Interposta.Info

Türkiyəli biznesmenin Bakıda yumurta davası

Ölkə
 17-03-2017, 10:41     492

Türkiyəli biznesmenin Bakıda yumurta davası

Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri bəyanat yaydı; Aslan İsmayılov isə “özünüzü yormayın, gedin, iş adamının pulunu ödəyin” dedi

“Xəmsə-M” MMC-nin rəhbəri Mürvət Həsənlinin Türkiyənin ən iri toyuq məhsulları müəssisəsi olan “Emre Piliç Gida Sanayi ve Ticaret Limited” şirkətinin təxminən 1,7 milyon ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirməsi işi artıq siyasiləşməyə başlayıb.
Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli şirkətlə bağlı bəyanat yayıb.

Ə.Ələkbərlinin modern.az-a yolladığı həmin bəyənatda deyilir: “Bu, günlərdə Türkiyənin aparıcı şirkətlərindən olan ”Əmrə piliç" şirkətinin təsisçisi, Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvü Ömür Oralın Bakıya gələrək burada mediya nümayəndələrini toplayıb, mətbuat konfransı keçirməsi və bu mətbuat konfransında Qərbi Azərbaycan qaçqınlarını və bütün Qərbi Azərbaycan əsilli insanları təhqir etməsi cəmiyyətimizin üzvləri tərəfindən qəzəblə qarşılanıb. Cənab Ömür Oral mətbuat konfransında çıxış edərək, təsisçisi olduğu şirkətin ortaqlarından ikisinin erməni əsilli olduğunu etiraf etmiş, lakin onları İstanbul doğumlu olduğuna görə türk adlandırmış, ticari mübahisəsi olduğu Azərbaycan iş adamını isə Ermənistan (Qərbi Azərbaycan) doğumlu olduğuna görə erməni adlandırmışdı.

Bununla ürəyi soyumayaraq, bu fikrini üç dəfə təkrar etmişdi: “Mən indi sual vermək istəyirəm: Ermənistanda doğulanmı ermənidir, İstanbulda doğulanmı ermənidir?” 2008-ci ildən Azərbaycanda ticarət qurub, illər boyu buradan milyonlar qazanan bir adamın yüz minlərlə Qərbi Azərbaycan doğumlu Azərbaycan vətəndaşını bu cür təhqir etməsini, ortaqları Arto Sevan Oskayanı və Andranik Raffi Bozaçıyanı isə türk adlandırmasını Azərbaycan xalqını ələ salmaqdan başqa bir şey hesab etmirik. Cənab Ömür Oral heç olmasa ortaqlarının “yan” soyadından və “Sevan”, “Andranik” adlarından utanıb xəcalət çəkməli və yadına salmalı idi ki, Bozaçıyanıın adını daşıdığı Andranik 1914-1915-ci illərdə Sarıqamışda, Türkiyənin başqa bölgələrində yüz minlərlə türk vətəndaşını, uşağını, gəncini, qadınını, qocasını vəhşicəsinə qətlə yetirmişdi.

Bu gün hələ də “yan” soyadını, Andranik adını daşıyan erməni necə olur ki, türk olur?... Biz 400 min nəfər Qərbi Azərbaycan qaçqınını, 4 milyona yaxın Qərbi Azərbaycan əsilli insanı təmsil edən bir cəmiyyət olaraq insanlarımızı təhqir edən və bizim üçün milli mənsubiyyəti şübhəli olan Ömür Oral adlı bu insanın dərhal Azərbaycandan çıxarılmasını, onun Azərbaycanla bütün əlaqələrinin kəsilməsini istəyirik. Azərbaycan Ermənistanla müharibə vəziyyətində olan bir ölkədir və müharibə gedən bir ölkədə Ömür Oral kimi insanların gəlib ermənipərəst təbliğat aparmasına qəti şəkildə yol vermək olmaz. Belə insanlar Azərbaycan-Türkiyə qardaşlığına da ziyan vurur. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyindən vətəndaşının bu hərəkətinə aydınlıq gətirməsini gözləyirik".

Yada salaq ki, bu bəyanatdan bir neçə gün əvvəl Ömür Oral və onun nümayəndəsi, tanınmış hüquqşünas Aslan İsmayılov mətbuat konfransı keçirərək pul ödənməyincə hüquqi müstəvidə mübarizəni davam etdirəcəklərini bəyan etmişdilər. Həmin mətbuat konfransından hazırlanan “Türkiyəli iş adamı Azərbaycanda pulunun ələ keçirildiyini bildirib” adlı reportajla https://musavat.com/news/turkiyeli-is-adami-azerbaycanda-pulunun-ele-kecirildiyini-bildirib_422137.html linkinə keçid etməklə tanış ola bilərsiniz.

Ə.Ələkbərovun yaydığı bəyanatda qeyd etdiyi fikirlərlə bağlı Ö.Oralın nümayəndəsi A.İsmayılovun münasibətini öyrəndik. A.İsmayılov bildirdi ki, məlum bəyanat yayılandan sonra Ö.Oralla danışıb: “Mətbuat konfransında mən elə bir fikirlərin səsləndirildiyinə fikir verməmişəm. Ömür Oral dedi ki, həmin ifadəni bu cür işlədib: ”Ermənistanı görməyən adama da erməni de, Ermənistanda doğulub, orada yaşayan və azərbaycanlıya düşmən olana da erməni de". Bunlar bu fikirləri təhqir formasında təqdim etməklə, özlərindən uydurduqları təhqirə əsaslanmaqla cəfəng bəyanatlar yayırlar. Bu adamlar pulu ödəməmək üçün belə çirkin yollara əl atırlar, insanlara şər atmaqdan çəkinmirlər. Ömür Oralın “Ermənistanda doğulanlar ermənidir” fikri olmayıb".

A.İsmayılov deyir ki, Mürvət Həsənli Ömür Oralın iştirakı olmadan onun şərikləri ilə İstanbulda daim yeyib-içiblər: “İstanbulda erməni dediyi şəxslə yeyib-içən Mürvət Həsənli olub. Erməni dediyi şəxsin 40 min dollara alıb ona bağışladığı saatı çatan-çatana göstərib ”bunu mənə şərikim bağışlayıb" deyən də elə Mürvət Həsənli olub. Bunu onun ətrafında olan hər kəs bilir. Hər yerdə deyirdi ki, bu saatı mənə türkiyəli ortaqlarım bağışlayıb. Həmin saatı məhz bu gün erməni əsilli olmasını dediyi keçmiş şəriki bağışlayıb".

Tanınmış hüquqşünas bir daha vurğulayıb ki, M.Həsənli və onun arxasında dayananlar belə bir şərləmə kampaniyası aparmaqla pulu ödəməkdən yayınmağa çalışırlar: “Özlərinə əziyyət verib belə çirkin əməllərin altına qol qoymasınlar. Ona görə ki, istənilən halda pulu ödəməli olacaqlar. Bu məsələ Mürvətlik deyil, bunu çox yaxşı bilirik. Məni cəmiyyətə dalaşqan, cığal adam kimi təqdim etməklə nüfuzdan salmağa çalışırlar. Facebook səhifəmdə yazdıqlarım hakimiyyətdə olan bəzi şəxsləri narahat edir və belə nadürüst addımlar atırlar. Sözüm onlaradır - özünüzü yormayın, gedin, iş adamının pulunu ödəyin!”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26