Ölkədə kommunal xaos:

Son vaxtlar ölkə ərazisində kommunal xidmətlərlə bağlı problemlər ciddi narazılıqılara səbəb olub.
Belə ki, qaz, işıq və suyun fasiləsiz olaraq kəsilməsi insanları əlacsız duruma salır, onların müxtəlif formalarda etiraz etməsinə sövq edir. Demək olar ki, hər gün mətbuata bu sayaq problemlərlə əlaqədar materiallar dərc edilir, məsələ ictimailəşdirilir. Lakin problemlər, azalmır. Aidiyyəti qurumlar əməli işlər həyata keçirmək əvəzinə, "müvəqqəti çətinlikdir”, "təmir aparılır” kimi açıqlamalar verməklə kifayətlənirlər. Nəticədə çox anormal bir durum yaranır: Bakının mərkəzində belə insanlar odun sobasına möhtac qalıb, qazla işləyən avadanlıqlar sıradan çıxıb, əhali donmaq təhlükəsiylə üz-üzə qalmaları barədə çağırışlar edirlər, sosial şəbəkələrdə fotolar paylaşırlar, ölkə rəhbərliyinə saysız-hesabsız müraciətlər ünvanlayırlar...
Bəzi ərazilərdə elektrik enerjisinin tez-tez kəsilməsi vəziyyəti bir qədər də dözülməz edir. Eyni problem şəhərin su təchizatı ilə də bağlıdır. Qar və yağışlı havalarda sular əksər yerlərdə kəsilir və ya lil halda verilir...
Bəs bu problemlər niyə həll edilmir? Və ya bu biabırçı durumun aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı BakiPost.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda kommunal xidmətlər göstərən qurumlar dövlətin nəzarəti altında olduğu üçün ölkəmizdə rəqabət mühiti yoxdur: "Yəni vətəndaşa heç bir seçim imkanı tanınmır. Vətəndaş ancaq hər sahənin öz bir şirkəti ilə müqavilə bağlamaq məcburiyyətində qalır. Baxmayaraq ki, inkişaf etmiş ölkələrdə artıq bu problem çoxdan həll olunub. Ən azından vətəndaşın bir necə seçim imkanları olur. Məsələn, Böyük Britaniyanın London şəhərində elektrik enerjisi ilə bağlı 12 şirkətlə müqavilə bağlamaq mümkündür. 12 şirkətin vətəndaşa işıq vermək imkanı var. Müştəri də daha yaxşı şərtlər təklif edən hansı, uyğun qiymət və yaxşı xidmət səviyyəsi olan şirkəti özü seçir. Onunla da müqavilə bağlayır.
Təəssüf ki, Azərbaycanda yalnız hər sahənin dövlətin nəzarətində olan bir şirkəti var. Seçim imkanları yoxdur. Yəni məhduddur. Müqavilələrin bağlanmasında da bütün məsuliyyət alıcının üzərinə düşür. Yəni alıcı vaxtlı-vaxtında ödəniş etmirsə, cəzalandırılır və ya onun kommunal xidmətləri məhdudlaşdırılır. Əgər sayğacda hər hansı bir problem yaşanırsa, vətəndaş buna cavabdeh daşıyır. Yəni müqavilələrin əsas məğzi ondan ibarətdir ki, bütün yük vətəndaşın üzərindədir. Paylayıcı şirkətlərin üzərində isə heç bir məsuliyyət yoxdur. Əgər vətəndaşın günahı ucbatından deyil, şirkətin günahından hər hansı təchizatla bağlı problem yaşanırsa, dövlət şirkəti buna məsuliyyət daşımalıdır. Müqavilələrdə bu qeyd olunmalıdır”.
İqtisadçı vurğulayıb ki, kommunal xidmətlərlə bağlı təmir işləri vaxtında həyata keçirilməlidir: "Təmir niyə vaxtında aparılmır və ya aparılmayıb? Nəyə görə qazla bağlı təmir işləri qış aylarına təsadüf edir? Halbuki yay aylarında əhali tərəfindən qaza tələbat daha az olur. O dövrlərdə niyə cari təmir işləri həyata keçirilmir? Düzdür, müəyyən ciddi məqamlar da ola bilər. Ciddi qəza baş veribsə, başqa problem varsa, bu anlaşılandır. Amma cari təmirlərin qış aylarına düşməsi, bəzən günlərlə elektrik enerjisi və ya qaz təchizatının məhdudlaşdırılması vətəndaşın günahı deyil. Bu, şirkətin özünün işini yaxşı planlaşdırmamasının nəticəsidir. Bunun məsuliyyətini də şirkət daşımalıdır.
