Interposta.Info

Öldürülən jurnalistin işində

Ölkə
 4-03-2017, 11:04     440

Öldürülən jurnalistin işində

Teyfurə Əliyeva: “O cinayətkar qrup övladımı əlimdən aldı”

Jurnalist Rasim Əliyevi döyərək öldürməkdə təqsirli bilinən beş nəfər-Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Samir Mustafayev və Kənan Mədətovun hökmdən verdikləri apelyasiya şikayətinə baxılır. Bu prosesdə bir sıra diqqətçəkən məqamlar üzə çıxıb.

Belə ki, çıxışlarında təqsirləndirilən şəxslər və onların vəkilləri hökmün qanunsuz olduğunu bildirərək, həkim səhlənkarlığı nəticəsində jurnalistin həyatını itirdiyini bildiriblər. Hətta bir qədər irəli də gedərək, “yuxarıdan” gələn tapşırıq əsasında ağır hökmün oxunduğunu qeyd ediblər.

Son məhkəmə prosesindən sonra mərhum jurnalistin ailəsi ciddi narahatdır. Onlar təqsirləndirilən şəxslərin cəzalarının məhkəmə sonunda azaldıla biləcəyindən ehtiyatlanırlar. Buna səbəb ötən ilin oktyabrında baş verən hadisənin əsas fiquru, səbəbkarı olan və 4 il cəza almasına baxmayaraq, Apelyasiya Məhkəməsi tərəfindən cəzası bir il 2 aya endirilən C.Hüseynovun hazırda azadlıqda gəzməsidir.


Mərhum jurnalistin anası Teyfurə Əliyeva “Yeni Müsavat”a açıqlamasında narahatçılığını ifadə etdi: “Əlbəttə, həm Cavid Hüseynovda, həm də həkimlərdə günah var. Telefonu da oğurlandığına görə Rasimin döyülməsindən gec xəbər tutmuşduq. Xəstəxanaya gedəndə hələ onu müayinə etməmişdilər. Həkim yoxlayandan sonra dedi ki, daxili orqanlarına zədə dəyməyib. Bu, yanlış rəy idi. Amma oğlumu döyüb öldürənlər öz işlərini yüngülləşdirmək üçün hər şeyi həkimin üstünə atmaq istəyirlər. Günahlar yarıbayarıdır. Oğlumu ölümcül vəziyyətə salan onlardır. Başda Cavid olmaqla, o cinayətkar qrup övladımı əlimdən aldı. Demək istəyirlər ki, biz kimisə ölümcül vəziyyətə salmalıyıq, həkim də onu ölümcül vəziyyətdən çıxarmalıdır, bunlar da günahsız olmalıdırlar. Rasim evə gəlib, evdə də ölə bilərdi. O zaman bunlar günahı kimdə axtarası idilər? Həkim bilmirəm nədənsə öz işini yerinə normal yetirməyib. Niyə qabaqcadan məlum olmayıb ki, Rasimin daxili orqanları dağılıb? Öləndən sonra bunu deyirlər. Apelyasiya Məhkəməsindən gözləntilərim barədə bir söz deməyə çətinlik çəkirəm. Cavidə 4 il hökm oxundu. Düşündüm ki, heç olmasa 4 il olsa da, məsuliyyətə cəlb olundu. Amma sonunun necə olduğunu hamımız gördük. Həkimlərin məsuliyyətdən kənarlaşdırılması, Cavidi günahsız kimi azadlığa buraxmaları bizdə çox narahatlıq yaradır. İndi də nəsə deyə bilmərəm. Həkimlərdən və Cavidin azadlığa buraxılması qərarından Avropa Məhkəməsinə müraciət etmişik. Allah heç kimə övlad acısı yaşatmasın. Özümüzə gələ bilmirik. Üstəlik də, bu haqsızlıqlar bizə əlavə dərd yaradır”.

Zərərçəkmişin nümayəndəsi Fariz Namazlı istintaqın və məhkəmənin gedişindən razı olmadıqlarını qeyd etdi: “İstintaq dövründə həkimlərin məsuliyyəti və təqsirləndirilən şəxslər barədə vəsatət vermişdik. Bildirmişdik ki, həmin şəxslər təqsirkardır, Cavid Hüseynov isə təşkilatçıdır. Zərərçəkən tərəf hesab edir ki, məhz Cavidin göstərişi ilə həmin şəxslər Rasimi döyüblər. Həkimlərin özləri hətta ifadələrində bildiriblər ki, Rasim Əliyev xəstəxanada olanda müəyyən yoxlamalar aparılmalı idi, amma heç bir tapşırıq verilmədi ki, onu yoxlayaq.

İşin birinci instansiya məhkəməsinə qaytarılması və həkimlərin məsələsinin həll olunması hər iki tərəfin artıq istəyidir. Cavid Hüseynovun azadlığa buraxılması zərərçəkən şəxsin ailəsinin qaysaqlamış yarasını daha da ağrıtdı. Onlar qətiyyətlə Cavidin azadlığa buraxılmasını istəmirdilər. Cavidin cinayət işi üzrə tərəf olmadığından Rasim Əliyevin anası sadəcə şahid qismində dindirilmişdi. Buna görə də onların həmin cinayət üzrə verilən hökmdən şikayət vermək hüquqları nəzərdə tutulmayıb. Təqsirləndirilən şəxslərin özlərini təmizə çıxarmaq istəklərini anlayıram. Məsuliyyətdən yaxa qurtarmaq istəyirlər".
Qeyd edək ki, jurnalistin ölümünə səbəb olan hadisə iki il öncə avqustun 8-də baş verib. Bir qrup şəxs Rasim Əliyevi döyüb. O, ayın 9-na keçən gecə Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu hadisə ilə əlaqədar yuxarıda adları keçən şəxslər məsuliyyətə cəlb olunublar.

Cinayəti bilib xəbər verməməkdə suçlanan və 4 il cəza alan C.Hüseynov Apelyasiya Məhkəməsi tərəfindən azadlığa buraxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri - 9 il, Camal Məmmədov - 11 il , Arif Əliyev - 12 il 6 ay, Elşən İsmayılov - 13 il azadlıqdan məhrum ediliblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26