Interposta.Info

“Ayaz Əsgərov prezident sərəncamını qoyub bir kənara, bildiyini edir”- ŞİKAYƏT

Ölkə
 18-03-2017, 22:16     2 284

“Yardımlı rayon icra başçısı Ayaz Əsgərov prezidentin sərəncamını rayon camaatından gizlədir, özünü elə aparır ki, guya Yardımlıda fındıqçılığı öz hesabına inkişaf etdirir. Biz istəyirik ki, bu fakt mediada işıqlansın və aidiyyatı qurumların diqqətinə çatsın”.

Belə bir şikayətlə bir qrup Yardımlı sakini AFN-ə müraciət edib. Bildirirlər ki, rayona idarə və müəssisələrdə çalışanlardan yığılan pullar hesabına Balakəndən fındıq tingləri gətirilir: “Adını da qoyurlar ki, hansısa sahibkar gətirib. Əslində isə məsələ belədir: “Azərpoçt”un Yardımlı şöbəsinin müdirinə tapşırılıb ki, Ayaz Əsgərovun adı hallanmasın, amma ərazi icra nümayəndələrindən 500 manatdan pul yığılsın. Kim deyirsə pul vermirəm, ərizəmi yazıb işdən çıxıram, onu da hədələyirlər ki, sənin maddə ilə çıxaracağıq. Yardımlı əhalisi Ayaz Əsgərovun əsarəti altındadır”.

Şikayətçilər bildirirlər ki, rayona Zaqatala və Balakəndən 15 min ədədə yaxın fındıq tingi gətirilib. Bunun üçün də dövlət işində çalışanlardan, rayonda fəaliyyət göstərən sahibkarlardan pul yığılıb: “Prezidentimiz sərəncam verib ki, fındıq tingləri əhaliyə ödənişsiz paylansın. Ayaz Əsgərov isə ərazi icra nümayəndələrindən 500, müəllimlərdən 43 manat, səhiyyədən 43 manat, mədəniyyət və digər dölət işlərində işləyənlərdən də adambaşına bir o qədər pul yığdırıb.

Ayaz Əsgərov, onun birinci müavini Azər Xamiyev, İcra Hakmiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsininmüdirinin müavini Elçin Adil oğlu, “Azərpoçt”un Yardımlı şöbəsinin müdiri Anar Əkbərov durumdan şikayət edənlərə deyirlər ki, gedin hara istəyirsiz müraciət edin”.

Qeyd edək ki, prezident İlham Əliyev ötən ilin noyabrında ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin və fındıqçılığın inkişafının sürətləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması məqsədi ilə sərəncam imzalayaraq barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi üçn 1,463 milyon (bir milyon dörd yüz altmışüç min) manat, o cümlədən barama toxumlarının alınmasına 163,0 (bir yüz altmışüç) min manat, tut (çəkil) tinglərinin alınmasına 600,0 (altı yüz) min manat, fındıq pöhrələrinin alınmasına 700,0 (yeddi yüz) min manat ödənilməsini tapşırıb. Sərəncamla Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, tədarük olunan barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin şəhər və rayonların tələbatı nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin etsin.

Xatırladaq ki, Ayaz Əsgərov ləğv edilən nəqliyyat nazirliyində nazirin birinci müavini olmuş Arif Əsgərovun qardaşıdır. Bu qardaşlarla bağlı son günlər kifayət qədər ciddi məlumatlar yayılıb. A.Əsgərovun yaxın qohumlarının, bəzi iddialara görə isə hətta oğlanlarının onlarla şəxsə milyonlarla manatlıq fırıldaq gəlməsi bu məlumatlar içərisində ən ciddisidir desək, yanılmarıq. Görünür, Ayaz Əsgərov da zamanının bitdiyini görür və bacardığı qədər daha çox varidat toplamağa çalışır.

Qeyd edək ki, bu mövzuda redaksiyamıza bundan əvvəl də müraciət daxil olmuşdu. Məlumatın araşdırılması üçün Yardımlı İH-lə əlaqə saxlasaq da, informasiya siyasətinə məsul olan şəxslə danışmaq cəhdlərimiz uğursuz oldu. İH-in işçisinə əlaqə nömrəmizi verib aidiyyatı şəxsin bizimlə əlaqə saxlamasını xahiş etdik, lakin hələ də bir xəbər yoxdur. Buna baxmayaraq, qarşı tərəfin mövqeyini verməyə hazırıq./https://politico.az/xeber/6574

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26