Interposta.Info

Test üsulu ləğv edilir? –

Gündəm
 24-08-2017, 14:56     9 398

“Test üsulu ləğv ediləcək” ifadəsi ümumilikdə yanlışdır. Söhbət test üsulunun ləğvindən yox, fərqli formatlarından istifadədən gedir.

interposta.info
xəbər verir ki, bu sözləri Axar.az-a Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qəbul imtahanlarında yeni modelə keçiləcəyi ilə bağlı açıqlamasını şərh edən təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, 26 ildir tətbiq edilən ənənəvi test üsulu artıq effektini itirib:

“Apardığımız müşahidələr göstərir ki, test imtahanı ilə aparılan qəbul imtahanları istənilən nəticəni vermir. Bu şagirdlərdə digər bacarıqların - nitq qabiliyyətinin, problemli situasiyalarda çıxış etmək bacarığının formalaşmasına mane olur. Ənənəvi test tapşırıqlarının yığışdırılmasına doğrudan da ehtiyac var. DİM-in rəhbəri Məleykə Abbaszadə son müsahibəsində qapalı test modellərinin ləğv olunacağını nəzərdə tutub. Yəni cavab variantları öncədən təqdim edilən test modelləri yığışdırılacaq. Çünki 2009-cu ildən Azərbaycan orta ümumtəhsil məktəbləri kurikulum standartlarına keçib. Həmin sistem əsasında təhsil alan şagirdlərin bilik və bacarıqlarını yoxlamaq üçün ənənəvi test üsulundan istifadə etmək olmaz. Onların bilik və bacarıqlarının qiymətləndirilməsində yeni ölçmə vasitələrindən istifadə olunmalıdır. Təbii ki, bu, yenə də test üsulu ilə olacaq. Ancaq artıq cavab variantları olmayan test üsulunun tətbiqinə başlanılacaq. Çünki testin kifayət qədər fərqli üsulları var. Bunlar açıq test modelləri, fərqləndirmə test modelləri və sairdir. Bununla yanaşı şagirdlərdə esse, inşa yazmaq bacarığı da inkişaf etdirilməlidir. DİM-in test kitabçalarında da artıq yeni nümunələr yerləşdirilir. Digər mərhələlərin də əlavə olunması gözlənilir. Test üsulunun digər vasitələrindən istifadə şagirdlərdə yeni bilik və bacarıqların formalaşmasına kömək edəcək”.

Ekspert birdən-birə yeni üsulların tətbiq edilməsinin təhsilimizdə ciddi fəsadlar yaradacağını da qeyd edib:

“Çünki 2017-ci ildə IX siniflər üçün keçirilən 2 fənn üzrə buraxılış imtahanlarının nəticəsi pis vəziyyətdə idi. Ümumilikdə 60%-dən çox şagird hər iki fəndən “2” qiyməti almışdı. Bu onu göstərir ki, həmin şagirdlər yeni üsullara hazır deyil. Nəzərə almalıyıq ki, həmin şagirdlər hələ sadəcə 2 fənndən yoxlanılıb. Ancaq qəbulda fənlərin sayı çox olacağından həmin şagirdlərin nəticələrinin qənaətbəxş olacağını düşünmək olmaz. Çünki hələ də orta ümumtəhsil müəssisələrində nə müəllimlər, nə də şagirdlər tam şəkildə kurikulum standartlarına keçə bilib. Burada dərsliklər də problemdir. İmtahan suallarında hansı dərsliklərdən istifadə olunması, hansı istiqamətli sualların üstünlük təşkil edəcəyi müəyyənləşdirilməlidir. Burada diqqətə alınmalı digər məqam isə xüsusi qabiliyyət tələb edən ixtisaslarda təhsil almaq istəyən abituriyentlərin artıq həmin istiqamətdə təhsilə yararlı olduğunu təsdiq etməlidir. Fikrimcə, bu digər ixtisaslara da təsir edəcək. Yeniliklərdən əsası budur”.

Xatırladaq ki, DİM-in sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində iki ildən sonra buraxılış və qəbul imtahanlarında yeni modelə keçiləcəyini bildirib. M.Abbaszadənin bu sözləri test üsulunun ləğvi kimi şərh olunub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26