Interposta.Info

Generalın həbs olunan bacısı oğlundan etiraf - “…Məhbuslar qaça bilməzdilər”

Ölkə
 14-12-2017, 07:30     8 653

Bakıda 2 məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən, Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov vəkili ilə görüşüb.

"XeberBiz” xəbər verir ki, bu barədə Trend-ə Ceyhun Səmədovun vəkili məlumat verib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin səhhətində bəzi problemlər yaransa da, saxlanma şəraiti normaldır: “Səhhətində müəyyən problemlər var. Görüş zamanı onunla maraqlandım. İstintaq hələ ki, davam edir”.

Vəkil qeyd edib ki, C.Səmədovun istintaq dövründə azadlığa buraxılması ilə bağlı müraciət olunmayıb: “Ceyhun Səmədov ağır cinayətdə ittiham olunur. Belə bir maddə ilə onun istintaq dövründə azadlığa buraxılacağına inanmıram. Ona görə də, istintaqın gedişatını gözləyirik. Onun günahının olub-olmaması istintaqın sonunda məlum olacaq”.

Vəkil qeyd edib ki, C.Səmədov özünü ittihamlarla qismən təqsirli bilir: “Özü etiraf edir ki, səhlənkarlıq edib. Əgər səhlənkarlıq etməsəydi, məhbuslar qaça bilməzdilər”.

Qeyd edək ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda qeyd olunub ki, bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal Əməliyyat Qərargahı yaradılaraq həbsdən qaçmış şəxslərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə axtarışı və yaxalanması üzrə bütün zəruri tədbirlər görülür. Hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilmiş, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.
Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılmış, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla müəyyən edilib ki, qarovul heyəti tərəfindən həbs edilmiş şəxslərin etapı zamanı E.Məmmədov və Ə.Ağamiyə münasibətdə “Həbs edilmiş şəxslərin müşayiət edilməsinə dair Qaydalar”ın tələblərinə riayət olunmayıb və bu da fövqəladə hadisə – təqsirləndirilən şəxslərin həbsdən qaçmağı ilə nəticələnib.

Bununla əlaqədar qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26