Interposta.Info

Amerikadan separatizmə böyük dəstək -

Ölkə
 24-04-2017, 11:20     448

Elçin Mirzəbəyli: “Dəyərlər itəndə prinsip etibarı ilə hər şey iflasa uğrayır, bu gün gücün siyasəti ortadadır...”
Son illərdə Amerikanın Rusiyanın tarix boyu yeritdiyi dünya siyasətinə oxşar siyasət yürütdüyünün şahidi oluruq. Belə ki, özünü demokratiyanın beşiyi sayan Birləşmiş Ştatların separatçı qüvvələrə yardım etdiyi barədə dəfələrlə faktlar meydana çıxıb.


Son olaraq, Amerikanın Müdafiə Nazirliyi (Pentaqon) İraqın şimalındakı kürd muxtariyyətinə 300 milyon dollar dəyərində hərbi texnika və silah-sursat göndərməklə bağlı Konqresə təklif göndərib. “Sputnik Azərbaycan” xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Pentaqonun təklifini müsbət dəyərləndirib. Əgər Pentaqonun tələbi Senatda qəbul edilərsə, hərbi texnika 1 ay ərzində İraqın şimalındakı kürd muxtariyyətinə göndəriləcək. ABŞ-ın Türkiyə ilə sərhəddə “Kürdüstan” dövləti yaratmaq planı gündəmdədir.
Bütün bunlar onu göstərir ki, ABŞ-ın öz maraqları naminə apardığı siyasət getdikcə öz mahiyyətini açıq göstərməklə yanaşı, demokratiya sistemini isə arxa plana atır. Rəsmi Vaşinqton ənənəvi siyasətindən geri çəkildiyi açıq görünməkdədir. Xüsusilə, bu hal biznesmen prezident Donald Trampın gəlişindən sonra daha da güclənib.

Politoloq Elçin Mirzəbəyliyə görə, Amerikanı “demokratiyanın beşiyi” saymaq düzgün deyil: “Demokratiyanın beşiyi Qədim Romadır. Dəyərlər itəndə prinsip etibarı ilə hər şey iflasa uğrayır. Amerikanı müasir dövrün Roması hesab etmək olar. Vaxtilə SSRİ ilə aparılan ideoloji savaşdakı demokratik ənənə yoxa çıxmaqdadır. Necə ki Romada ”Roma azad romalılar üçündür" şüarı var idi, digər xalqlara bu yanaşma tətbiq olunmurdu, eyni yanaşma hazırda Birləşmiş Ştatlardadır. Kürdlərlə bağlı məsələ Amerikanın Yaxın Şərqdəki strategiyasıdır. Bu məsələdə Rusiya ilə ABŞ-ın mövqeləri üst-üstə düşür. Vaxtilə respublikaçıların, yəni Corc Buşun başlatdığı missiyanı eyni ilə hazırda Donald Tramp həyata keçirir. “Kürdüstan dövləti” məsələsini ortaya atmaqla həm ərəb, həm də türk dünyası üçün ciddi problem mənbəyi yaradıblar. Eyni aspekt şübhəsiz İranla da bağlıdır. Bu məsələ İranı da narahat edən amillərdəndir. Bu faktordan Amerika Türkiyə, İran və ərəb dünyasına qarşı istifadə etməyə çalışır. Burada təəssüflər olsun ki, demokratiya, müttəfiqlik anlayışlarını görmürük".

Politoloq gələcək baxımından ABŞ-ın bu siyasətinin davamlı olub-olmaması ilə bağlı sualımıza bu cür cavab verdi: “İndiki halda bu siyasətin ardıcıl, məqsədyönlü şəkildə həyata keçirildiyinin şahidi oluruq. Qısa zamanda bu siyasətin başa çatacağını da söyləmək olmaz. Bu prosesin qarşısının alınması üçün müqavimət gücü də görünür. Belə baxanda bu siyasətin Birləşmiş Ştatların geostrateji hədəfləri olduğu görünür. Amerika kimi dövlətlər öz strategiyasını yüz il əvvəldən müəyyən edirlər. Aparılan siyasət Amerikanın qlobal gücünün artırılmasına xidmət edir. Təəssüflər olsun ki, artıq yanaşma tərzləri dəyişib. Vaxtilə beynəlxalq hüquq normaları məsələlərin həlli üçün əsas götürülürdüsə, bu gün gücün siyasəti ortalıqdadır. Heç bir dövlət öz imici barədə düşünmür. Birləşmiş Ştatlar qlobal gücdür və hər kəs onun gücü ilə hesablaşır. İmicini kimə nümayiş etdirəcək? Bu gün söhbət gücün ədalətindən keçir, güclüsənsə haqlı və ədalətlisən. Amerika öz davranışlarını bu fəlsəfənin üzərində qurub. Demokratiya, insan haqları və digər anlayışların bu prosesdə yeri yoxdur”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26