Interposta.Info

Lapşin: "Azərbaycan torpaqları işğal olunub"

Ölkə
 30-06-2017, 19:02     721

Bakıda həbsdə olan blogger Aleksandr Lapşinin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Aleksandr Lapşin özünü təqsirli bilməyib. Daha sonra ona sərbəst ifadə verməsi üçün təklif edib. Lakin Aleksandr Lapşin suallara cavab vermək istədiyini söyləyib. O, iki dəfə Qarabağa getdiyini deyib. Qeyd edib ki, Qarabağa turist kimi iki dəfə səfər edib: “Orada çəkilən xərcləri özüm ödəmişəm. Sonradan bildim ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub.

Qarabağa gedəndə Azərbaycan tərəfə müraciət etməmişəm. İşğal olunmuş ərazilərdə olarkən adını yadımdan çıxardığım otellərdə qalmışam. Məni Qarabağda müşayiət edən qarasaçlı şəxs idi. Orada olarkən Ermənitan tərəfinin rəhbər şəxslərindən heç kəslə görüşməmişəm. Orada olan zaman internet vasitəsi ilə məqalələr yazmışam”.

Aleksandr Lapşin məqalələr yazdığını təsdiq edib: “Həmin videoları mən və digər şəxslər çəkib. Özümün çəkmədiklərim videolarda görüntülərdə varam. Mən yazılarımda Dağlıq Qarabağı coğrafi ərazi kimi göstərmişəm. Həmçinin bir çox ölkələrdə - Suriya, Əfqanıstan, Kosova, Qətər, Abxaziya, Osetiyada da olmuşam”.

Prosesdə şahid qismində Könül Hüseynova, Rəfael Əlixanov, Rasim Hacıyev, Mərhəmət Abdullazadə və Vaqif Hüseynov dindirilib. Onlar ifadələrində qeyd ediblər ki, Qarabağdan olan məcburi köçkünlərdir. Şahidlərin sözlərinə görə, Aleksandr Lapşini internet vasitəsi ilə tanıyıblar. Onlar məhkəmədən təqsirləndirilən şəxsə qanun çərçivəsində cəza verilməsini istəyiblər.

Növbəti proses iyulun 3-də davam edəcək.

İttihama görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Alenksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Alenksandr Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək, Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən Alenksandr Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülüb.

Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub.

Aleksandr Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də Alenksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26