Interposta.Info

“Nazirlikdə işləyən gəlinim oğlumla birgə məni intihar həddinə çatdırıb” – 80 yaşlı qoca...

Ölkə
 14-10-2017, 07:33     10 617

Bakı şəhər sakini, 80 yaşlı Abuzər Qədimov bir müddət əvvəl evinin mənimsənilməsi ilə bağlı açıqlama vermişdi.

O, yenidən redaksiyamıza müraciət edib. Şikayətçi qeyd edib ki, 2012-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra inandığı üçün evini oğlunun adına keçirib:
“Oğlum Qədimov Aqşinlə gəlinim Əhmədova Ülviyyə mənim psixoloji, somatik və emosional halımdan, yaşlılığımdan, əlilliyimdən, fiziki, mənəvi və maddi cəhətdən onlardan asılılığımdan istifadə edərək ömrümün sonunadək mənimlə birgə yaşayacağını, mənə baxacaqlarını vəd verərək mülkiyyətimdə olan Yasamal rayonunda yerləşən 4 otaqlı mənzilimi onun adına keçirməyimi xahiş etdi. Mənim məqsədim mirasımı övladlarım arasında ədalətli bölmək idi. 80 yaşım var, gözdən II qrup əliləm, qulluğa ehtiyacım var, tək yaşaya bilmərəm. Bu səbəbdən oğluma inanaraq mənimlə birgə yaşamaq şərti ilə, oğlum ailə quranda ona aldığım və hal hazıradək orada yaşadığı Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 45, 43 saylı 2 otaqlı mənzilini qızıma bağışlaması qarşılığında 12.12.2012-ci ildə mənzilimi oğluma bağışladım”.

Şikayətçinin sözlərinə görə oğlu onun gözdən əlil olmasından istifadə edərək saxta sənədlər düzəldib:
“Kooperativin sədrinə guya mənim yaşlı olduğum üçün sənədləşmə işini ona tapşırdığımı və qızımı öz mənzilinə qeydiyyata saldığını bildirib və yaşayış yerindən saxta “Forma 2” adlı arayış alıb. Beləliklə, məni, qızımı, kooperativin sədrini, notarial kontoru aldadaraq, dələduzluq yolu ilə etibardan sui-istifadə edərək özgənin mənzilini mənimsəyib. Bu azmış kimi guya qızımın həmin mənzildə yaşamadığı haqda saxta akt tərtib edib”.

Şikayətçi bildirib ki, mənzilinin geri qaytarılmasını tələb edərkən oğlu tərəfindən döyülüb, təhqirlərə məruz qalıb:
“Məni nalayiq söyüşlərlə təhqir edib, əl qaldırıb bildirdi ki, “bu ev mənimdi, o biri də azyaşlı oğlumundu. Həyat yoldaşım da səninlə yaşaya bilməz, iyrənir, xasiyyətin ağırdır. Heç kimə ev vermək fikrim yoxdur. Məhkəməyə də versən sən ölənəcən bu işi illərlə uzadacam”.

Bu səbəbdən mən “bağışlama müqaviləsinin və çıxarışın ləğvinə dair” (14.10.13) iddia ərizəsi ilə məhkəməyə müraciət etdim. Bundan sonra oğlum mütəmadi olaraq mənə psixoloji təsir edir, həm evə gələndə, həm də telefon zəngləri ilə hədə-qorxu gəlir, deyir ki, “əgər məhkəmədən əl çəkməsən sənə baxmayacam, düşmənçilik edəcəm, anamın yanında səni basdırmağa qoymayacam, oğul çiynində getməyəksən.” Evimdən şəraitsizlik ucbatından çıxmam üçün oğlum mənzili tamamilə söküb, bərbad vəziyyətə salıb, çarpayıları, divanı və s. məişət avadanlıqlarını atıb. Baxımsızlıqdan yıxıldım, ayağım sındı. Buna görə əməliyyat olundum. Lakin 4 ay yataq xəstəsi qalan müddətdə bilə-bilə ki, ondan asılıyam bir dəfə də olsun gəlib mənə baş çəkmədi.

