Interposta.Info

3 il sonra açılan qətlin səbəbləri- narkotik, polisə şikayət, yoxsa sevgi xəyanəti?

Ölkə
 17-06-2017, 15:33     539

Bakıda qətl törətməkdə təqsirləndirilən dəstə üzvlərinin növbəti məhkəmə prosesi keçirilib.

Təqsirləndirilənlər əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovdur.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən növbəti prosesdə qətldə təqsirləndirilən şəxslərdən Elmir Alxazov ifadə verib.

O bildirib ki, həbs edilənlərdən Fuad Məmmədzadə ilə sinif yoldaşı olublar və məktəbi bitirdikdən sonra da görüşüblər.

“Fuadla 10 il bir yerdə oxumuşuq, sonra da Suraxanıda kənd uşağı kimi tanıdığım digər şəxslərlə, həmçinin də Fuadla tez-tez görüşmüşük. Görüşlərin birində Fuad mənə marixuana əkməyə yer lazım olduğunu deddi. Ona Abbas və digər tanıdığım uşaqlar vasitəsi ilə yerlə maraqlanacağımı dedim.

Sonra Abbasla internet klubda görüşdüm və ona Fuadın dediyi məsələni danışdım. Həmin vaxt mərhum Elnur Hümmətov (dəstənin qətlə yetirdiyi şəxs) da orada idi. Onlara Cavid Alxazovun Qala qəsəbəsində evi olduğunu dedim və həmin evi kirayə götürməyi təklif etdim. Sonra Abbas və Elnur ilə birlikdə Fuadla görüşdük. Cavidin evini kirayə götürmək və orada narkotik becərmək barədə razılaşdıq. Sonradan bizə Ramil də qoşuldu”- deyə o, ifadəsində bildirib.

Elmir Alxazov əlavə edib ki, onlar evi kirayə götürərkən sahibinə bunun səbəbini izah etməyiblər: “Dedik ki, ustayıq, Qala qəsəbəsində bir proyektlə bağlı iş götürmüşük, həmin işi görmək üçün burada bizə kirayə ev lazımdır. Ev yaşamaq üçün yararsız vəziyyətdə idi. Cavidlə evin kirayə haqqını təmir işlərinə xərcləyəcəyimiz barədə razılaşdıq. Sonra evin təmirini gördük. Təmir işlərini başa çatdırandan sonra Fuad, Ramil, Elnur və Abbasla birlikdə evdə dibçəklərdə marixuana əkdik. Cavidin bu əkindən xəbəri olmayıb. Elnur və Abbas növbəylə maruxianalara nəzarət ediblər”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, dəstə üzvlərindən Ramil bir gün ona zəng edərəl marixuanalarla bağlı problem olduğunu və təcili bağa gəlməsini istəyib:

“Mən də bunu Abbasa dedim və onun maşını ilə yol üstü Suraxanıdan Fuadı da götürərək bağa gəldik. Bu zaman Ramilin ağladığını, ortalıqda bir meyit olduğunu gördük. Ramil dedi ki, Elnuru öldürmüşəm. Meyiti görəndə halım pis oldu, digər uşaqlar da pis vəziyyətə düşdü, elə bil şok keçirdik. Abbasın və Fuadın vəziyyəti daha da pis idi. Abbas Fuadı maşını ilə apardı. Sonra mən və Ramil meyiti bağda basdırdıq”.
Məhkəmədə prokurorun suallarını cavablandıran Elmir Alxazov bildirib ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzgün yazılmayıb.
Onun sözlərinə görə, həmin ifadələr işgəncə altında alınıb və imza etməyə məcbur edilib: “Elnur Əsirov və Cavid Alxazovun narkotik əkilməsindən, qətl hadisəsinin törədilməsindən xəbəri olmayıb. Onlar tutulandan sonra bu hadisələrdən xəbər tutublar”.

Elmir Alxazov suallara cavabında qeyd edib ki, narkotik vasitəni istifadə etmək üçün əkiblər: “Marixuananı əkəndən bir ay sonra ölüm hadisəsi baş verdi. Buna görə də dibçəklərdə əkdiyimiz marixuana kollarını yandırdıq. Buna görə də yetişdirə bilmədik. Narkotik vasitəni satmaq məqsədimiz olmayıb. Toxumları Fuad xaricdən sifarişlə gətirmişdi. Amma hansı ölkədən gətirdiyini, nə qədər pul verdiyini bilməmişəm”.
Elmir Alxazov suallara cavab verərkən qətlin niyə törədilməsini də danışıb.

