Interposta.Info

Bəhruz Axundov vəfat etdi

Ölkə
 30-06-2017, 14:13     803

"Təhsil" nəşriyyatının baş direktoru, Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri Bəhruz Axundov vəfat edib.

APA-nın məlumatına görə, B. Axundov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Mərhum Bakıda dəfn olunacaq.

B. Axundov 1954-cü il yanvarın 2-də Ağdamda ziyalı ailəsində anadan olub.

1977-ci ildə ADU-nun (indi BDU) Jurnalistika fakültəsini bitirib. “Azərbaycan” nəşriyyatında müxtəlif vəzifələrdə (1981–1984) çalışıb, Azərbaycan Respublikası Maarif Nazirliyi mətbəəsinin direktoru (1985–1992) olub.

Onun rəhbərliyi ilə yüzlərlə adda dərslik və dərs vəsaiti, ictimai-siyasi, elmi-kütləvi, bədii-publisistik ədəbiyyatlar və akademik nəşrlər işıq üzü görüb.

Naşiri olduğu, 6 dildə nəşr edilən “Qarabağ real tarix, faktlar, sənədlər” kitabı 2005-ci ildə beynəlxalq “Kitab sənəti” müsabiqəsinin qalibi olub, 2012-ci ildə Azərbaycan Respublikasının “Dövlət mükafatı”na layiq görülüb.

Bəhruz Axundov 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, 2011-ci il­dən isə dosent vəzifəsində çalışıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26