Hər məhkəmə prosesində oğlum Qədimov Aqşin Ədliyyə Nazirliyinin ümumi şöbəsində rəis müavini vəzifəsində çalışan həyat yoldaşı Əhmədova Ülviyyə Mahmud qızının adından istifadə edərək məhkəməyə təsir göstərib. Gəlinimin öz tələbə yoldaşı ilə müqavilə bağlayıb, onun əlilə məhkəmə prosesini süni surətdə yersiz vəsatətlərlə 2013-cü ildən 2 il müddətinə təxirə salıb ki, bəlkə ürəyim dözməyə tez öləm. Sonradan isə şübhələrdən yayındırmaq üçün ondan əlavə daha 3 vəkillə müqavilə bağlayıb.

İddiam təmin olunan məhkəmə proseslərindən sonra oğlum ev və mobil nömrələrimizə zəng edərək yaşlılığımdan istifadə edərək mənə psixoloji təsir edir, ərizəmi götürməyimi tələb edir, hədə-qorxu gəlir, düşmənçilik edəcəyini bildirir, yersiz ərizələrlə polis orqanlarına şikayət məktubu yazır, bölməyə çağırtdırmaqla qorxutmağa çalışır”.

80 yaşlı şikayətçi oğlunun hərəkətinə görə intihara da cəhd etdiyini açıqlayıb:
“5 sentyabr 2017-ci il tarixdə məni el-aləmə rüsvay edən oğulun əlindən bezdiyim üçün müxtəlif növ dərman preparatlarını külli miqdarda qəbul edərək intihara cəhd etdim. Qızım və kürəkənim bu əməldən xəbərdar olub, təcili məni xəstəxanaya çatdırıb, həkimlərin səyi nəticəsində həyatımı xilas etdilər. Mənim özümü öldürmək həddinə çatdırılmağıma səbəb oğlum Aqşin Qədimov və gəlinim Ülviyyə Əhmədovadır. Onlardan maddi və mənəvi asılılıq, eyni zamanda mütəmadi olaraq onlar tərəfindən şərəf və ləyaqətimin alçaldılması, haqsızlıq məni bu addımı atmağa vadar edib. Faktla bağlı Bakı şəhər Yasamal rayon Prokurorluğunda cinayət işi açılsa da, qonşular, qohumlar şahid qismində dindirildikdən sonra belə bu işdə heç bir cinayət tərkibinin olmaması haqda qərar verildi.

2013-cü ildən bu günədək 5 ildir ki, “bağışlama müqaviləsinin və çıxarışın ləğvinə dair” iddia ərizəsi üzrə 2 dəfə rayon, 7 dəfə Bakı Apellyasiya, 5 dəfə Ali Məhkəmədə cəmi 15 hakimin sədrliyi ilə keçirilən məhkəmə prosesləri davam etsə də heç bir nəticə yoxdur. Hər dəfə cavabdeh kassasiya şikayəti verərək, Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etdirir, yenidən baxışa göndərməklə bu işi yersiz vəsatətlərlə süni şəkildə uzadır”.

Abuzər Qədimov bir çox rəsmi orqanlara müraciət etdiyini, lakin bir nəticəsi olmadığını vurğulayıb:


“5 ildir ki, haqq öz yerin tapmır, oğlum tərəfindən mənə qarşı zülm bitmir. Artıq nə səhhətim, nə yaşım mübarizə aparmağa imkan vermir. Həyatımdan bezmişəm, yaşamaq istəmirəm”.

Şikayətçi mətbuat vasitəsi ilə aidiyyatı orqanlardan köməklik istəyib:
“Yaşlılığımı, xəstəliyimi, aldadıldığımı nəzərə alaraq, mənim işimə biganə yanaşmamanızı, bu işi nəzarətə götürərək yenidən baxılmasını, obyektiv qərar verilməsində köməklik göstərməyinizi xahiş edirəm”.

Qeyd: Qarşı tərəfin də rəyini dərc etməyə hazırıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26