Interposta.Info

Bakıda dəhşətli yanğın: 2 qardaş yanaraq öldü (VİDEO)

Ölkə
 22-05-2017, 21:29     588

Bakıda yaşayış binasıda yanğın olub. MilliYol.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.


Yanğın saat 18.00 radələrində söndürülüb. Yanğında iki qardaş ölüb. Artıq onların şəxsiyyəti müəyyənləşib. Yanğın nəticəsində Çeykullayev Aleksandr Petroviç (52 yaş) və Çeykullayev Anatoli Petroviç (54 yaş) yanaraq ölüb.

FHN də yanğın barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən MilliYol.Az-a daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus 1 otaqlı mənzilin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildən 2 nəfərin yanmış meyiti aşkar olunub, 2 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

"Yanğın barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat saat 16:53 radələrində daxil olub. İlkin yanğın avtomobili 6 dəqiqə sonra hadisə yerinə çatıb və binanın 4-cü mərtəbəsində mənzilin alov içərisində olduğu haqqında məlumat verib".

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev APA-ya açıqlamasında bildirib ki, dərhal hadisə yerinə texnika və şəxsi heyət göndərilib, təxminən 30 dəqiqə sonra yanğın məhdudlaşdırılıb, 15 dəqiqə sonra tam söndürülüb: "Yanğının sondürülməsi zamanı mərtəbələrdən 2 azyaşlı uşaq xilas edilib. Kəşfiyyat zamanı mənzildə iki qardaş - 52 yaşlı Çeykullayev Aleksandr Petroviç və 54 yaşlı Çeykullayev Anatoli Petroviçin meyitləri aşkar olunub. Qonşuların sözlərinə görə, qardaşlardan biri xəstə, digəri isə içkiyə meylli olub, tüfeyli həyat keçirib".

FHN rəsmisi qeyd edib ki, yanğın nəticəsində 1 otaqlı, ümumi sahəsi 30 kvadrat metr olan mənzilin yanar konstruksiyaları yanıb: "Qonşuların dediyinə görə, əvvəlcə mənzildə partlayış baş verib, mənzilin pəncərəsi qırılıb, partlayışdan sonra yanğın baş verib. Hazırda hadisə yerində tədqiqatçılar araşdırma aparır, əlavə məlumat veriləcək. Hadisənin hansı səbəbdən baş verməsi dəqiq müəyyənləşəcək".

Mənzildə olan şəxslərin tüstüdən zəhərlənməsi və ya yanaraq ölməsinə gəlincə isə, R. Xudiyev bunun ekspertiza nəticəsində müəyyən olunacağını deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26