Əli İnsanov ona qarşı sui-qəsdin olacağını dedi:
Aprelin 12-də Qaradağ rayon Məhkəməsində Əli İnsanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Ə.İnsanov cəza çəkdiyi müəssisədə psixotrop maddələr əldə edərək saxlayıb.İttihama görə, aparılan yoxlama zamanı həmin vasitələr aşkar edilib. Bununla bağlı protokol tərtib edilən zaman Ə.İnsanov protokol yazan Penitensiar Xidmətin əməkdaşı, mayor Anar Məmmədova hücum edib, protokolu alaraq cırıb. İttihama görə, Ə.İnsanov mayorun paqonunu cırıb və itələyərək başını qapıya çırpıb. A.Məmmədov yıxılaraq başından xəsarət alıb. A.Məmmədov buna görə 35 gün xəstəxanada müalicə alıb.
İttihama münasibət bildirən Ə.İnsanov özünü təqdirli bilməyib: "Qondarma ittihamdır. Mən bunu gözləyirdim. Dedilər ki, dərmanlar tapılıb, başa düşdüm ki, tapşırıq var".
Əli İnsanov nə olursa-olsun, sınmayacağını deyib: "Mən sınmayacam, əyilməyəcəm. Bunu hamı bilsin. Mənə qarşı sui-qəsd planı da var. Mənə çatdırıblar. Amma bilsinlər ki, Əli insanov ölümdən qorxmur, mübarizə aparmaq üçün yaşayır".
Daha sonra iclasda zərərçəkmiş Anar Məmmədov ifadə verib. O, ittiham aktında yazılanları təsdiq edib. İclasda hal şahidi olan məhkumlar - Rövşən Salahov, Şünasib Əliyev, şahid, keçmiş məhkum Anar Təhməzov, Penitensiar xidmətin əməkdaşı Fizuli İsmayılov da ifadə verərək ittiham aktında yazılanları təsdiq ediblər.
Növbəti məhkəmə prosesi aprelin 19-da davam edəcək.
Qeyd edək ki, bir müddət əvvəl Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.
Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26