Interposta.Info

Bakıdakı qətliamların Hacı Zeynalabdin Tağıyevin oğlu ilə nə əlaqəsi var idi? -

Ölkə
 31-03-2017, 16:53     678

“Bizi öldürüb adlarını küçələrimizə qoymuşdular. Yetmiş il bizi öldürən adamın məzarı önündə baş əydik, gül dəstəsi qoyduq. Faciə burdadır ki, 2009-cu ildə məzarları qazıldı və məlum oldu ki, cəmi 22 cəsəd var, qalanı yoxdur. 26 olmalı idi. Şaumyan öz məzarında yox idi. Bəs, biz yetmiş il kimə baş əymişik?”
Bu sözləri Publika.az-a tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu söyləyib.
O bildirib ki, 1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra ermənilər Qafqazda fəallaşıblar:
“Bunun da əsas səbəbi özləri üçün böyük dövlət qurmaq idi. Türkiyədə də ermənilər fəallıq göstərmişdi, silahlı üsyan törətmişdilər. Yəni, əsas fikirləri Türkiyə ərazisində Ermənistan vilayəti yaratmaq idi. Türkiyənin ordusunu, gücünü görəndən sonra istəklərini Qafqaz ərazisində gerçəkləşdirməyə başladılar. Qafqaz ərazisində də ən münbit yer kimi Azərbaycanı seçdilər. Gürcüstanda, Şimali Qafqazda bunu eləyə bilmədilər. Azərbaycanda etdilər, çünki Ruslar da onlara dəstək oldu. Bura çoxlu sayda ermənilər köçürüldü. Onu da deyim ki, Türkiyəyə qarşı vuruşan silahlı erməni dəstələri də Bakıya doluşdular. Bunların sayını on min göstərirlər”.
N.Yaqublu söyləyib ki, 1917-ci il dekabr ayının 2-də Leninin əmri ilə Şaumyan Qafqaz İşləri üzrə fövqəladə komissar təyin edilib:
“Ən səlahiyyətli adam oldu Şaumyan və burada formalaşan Bakı Sovetinin sədri təyin edildi. İkinci bir məsələ çıxır ki, ermənilər Bakını da ələ keçirmək istəyirdilər. Bakı və Bakıətrafı kəndlər ermənilərin təsirində olan bir bölgə halında Rusiyanın tərkibinə keçirilirdi.
1918-ci ildə mayın 28-də Azərbaycanın istiqlalını və müstəqilliyini elan etməklə həm də Azərbaycanın ərazisini, Bakını qoruyub saxladıq. Söhbət Bakı uğrunda mübarizədən gedir, soyqırımı onun tərkib hissəsidir. Soyqırımı üç gündə baş verdi, amma buna qədər ermənilər proqramlar aparırdı. Məqsəd adam öldürmək deyildi, adamları bu yerlərdən hansı yolla olur olsun, uzaqlaşdırıb Bakını ələ keçirmək idi”.
O bildirib ki, indi bizim tarixçilərin söylədiklərinin çoxu düzgün deyil, həqiqəti əks etdirmir:
“Boş-boş danışırlar. Çünki onlar məsələnin üstünə gedə bilmirlər. Məsələnin üstü ruslarla ermənilərin danışıqları, planlarıdır. Həmin planda böyük neft ölkəsi olan, strateji əhəmiyyəti daşıyan, Xəzər dənizi ətrafında yerləşən Bakını və təxminən Salyana qədər ərazini ələ keçirmək idi. Salyandan o yana onlara lazım deyildi. Çünki əsas neft Salyana qədər olan ərazilərdə çıxırdı. Hacı Zeynəlabdin Tağıyevin Lənkərandakı müsəlman alayında xidmət edən oğlu öldürülmüşdü və onun meyitini gətirib burda dəfn edəndə alayın 48 müsəlman əsgərini tərki-silah etdilər. Bu da camaatın etirazına səbəb oldu. Həmin vaxt ermənilər bir təxribat da irəli sürürlər, guya azərbaycanlılar ruslara da qarşı çıxır, hətta bizim tərəfdən ruslara güllə atıb deyirlər ki, atanlar müsəlmanlardı”.
Tarixçi bildirib ki, bəzi mənbələrə görə Bakıda törədilən qırğında 15, bəzilərində isə 12-13 min göstərilir. Amma digər bölgələri də bura əlavə etsək, 30-40 min azərbaycanlı qətlə yetirilib:
“Bu qətliamlar 1918-ci ilin sentyabr ayının 15-ə qədər davam edib. Sonra Nuru Paşanın başçılıq etdiyi Qafqaz-İslam ordusu gəlib, Bakını xilas eləyib və qətliam ancaq bundan sonra dayandırılıb.
Buna görə də Rəsulzadə yazırdı ki, 1918-ci ildə mayın 28-də biz Azərbaycanın istiqlalını azad etmişdiksə, sentiyabrın 15-də o istiqlalı gerçəkləşdirdik”.
N.Yaqublu deyib ki, törədilən qətllərlə bağlı Şaumyanın Leninlə yazışmaları var:
“Qırmızı qvardiya dəstəsinin komandiri Anastas Mikayanın qətliamlarda birbaşa iştirak edirdi. 1939-cu ilə qədər Bakıda Anastas Mikayan adına ayrıca bir rayon var idi. Mikayan rayonu. 1991-ci ilə qədər Şaumyanın adına rayon var idi. İndiki Xətai rayonu onun adını daşıyırdı. Şaumyanın adına təkcə Bakı şəhərində yeddiyə qədər küçə, rayon və heykəllər var idi. Bu qatillər həm də bu cür Azərbaycanı işğal eləmişdilər. Şaumyan adına Tarix İnstitutu var idi, 48-ci ildə oğlu gəlib dədəsinə, babasına aid bütün sənədləri götürüb getdi. Heç kim də bilmədi. Ermənilər təkcə mart hadisələrini törətməyiblər. Mikayıl Müşfiqi, Əhməd Cavadı, Hüseyn Cavidi kim sürgünə göndərdi? Azərbaycanın qaymaqlarını ermənilər qırdı. Hamısı erməni müstəntiqləri idi. Hüquq mühafizə orqanlarına 32 nəfər erməni girmişdi. Bütün qaniçənlər də onlar idi”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26