lqar Məmmədovun arıqlamasının səbəbi bilindi

Natiq Cəfərli: “Onun ciddi şəkildə müalicə almasına ehtiyac var”
İyunun 17-də AŞ PA-nın həmməruzəçisi Stefan Şennak həbsxanada REAL Hərəkatının lideri İlqar Məmmədovla görüşüb. Görüşdən sonra sosial şəbəkələrdə onun həbsxana fotoları yayılıb. Fotolardan İlqar Məmmədov xeyli sınıxmış və sanki bir qədər qocalmış kimi görünüb. Ona görə də tərəfdarları onun səhhətindən narahatlıqlarını bildiriblər.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan xanımı Vəfa Məmmədova deyib ki, narahatçılığa heç bir əsas yoxdur: “İlqar bəyin səhhətində heç bir problem yoxdur. Arıqlamasının isə səbəbi özüdür. Çünki əvvəl çəkisi bir qədər çox idi. İndi isə hər gün saat 18:00-dan sonra yemək yemir, yüngül pəhriz saxlayır. Özünü arıqlatmaq istəyir. Şükürlər olsun ki, səhhətində heç bir problem yoxdur. Tez-tez gedib görürəm. Belindəki ağrılar da gedib. Əvvəl çəkisi 100 kiloqramdan artıq idi, indi isə istəyir ki, bir qədər normal çəkidə olsun. Tərəfdarlarına sizin vasitənizlə demək istəyirəm ki, narahat olmasınlar. İlqar çox yaxşıdır, sağlamdır və heç bir problemi də yoxdur”.
REAL hərəkatının icra katibi Natiq Cəfərli isə “Yeni Müsavat”a bildirdi ki, 2 ay öncəyə qədər İlqar Məmmədovun ciddi bel ağrıları olub: “Ombudsman Aparatının nümayəndələri də İlqar bəyi ziyarət etmişdilər. Artıq 1 aya yaxındır ki, ağrıları kəsib. Təbii ki, ağrılar onun ümumi səhhətinə də mənfi təsir göstərib. Məhz bu ağrılara görə də özü yeməyini azaltmışdı. İndi isə telefonla danışdığımız zaman bildirdi ki, axşam saat 6-dan sonra yemək yemir. Nəticədə o, azadlıqda olduğu müddətlə müqayisədə təxminən 15 kiloqrama yaxın çəki itirib. Deyir ki, 6-dan sonra yemək yedikdə özünü daha narahat hiss edir. Şükürlər olsun ki, sağlamlığı ilə bağlı ciddi problemləri yoxdur. Ancaq bel və onurğa ağrıları elə bir xəstəlik növüdür ki, bu, dərmanla müalicə olunmur. Yataq, yemək, ümumi yaşam rejimi normal olmalıdır ki, ağrılardan tamamilə qurtulmaq mümkün olsun. Hansılar ki, cəzaçəkmə müəssisəsində mümkün deyil. Düşünürük ki, bir müddət sonra həbsxana rejiminin fəsadları nəticəsində onun yenidən ağrıları arta bilər. Hələ ki ağrıkəsiçilər vasitəsilə onun ağrıları xeyli azalıb. İlqar Məmmədovun ciddi şəkildə müalicə almasına ehtiyac var”.
Onu da qeyd edək ki, indiyədək bir sıra ictimai şəxslərin məhbəs fotoları yayılıb. Dəmir barmaqlıqlar arasından ən çox fotosu yayılan şəxs sabiq səhiyyə naziri Əli İnsanovdur. Bundan başqa, AG Partiyanın lideri Tural Abbaslının müavini Əhəd Məmmədli ilə birlikdə, Müsavat Partiyasının başqanı Arif Hacılının, onun müavini Tofiq Yaqublunun, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun və digərlərinin həbsxana fotolarına rast gəlmək olur.
Tural Abbaslı “Yeni Müsavat”a bildirib ki, həbsxanada olduğu müddətdə 2 dəfə şəkil çəkdirə bilib: “Həbsxanada foto çəkdirmək qadağan idi. Ümumiyyətlə, deyərdim ki, bu qadağa lüzumsuzdur. Çünki 21-ci əsrdə insanların öz ailələri ilə görüşməsi, hətta görüş zamanı hansısa foto, videoların öz nəzarətləri altında belə çəkilməsinə şərait yaradılmır. Bu isə məncə, insan haqlarına ziddir. Çünki orada insan azadlıqdan məhrum olunur, məhbusların əzizlərinə foto və ya qısa videomüraciətlərin göndərilməsinə problem olmamalıdır. Eyni zamanda həbsxana daxilində də hansısa foto çəkdirmək olmaz. Mən 2 dəfə foto çəkdirmişəm. Bir şəkil cəzaçəkmə müəssisəsinə yazarlar gəlmişdilər, həmin zaman çəkilib. Onların Penitensiar Xidmətlə birlikdə layihələri vardı. Yəqin ki, həmin fotolar da bu məqsədlə çəkildi. İkinci fotomuzun isə qəribə tarixi var. Belə ki, mart ayı idi və əfv gözlənilirdi. Həmin günün səhəri rəis bizi çağırdı və dolayısı ilə mesaj verdi ki, bu gün əfv çıxa bilər və böyük ehtimalla sizin də adınız orada olacaq. Hətta buraxılış üçün lazım olan fotolar da çəkildi. Lakin sonra məlum oldu ki, əfvdə adımız yoxdur. Əfvdən xəbərsiz olduğumuz zaman rəisdən xahiş etdik icazə versin ki, ”zon"da foto çəkdirək. Əhəd Məmmədli, Sahib Kərimli, Vidadi İsgəndərli, Bəxtiyar Hacıyev, Məhəmməd Məcidli, Babək Hüseynov və mən birlikdə şəkil çəkdirdik. Şəkli o zaman bizə verməsələr də, çıxandan sonra aldıq".
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26