Interposta.Info

3 aylıq Aylin və ailəsinin yaşadığı vaqon:

Ölkə
 5-09-2017, 18:09     11 144

Bakının Xətai rayonu, Maximov küçəsinin (“Naxçıvanski”nin yaxınlığı) sakinlərindən biri də 36 yaşlı Elmir Həsənov və ailəsidir. Əslində bu ailənin qeyd etdiyimiz ünvanın sakini olduğunu demək çətindir. Çünki onların bu məhəllədə yaşayan digər sakinlər kimi bir evi yoxdur. Ailənin sığınacaq yeri 4-5 kvadratmerlik köhnə bir vaqondur. Bu vaqon zamanında - azı 20-30 il əvvəl texniki təcili yardım məqsədi ilə istifadə edilib. İndi isə 3 aylıq Aylinin də yaşadığı ailənin yeganə sığınacağıdır.

Ailənin digər üzvü isə 6 yaşlı Aydındır. Haqqında danışdığımız ailə 6-7 ay əvvəl qeyd etdiyimiz ünvanda torpaq sahəsi alıb. Ailənin başçısı Elmir Həsənov həyat yoldaşı Lamiyə Səfərova ilə ailə həyatı qurduqdan sonra Bərdədən Bakıya gəliblər. Bir müddət kirayədə yaşadıqdan sonra hazırda vaqonun yerləşdiyi ərazini maklerlərdən birindən alıblar. Həmin makler ərazidə torpaq satışı ilə məşğul olurmuş. Elə ətrafda torpaq alıb, ev tikənlər də pulu məhz Əziz adlı maklerə veriblər. Amma Elmir Həsənovun digər qonşuları kimi bəxti gətirməyib. Elmir Həsənov Əziz adlı maklerə pul verdikdən bir müddət sonra o, həbs edilib. Maklerin həbsindən sonra isə Elmir pul verib aldığı torpaq sahəsində tikinti apara bilməyib.

Ailəyə baş çəkərkən Elmir Həsənov evdə olmadığından onunla telefon əlaqəsi saxladıq. Hazırda Bakıda mebel sexlərindən birində fəhlə olaraq işləyən E.Həsənov bildirdi ki, onlara tikinti üçün icazə verilməsə də ətrafda olan qonşulardan bu gün də inşaat işləri aparanlar var.

Elə biz də ərazidə olarkən tikinti işləri davam edən bir neçə fərdi yaşayış evlərini müşahidə etdik.

“2 saylı JEK-dən bir neçə dəfə gəlib dedilər ki, bu ərazidə tikinti aparmaq qadağandır. Mənə demirlər ki, sənə ev tikməyə icazə vermirik. Ümumiyyətlə bu ərazidə tikintinin qadağan olduğunu deyirlər. Bunu siz özünüz də görə bilərsiniz ki, ətrafda necə tikinti gedir. Kimdənsə xüsusi tələbimiz yoxdur. Hamı necə biz də elə. Deyirlər ki, tikinti aparanların icazəsi “yuxarı”dan alınıb” - deyən E.Həsənov vəziyyətdən çıxış yolunu Prezident Administrasiyasına müraciət etməkdə görüb.

Müraciət Elmir Həsənovun atası Aydın Həsənov tərəfindən yazılıb.

“JEK-dən bizə deyirdilər ki, guya bu torpağı zəbt etmişik. Halbuki, ətrafda olanlar necə, biz də elə pul verib almışdıq. Amma bizim bəxtimiz gətirmədi. Həmin pul da bir nəfərə çatmırdı. Ancaq elə oldu ki, həmin şəxs həbs edildi. Prezident Administrasiyasında müraciətimizə cavab olaraq qeyd edildi ki, Azərbaycan vətəndaşı olaraq bizim ölkənin istənilən yerində yaşamaq hüququmuz var” - Elmir Həsənov sözlərinə əlavə edib.

Elmir Həsənova yaşayış şəraitlərinin ağır olması ilə bağlı sual verməyi lüzum görmürük. Çünki “vaqon ev”ə baxarkən ailənin acınacaqlı vəziyyətini müşahidə etmək olur. Kiçik bir vaqon, balaca çarpayı, 3 aylıq Aylinin beşiyi...

Ailənin xanımı Lamiyə Səfərova şəraitlərini əli ilə vaqonu, baş üstünə düzülmüş butulkalardakı suyu, 3 aylıq Aylini yuyundurmaq üçün istifadə etdiyi divardan asılmış ləyəni göstərərək izah edir...

Vaqonda yaşayan ailəyə elektrik enerjisi və su qonşulardan çəkilib. Tualet və hamam problemi isə ailənin vəziyyətini daha da ağırlaşdırıb.

Elmir Həsənov vaqonun yanında ayaqyolu tikməyə də dava-dalaşla bacardıqlarını deyir: “Evi tikməyə icazə vermədilər. Heç olmasa dedim ki, bir ayaqyolu tikək. Birtəhər üstü açıq ayaqyolu tikə bildim. Vaqonu gətirdiyim üçün də mənə acıqlı idilər. İcazəsiz gətirdiyim üçün narazılıq etdilər. Artıq ailəmlə sığınacaq bir yerim, qapısına gedəcəyim qohum yox idi. Vaqonu da yaxınlıqda olan bir nəfərdən almışam. İstifadə edilmədiyini görüb mənə vermələrini xahiş etdim. Sağ olsun ki, bu vaqonu bizə verdilər. Heç olmasa yağışda başımızı sala biləcəyimiz bir daxma var. Prezident Administrasiyasına müraciət etdiyim üçün də narazı qalmışdılar. Hətta buna görə mənə irad da bildirdilər”.

Ailə artıq bir qış mövsümünü dəmir vaqonda keçirib. Amma görünən budur ki, bu qış onlar üçün daha da çətin olacaq. Çünki ailənin elə bu vaqonda dünyaya gələn 3 aylıq körpəsi - Aylin də var. 6 yaşlı Aydının da artıq məktəbə getmək yaşı yetişib...

interposta.info


3 aylıq Aylin və ailəsinin yaşadığı vaqon:
3 aylıq Aylin və ailəsinin yaşadığı vaqon:
3 aylıq Aylin və ailəsinin yaşadığı vaqon:
3 aylıq Aylin və ailəsinin yaşadığı vaqon:
3 aylıq Aylin və ailəsinin yaşadığı vaqon:
3 aylıq Aylin və ailəsinin yaşadığı vaqon:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26