə, millət vəkili hesab edir ki, konkret ad çəkmək hələ tezdir:
"Bu məsələləri Prezident İlham Əliyev həll edir və yalnız o, qərar verir. Ancaq əlbəttə, növbəti ildə ciddi struktur, institutisional və kadr islahatlarına hazır olmalıyıq. Ümumiyyətlə, özəlləşmə, vergi və maliyyə bazarları institutunda bir sıra dəyişikliklərin aparılması yönündə təkliflərimiz həddindən artıq çoxdur”.
Deputat atılan bütün addımların Azərbaycanın gələcək inkişafı olan qeyri-neft sektoru ilə ciddi surətdə əlaqələndirildiyini qeyd edib:
"2018-ci ildə bank sektorunda çox ciddi sağlamlaşdırma prosesinin aparılması və bu sektorda olan problemlərin aradan qaldırılması gözlənilir. Bu məsələ bu gün bizim üçün çox əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycanda elə sənaye sahələri var ki, onlar inkişaf etdirilməlidir. Bununla yanaşı, iri sənaye obyektləri və parklarının yaradılması da gözlənilir”.
YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkədə aparılacaq struktur islahatlarının birbaşa Prezidentin səlahiyyətində olduğunu bildirib.
"Bu haqda ümumiyyətlə nəsə söyləmək olmaz. Bu islahatlar birbaşa Prezidentin səlahiyyətindədir”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26