Bir çox xarici ölkələrdə şənbə və bazar günləri üçün ayrı tariflər var. Hətta Gürcüstanda belə oynaq tariflər mövcuddur. Hətta ümummilli bayram günlərində şirkətlər, ümumiyyətlə, vətəndaşlara pulsuz xidmətlər göstərir. Azərbaycanda da vətəndaşın xeyrinə ola bilən bir sistem qurulmalıdır”.
Natiq Cəfərli qeyd edib ki, problemi həll etmək üçün həmin dövlət qurumları özəlləşdirilməlidir: "Bu yanaşma dəyişməlidir. Bunun yollarından biri də uzunmüddətli idarəetməyə vermək, ya da özəlləşdirməyə getməkdir. Yəni paylayıcı şirkətlərin özəlləşdirilməsi vacibdir. Özəl qurumlar olduqda bu həm dövlət büdcəsinin xərclərini azaldacaq, həm də vətəndaşla özəl şirkətlər daha normal münasibətlər və müqavilələr bağlamağa başlayacaq. Çünki əgər vətəndaş özəl şirkətlə müqavilə bağlasa, bu müqavilə pozulanda o, məhkəmələrə müraciət edə bilər. Hətta məhkəməni udmaq şansı belə yaranır. Amma indiki məqamda dövlət şirkətlərini məhkəmədə udmaq mümkün deyil”.
Əhalinin daha çox şikayətçi olduğu qurumun - "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev problemlə bağlı BakiPost.az-a açıqlamasında bildirib ki, istehlakçıların qaz təminatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın təmin edilməsi, şəbəkənin gücləndirilməsi, həmçinin irəlidə baş verəcək qaz sızmalarının qarşısının alınması məqsədi ilə təmirə zərurət yaranır: "Bu məqsədlər üçün təmir işləri aparılır. Ona görə də havanın qarlı, şaxtalı və soyuq keçdiyi dönəmdə belə bir təmir işlərinin aparılması təxirə salınır. Amma təhlükə yaradan hissələr daim tərəfimizdən yenilənir. Bu səbəbdən müxtəlif ərazilərdə təbii qazın verilişində bəzən fasilələr yaranır. Həmin fasilələr gün ərzində bərpa olunur. Təbii qazın verilişi bərpa edilir”.
Ölkənin bütün ərazilərində qazın zəif olması məsələsinə gəlincə, qurum rəsmisi qeyd edib ki, bu problem tələbatla bağlıdır: "Havalar kəskin soyuduğu zaman qaza olan tələbat artır. Ona görə də bu, kütləvi xarakter daşımasa da, bəzi ərazilərdə təbii qazın verilişi ilə bağlı çatışmazlıqlar olur. Bununla bağlı müraciətlər qaynar xəttə daxil olur. Həmin müraciətlər əsasında aidiyyəti üzrə hansı rayondan daxil olubsa, həmin sahə xidmətinə göndərilir. Əməkdaşlar tərəfindən qaz xətləri üzərindəki qaz tənzimləyici qurğular vasitəsi ilə tənzimləmə işləri aparılır. Çağırış gələn ərazinin qaz təchizatı tənzimlənir. Həmin işçilər ilin yerinə yetirilməsi və məsələnin həlli barədə mərkəzin inspektor xidmətinə məlumat verirlər. Daha sonra iş sona çatdırılır”.
"Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, rəsmi olaraq işıqla bağlı heç bir yerdə problem yoxdur. Onun sözlərinə görə, hansısa ərazilərdə qırılma baş verirsə, o dərhal həll olunur, bütün problemlər anındaca aradan qaldırılır.
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı vurğulayıb ki, yalnız qəza baş verən zaman suyun verilməsi dayandırılır: "Qəza baş verən zaman suyu dayandırmaqdan başqa çıxış yolumuz yoxdur. Əgər bu gün insanlara hər hansı bir ərazidə suyun verilməsində fasilə varsa, deməli hansısa xətdə qəza olub. Qəza olmasa heç bir problem yoxdur. Qəza baş verdiyi zaman suyu saxlamadan onu təmir edə bilmərik. Bizim başqa çıxış yolumuz yoxdur. Bizdə planlı olanda onu əvvəlcədən bu barədə məlumat veririk. Yəni qəza olan zamanda bu barədə məlumat veririk ki, insanlar narahat olmasın. Amma kütləvi olaraq haradasa suyu saxlamaq kimi hallarımız yoxdur”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26