Interposta.Info

Rusiya Federal Təhlükəsizlik Xidməti İdarəsi və Baş prokurorluğu Ümumrusiya Azərbaycanlıları Konqresində yoxlamalar aparıb-ŞOK detallar

Ölkə
 11-04-2017, 18:25     471

Son günlər Ümumrusiya Azərbaycanlıları Konqresinin(ÜAK) ləğv ediləcəyi ilə bağlı xəbərlər mətbuatın gündəmini zəbt edib. Azərbaycan iqtidarının təmsilçiləri, parlament deputatları və bir sıra ekspertlər bu məsələ ilə bağlı öz fikirlərini də açıqlayıblar.Müxtəlif mülahizələr irəli sürülüb. Bu gün isə məlum olub ki, konqreslə bağlı məhkəmə prosesi başlayıb və təxirə salınıb.
Apardığımız araşdırmalar bir sıra şok və müəmmalı məqamları üzə çıxarıb. Sən demə, hələ mart ayının əvvəllərindən başlayaraq Rusiya Federal Təhlükəsizlik Xidməti İdarəsi və Baş prokurorluğu ölkənin demək olar ki, bütün şəhər və rayonlarında konqresin fəaliyyətini yoxlayıb. Bu məlumatı “Şimal xəbərləri” qəzetinə ÜAK-ın Dağıstan şöbəsinin sədri, Dərbənd şəhərindəki “Radioelement” müəssisəsinin direktoru Seyran Rəhimov verib. O, bizimlə müsahibəsində bildirib ki, martın əvvəllərində Dağıstan FTXİ-nin Dərbənd şəhər şöbəsi və yerli prokurorluğun rəhbərləri tərəfindən çağırılaraq sorğu–sual edilib. “Heç nə demədilər. Apardığımız işləri yoxlamadan keçirdilər, nə işlər görürük, fəaliyyətimiz nədir. Sənədlərimizə də baxdılar”. Seyran Rəhimovun açıqlamasına görə, istər FTX-də, istərsə də prokurorluqda onunla normal davranıblar. Amma təşkilatın fəaliyyəti ilə ciddi maraqlanıblar. Onun sözlərinə görə, bu barədə təşkilatın Moskvadakı rəhbərliyini də məlumatlandırıb. “Rusiyanın başqa yerlərində də bu cür yoxlamalar keçirilib”. Sədr deyir ki, belə bir göstəriş Moskvadan Mahaçqalaya, oradan isə Dərbəndə gəlib. Seyran Rəhimovun qənaətincə, yoxlamaların nəticəsi Rusiya Ədliyyə Nazirliyinə təqdim ediləcək, nöqsanlar aşkarlanarsa sənədlər məhkəməyə veriləcək(S. Rəhimovun dedikləri düz çıxdı, artıq məhkəmə prosesi başlayıb).
Ümumrusiya Azərbaycanlıları Konqresi ətrafında baş verənlər ciddi məqamlardan xəbər verir. Seyran Rəhimov bildirir ki, bu məsələ onlar üçün qaranlıqdır. Bu günlərdə mətbuata müsahibə verən millətvəkili Yevda Abramov yaranmış vəziyyətdən Rusiya Prezidenti Vladimr Putinin xəbərdar olduğunu istisna etməyib. Elə biz də bu fikirdəyik. Əvvəla, hər hansı bir qeyri-hökümət təşkilatının fəaliyyətində nöqsanların olub-olmadığını araşdırmaq ədliyyə nazirliyinin, qeydiyyatını ləğv etmək isə məhkəmənin işidir. Əgər problemə Rusiya Federal Təhlükəsizlik Xidməti İdarəsi və Baş prokurorluğu birbaşa müdaxilə edibsə, bu göstərişin məhz ölkənin birinci şəxsi tərəfindən verildiyini sübut edir. Deməli, ortalıqda nəsə var. Məsələnin qaranlıq və müəmmalı tərəfi də elə budur. Görəsən, ÜAK cənab Putinin qəzəbinə niyə tuş gəlib? Dövlət başçısı Azərbaycana təzyiq etməklə nə demək istəyir? Düşündürücü suallardır. Və yəqin ki, qısa zamanda məsələyə aydınlıq gələcək. Məhkəmənin qərarı çox mətləblərin üstünü açacaq.
Daha bir məqam diqqəti cəlb edir. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıda səfərdədir. Ehtimal etmək olar ki, ÜAK-la bağlı problem ölkə rəhbərliyi ilə də müzakirə ediləcək.
Müqəddəs Mehdiyev “Şimal xəbərləri” qəzetinin baş redaktoru

interposta.info təqdim etdi!

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26