Interposta.Info

Təhsil eksperti: “Çıxış yolunu nəyisə ləğv edib, nəyisə bərpa etməkdə görmürəm”

Ölkə
 29-11-2017, 11:38     10 324

Test üsulu ləğv olunsa rüşvətdən imtahan sistemini qorumağı mümkün olacaq?

“Cəmiyyət üzvlərinin təhsilimizin mövcud problemlərinə həssaslığının və bu sahədə fəallığının göstəricisi kimi qəbul etmək və dəyərləndirmək lazımdır”.

"XeverBiz" xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Nadir İsrafilov millət vəkili Fazil Mustafanın test üsulunun tamamilə ləğv olunması təklifini Pia.az-a şərh edərkən deyib.

Azərbaycanda test üsulunun ləğvi barədə bir neçə dəfə müzakirələr aparılıb. Zaman-zaman müxtəlif formalarda məsələ gündəmə gətirilsə də, rəsmi təsdiqini tapmırdı. Amma bir neçə ay əvvəl Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 26 ildir tətbiq edilən ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə keçirilməsini iki il sonra ləğv ediləcəyini bildirdi.

Bu gün isə millət vəkili Fazil Mustafa da test üsulunun tamailə ləğv olunması təklifi ilə çıxış edib. Millət vəkili qeyd edib ki, test üsulu predmet haqqında geniş dünyagörüşünə sahib insan yetişdirmir, istər-istəməz, əzbərçilik çərçivəsinin içinə yönləndirir. Cavabları variantların birində göstərilən test forması savadlı insan yetişdirə bilməz. Savad yalnız konkret sahəyə aid biliklərə yiyələnmək deyil, həm də fikrin ifadəsidir, dolğun yazılı təsviridir, ümumi elmi dünyagörüşüdür. Ona görə də ən yüksək balla daxil olmuş insanların əksəriyyəti normal esse yaza bilmir, mütailə vərdişinə sahib deyil və nəticədə də tam yetkin mütəxəssis kimi yetişməkdə çətinlik çəkir. Fazil Mustafa öz fikirlərini test üsulunun əzbərçilikdən yaranan savadsızlığın artması ilə əlaqələndirib.

Test imtahanında uğurla çıxan və sosial durumundan asılı olmayaraq istənilən şəxs ölkədə ən yüksək təhsil verən ali məktəblərə qəbul ola bilirdi. Bu üsuldan imtina edilməsindən sonra ali məktəblərə qəbulda rüşvət üsulunun vüsət alacağı haqda ictimaiyyətdə narahatlıqlar var.

Azərbaycanda test üsulunu tamamilə əvəz edəcək yeni imtahan yaratmaq və bu zaman korrupsiya, rüşvətdən imtahan sistemini qorumağı mümkün hesab etmək olar?


Nadir İsrafilov: “2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli üzərində səylərimiz ümumiləşdirilməlidir”.

Təhsildə hər hansı bir yenilik və dəyişiklik qaçılmaz olduğun vurğulayan təhsil üzrə ekspert Nadir İsrafilov əlavə edib ki, bütün hallarda əsas məqsəd gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdir:

“Nə az, nə çox tam 4/1 əsr ərzində ölkəmizin təhsil sistemində vahid və əvəzsiz qiymətləndirmə meyarı kimi tətbiq olunan və böyük əksəriyyət tərəfindən hədsiz sevinc və rəğbətlə qarşılanan test üsulu son illərdə heç də birmənalı qəbul edilməyərək geniş polemika və mübahisə obyektinə çevrilib. Bu da təbiidir.

Zamanın dəyişməsi, tələblərin yeniləşməsi ictimai rəyin formalaşmasına da təsirsiz ötüşmür. Bu mənada məsələyə istənilən subyektiv və ya obyektiv münasibəti nəticə olaraq cəmiyyət üzvlərinin təhsilimizin mövcud problemlərinə həssaslığının və bu sahədə fəallığının göstəricisi kimi qəbul etmək və dəyərləndirmək lazımdır. Ümumiyyətlə götürdükdə testlə bağlı mülahizələri qruplaşdırmalı olsaq tərəfdarlarla əleyhdarlar arasında əsasən iki fərqli münasibətin mövcudluğunun şahidi olururuq: “Test əzbərçiliyə və şablonçulğa şərait yaradır” və “test şəffaflığı təmin edir, insan faktorundan asılılığı minimuma endirir, təhsildə rüşvət və korrupsiyanın qarşısını alır.”

Mən dəfələrlə demişəm ki, biz testdə həddən artıq ifratçılığa yol veririk. Bu qədərinə ehtiyac yoxdur. Ifrat radikallığı da qəbul etmirəm və çıxış yolunu nəyisə ləğv edib, nəyisə bərpa etməkdə görmürəm. Bəli, təhsil təkcə hansısa konkret faktiki bilik məcmusundan ibarət olmadığından test üsulu obyektiv qiymətləndirmədə yetərli vasitə hesab edilə bilməz. Lakin bu heç də o anlama gəlmir ki, testdən tamamilə və birdəfəlik imtina edilməlidir.

Nadir İsrafilov: “Test üsulu son illərdə heç də birmənalı qəbul edilməyərək geniş polemika və mübahisə obyektinə çevrilib”.

Əlbəttə imtahan forma və məzmunca yeniləşməli, test isə təkmilləşdirilməli və daha da mükəməlləşdirilməlidir. Məntiqlə yanaşı yazı vərdişləri və nitq qabiliyyəti də inkişaf etdirilməlidir. Elə fənnlər var ki, spesifikliyi ilə əlaqədar imtahanlar şifahi, elə fənlər var ki, yazılı, eləsi də var ki, testlə keçirilməlidir. Məsələn postsovet məkanının inkişaf etmiş ölkələrindən olan Estoniyada imtahan üç mərhələdə - yazılı, şifahi və testlə həyata keçirilir. Dünyada qəbul edilmiş SAT, İELTS imtahanları var və s.

Yox, əgər ali təhsili hamı üçün əlçatan etmək istəyiriksə, adambaşına düşən ali təhsillilərin sayınına görə dünyanın aparıcı dövlətləri ilə rəqabət aparmaq məqsədini hədəfləmişiksə onda dünyanın bir sıra ölkələrində olduğu kimi imtahansız qəbul və ya attestat qiymətləri əsasında qəbul variantını da nəzərdən keçirmək olar, baxmayaraq ki, mən bunu o qədər də təqdir etmirəm.

Hesab edirəm ki, bütün hallarda əsas məqsəd gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdir. Bu mənada hələ ki, 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli üzərində səylərimizi cəmləşdirməli və ümumiləşdirməli, müəyyən hazırlıq işlərindən sonra tədricən buraxılış və qəbul imtahanlarının birləşdirilməsi əsasında təkpilləli vahid imtahan sisteminə keçməliyik. Təhsildə hər hansı bir yenilik və dəyişiklik qaçılmazdır. Bununla belə Nazir Mikayıl Cabbarovun təbirincə desək “Mən bir daha təkrar edirəm: təhsildə sıçrayış olmur.”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26