Interposta.Info

Bu gün İlqar Məmmədovun doğum günüdür

Ölkə
 14-06-2017, 10:23     505

“Aysel beşinci doğum günündə atasını yenə həbsdə görəcək”

İyunun 14-də REAL Hərəkatının həbsdəki sədri İlqar Məmmədovun 47 yaşı tamam olur. Artıq hərəkat rəhbəri beşinci doğum gününü həbsxanada qeyd edir. Onun həyat yoldaşı Vəfa Məmmədova hər il olduğu kimi, doğum gününün REAL-ın ofisində qeyd olunacağını bildirdi:
“Bu günü onsuz keçirmək bizim üçün çox ağırdır. Lakin çox da üzgün deyilik. Çünki bilirik ki, bu insan hansı amallar uğrunda mübarizə aparır. O öz prinsiplərinin, ideyalarının arxasındadır. Əgər özü bu yolu seçibsə, biz ona heç nə deyə bilmərik. Təbii ki, biz də onun ailəsinin yanında olmasını, ad gününü bizimlə birgə keçirməyini istərdik.

Amma inşallah, ümid edirik ki, gələn doğum gününü evində, ailəsi ilə birlikdə qeyd edəcək. İlqar həbs olunduğu ildən başlayaraq, onun hər doğum günü REAL-ın ofisində qeyd olunur. Biz də ailə olaraq, hər ad günündə yanına gedir, birlikdə qeyd edirik. Ayın 15-də qızım Aysellə yanına gedəcəyik, onu təbrik edəcəyik. Qızımın 14 yaşı var. Övlad olaraq atasını həbsdə görmək istəməzdi. Atasının doğum günündə onu həbsxanada təbrik etmək ona da çox ağırdır. Az müddət deyil, bu gün-sabah İlqarın həbsdə olmasının beş ili tamam olacaq. Aysel beşinci doğum günündə atasını yenə həbsdə görəcək. O da atasının nə üçün orada olduğunu yaxşı bilir. Deməzdim ki, atasını həbsxanada görəndən sonra çox üzülür. Qızım atası ilə həqiqətən fəxr edir. Atasının heç vaxt əyilməməsini istəyir. Aysel də son beş doğum gününü atasız qeyd edib”.

Müsahibimiz həyat yoldaşının həbsxanada olduğu illər ərzində onlara dəstək olan hər kəsə təşəkkür etməyi də unutmadı:
“Son beş ildə dostlar, yaxın insanlar daim yanımızda olublar. Sadəcə, dostlar deyil, İlqarı uzaqdan tanıyan, ona rəğbət bəsləyən insanlar da dəstək olublar. Belə insanların sayı da durmadan artır. İlqarı sevənlər azalmır, əksinə, onu tanıdıqca çoxalırlar. Onların hər birinə təşəkkür edirəm ki, indiyə qədər İlqarın yanındadırlar. Gənclər İlqarı daha çox dəstəkləyirlər. Onlara seçimlərindən dolayı minnətdarlığımı bildirirəm. Əminəm ki, bundan sonra da o insanlar bizim yanımızda olacaqlar”.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr zamanı həbs olunub, 7 il azadlıqdan məhrum edilib./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26