Interposta.Info

Qafqaz planı:

Siyasət
 30-07-2017, 12:12     10 518

Rusiyanın Cənubi Qafqazda siyasi aktivliyini şişirtmək və kəskin formada tənqid etmək düzgün deyil.

Bu sözləri Axar.az-a Rusiyanın son vaxtlar Qafqazda, xüsusən də Gürcüstan istiqamətində siyasi fəallıq göstərməsini şərh edən politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, hazırkı mərhələdə Cənubi Qafqazda sabitliyin qorunması Rusiyanı da maraqlandırır:

“Qafqaz bölgəsi daima Rusiyanın diqqət mərkəzində olub. Rusiya elitası heç bir zaman bu bölgəyə diqqətlərinin azalması ilə bağlı bəyanatlar verməyib. Ümumiyyətlə, Qafqaz kommunikasiya, kommunikativ funksiya baxımından elə vacib bölgədir ki, bütün fövqəldövlətlərin hamısının burada marağı var. Bölgə və onun təhlükəsizliyi ilə bağlı Rusiyanın da üzərinə böyük məsuliyyət düşür. Rusiyanın bölgədə öz maraqları var. Kreml çox gözəl bilir ki, Qərb təsisatları və dövlətləri onun sərhədləri boyunca problemlərin və münaqişəli bölgələrin artması üçün plan cızırlar. Bu, heç kəs üçün sirr deyil. Bu yaxınlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qeyri-rəsmi orqanı kimi tanıdılan “Stratfor” təşkilatı da bildirdi ki, Qafqaz bölgəsində və Türkiyənin maraqları olan ərazilərdə böyük canlanma gözlənilir. Bu baxımdan Rusiya çalışır ki, bölgədəki dövlətlərlə sıx təmaslarda olsun, digər tərəfdən isə qarşıdurma meylləri əvəzinə əməkdaşlıq layihələri təqdim etsin. Belə olduqda əmin-amanlıq qorunub saxlanacaq və gələcəkdə münasibətlər daha konstruktiv olacaq. İnanmıram ki, Rusiya indiki zamanda Qafqazda gərginliyin artmasını istəsin. Onsuz da bu bölgədəki hələ həllini tapmamış Qarabağ, Abxaziya, Cənubi Osetiya kimi münaqişələr var. Bunun hamısı Rusiya diplomatiyasını düşündürür. Moskvanın marağında olan odur ki, bölgə dövlətləri ilə açıq dialoq aparsın və hər bir tərəfin gözləntilərini eşitsin”.

Qeyd edək ki, son bir həftə ərzində Rusiya Cənubi Qafqaz, xüsusilə də Gürcüstan istiqamətində aktivləşib. Moskva Bakı-Supsa neft kəmərinin bir hissəsini ələ keçirməklə bərabər, Gürcüstanın işğal olunmuş ərazisi Cənubi Osetiyada da genişmiqyaslı təlimlərə start verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26