O bildirib ki, Ramil Əsirovla Elnur Hümmətov arasında qız söhbəti olub: “Elnur Ramilin tanış olduğu qızla telefonda danışıb. Buna görə də onların arasında söyüş olub. Ramil də onu vurub. Bağ evinin həyətində hazır qazılmış quyu var idi. Meyiti həmin quyuda basdırdıq. Bir ağılsızlıq etmişəm, meyiti basdırmaqda Ramilə köməklik göstərmişəm. Bizim qətli əvvəlcədən planlaşdırmaq fikrimiz olmayıb. Meyiti basdırandan sonra razılaşdıq ki, bu barədə heç kim danışmasın”.

Tərəflər suallarına cavab verəndən sonra prokuror Eldar Həmzəyev bildirib ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə istintaq ifadəsi arasında kəskin ziddiyyətlər var. Prokuror onun ibtidai istintaqa verdiyi ifadəsinin elan edilməsi istəyib.

Elmir Alxazovun ibtidai istintaqa verdiyi ifadələrini elan edib.

Elmir Alxazov 28 iyul 2016-cı ildə şübhəli şəxs qismində verdiyi ifadəsində göstərib ki, Fuad Məmmədzadə onun sinif yoldaşı olub: “2012-ci ilin sonlarında Fuad mənə internet vasitəsi ilə marixuana toxumu əldə edib, əkib-becərərək pul qazanmağın mümkün olduğunu dedi. Fuadı əvvəlcə Abbas Hümmətovla, sonra isə Ramil Əsirovla tanış etdim. Sonra isə Ramil Əsirovun vasitəsi ilə Fuad Cavid Alxazovla tanış oldu. Biz Cavidin Qala qəsəbəsində yerləşən evində narkotik maddəni əkib-becərmək, narkotik vasitənin satışından əldə edəcəyimiz pulu isə aramızda bölmək barədə razılığa gəldik. Cavidin evində maruxiana toxumlarını əkdik, növbə ilə həmin evdə keşik çəkdik, əkdiyimiz maruxanlara qulluq etdik”.

Elmir Alxazov ilk ifadəsində mərhumu öldürmə səbəblərini də başqa cür danışıb: “Təxminən iki ay sonra Elnur Hümmətovun hərəkətləri bizi şübhələndirməyə başladı. Elnur tez-tez qrup üzvlərindən qaçıb, guya hansısa görüşdüyü qıza marixuana əkib-becərmək barədə məlumat verib. Elnurun bizi polisə satacağından qorxduq. Abbas, Ramil, Faud və Cavid Elnur Hümmətovun hərəkətlərini müzakirə etdik. Bu zaman Fuad Elnur öldürməyi təklif etdi. Ramil Əsirov bu təklif ilə razı olsa da, Cavid və Abbas bu təkliflə razı olmadığını bildirdilər. Hadisə günü və yaxud bir gün qabaq Ramil Əsirov Elnuru evə gətirdi. Sonra Elnurun bağda olduğunu bildirdi. Bizdə bağa gəldik. Fuad təklif etmişdi ki, Elnuru qəflətən bıçaqla öldürək. Fuad Abbası mağazaya “skoç” almaq üçün göndərdi. Sonra Elnurla bizi nə üçün satması barədə söhbət etdik. Bu zaman Fuad Elnurun üstünə cumaraq onu boğmağa başladı. Ramil və yaxud Fuad evdən balış götürərək Elnurun ağzına tutdu. Bu zaman Elnurun sifətinin göyərdiyini gördüm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Ramilin qardaşı Elnur Əsirov da bağa gəlib-gedib. Onun sözlərinə görə, Elnur Əsirov qətl hadisəsi barədə məlumat olmasa da, narkotik vasitənin əkilməsindən xəbəri olub.

Elmir Alxazov ilk ifadəsində daha sonra ifadələrində göstərib ki, Fuadın internet vasitəsi ilə Hollandiyadan maruxiana toxumu sifariş verib: “Toxum poçt vasitəsi ilə gətirilib. Toxumun pulu 350 avro olub. Onun yetişdilməsi üçün 14 ədəd projektorun hərəsi 70 manatdan 1000 manat, dibçək və torpaq üçün isə 200-300 manat pul qoymuşuq”.

Elmir Alxazov məhkəmədə bildrib ki, istintaqa verdiyi ifadələrini təsdiq etmir. O, məhkəmədə dediklərinin düz olduğunu söyləyib.
Növbəti məhkəmə prosesi iyunun 29-da davam edəcək.

İttihama görə, dəstə üzvləri 2013-cü ildə narkotik əkiblər. İki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələniblər. Buna görə də onu qətlə yetiriblər, həmin evin həyətində meyitini basdırıblar.

Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustunda isə onun öldürüldüyü üzə çıxıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26