Interposta.Info

Bir neçə günlük soyuq Bakının “ayıblarını” üzə çıxardı: “Normal idarəetmə belə qurulmur”

Ölkə
 27-02-2021, 20:09     191

"Qaz kəsilib, evdə donuruq”, "İşıq yoxdur”, "İşıq da, su da yoxdur”, "Yolda qalmışam, avtobus gəlib çıxmır”, "Yol təmizlənməyib, hərəkət etmək mümkün deyil”, "Qartəmizləyən maşının işini qadınlar görür” - Son 4 gündə ən çox eşitdiyimiz sözlər bunlar oldu.

Fevral ayının 23-dən etibarən havanın temperaturunun aşağı düşəcəyi, qarın yağacağı haqda xəbərlər Bakı sakinlərini sevindirsə də, bu sevinc uzun çəkmədi.

Müxtəlif sahələrdə yaranan problemlər bir daha göstərdi ki, Bakının "ayıbını örtən” son bir neçə ildə qış fəslinin mülayim keçməsi olub. 10-20 il əvvəl aktual olan problemlərin həllini tapmadığı üzə çıxdı. Sual yaranır - Axı dövlət büdcəsindən paytaxtın təsərrüfatının bərpası və yenidən qurulması üçün vəsaitlər ayrılır.

Bunlar hara gedir? Hesab olunur ki, problemlərin kökündə dayanan məsələ həm də idarəetmə ilə bağlıdır. Deyək ki, kommunal sahədə və yol infrastrukturu sahəsində fəaliyyət göstərən qurum öz işinə vaxtında məsuliyyətlə yanaşmayıb, bəs bunun üzərində bir nəzarət mexanizmi olmamalıdırmı? Həmin qurumlardan yaranan problemlərlə bağlı hesabat istənilməməlidirmi?

İqtisadçı Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, problemlərin kökündə dayanan məsələ şəhərin idarəetməsinin bir mərkəzdən olmamasıdır:

"Böyük şəhər bələdiyyəsinin, mer seçkilərinin keçirilməməsi, məsuliyyətli və vətəndaşlar qarşısında dayanan idarəetmə formasının olmaması bir çox məsələlərin kökündə duran əsas səbəbdir.

Bakı şəhərində su, kanalizasiya sisteminə bir təşkilat, elektrik enerjisinin, təbii qazın verilişinə başqa təşkilat baxır, yollara hətta bir neçə təşkilat baxır. Mərkəzləşdirilmiş idarəetmə forması, Böyük şəhər bələdiyyəsi olmadığından koordinasiya da zəifdir. Bu da ayrılan vəsaitlərin düşünülmüş xərc istiqamətləri üzrə sərf edilmədiyindən xəbər verir və effektivliyini azaldır. Əslində ayrılan vəsaitlərlə Bakı şəhərinin təsərrüfatını normal vəziyyətə gətirmək olar. Amma koordinasiya və nəzarət mexanizmləri olmadığına görə bu vəsaitlər normal xərclənmir. Necə ola bilər ki, bir şəhərdə nəqliyyata ayrı qurum baxsın, yollara, kommunal təsərrüfatlara bir neçə qurum baxsın. Normal idarəetmə belə qurulmur”.

İqtisadçı deyir ki, mərkəzləşdirilmiş qaydada idarəetmənin təşkili böyük şəhər bələdiyyəsinin yaradılmasından və vətəndaş, seçici qarşısında məsuliyyət daşıyıcaq mer seçkilərindən keçir:

"Bu zaman şəhərin mərkəzləşdirilmiş təssərüfatı olacaq, öz büdcəsi olacaq. Hazırda Bakı şəhərinin öz büdcəsi yoxdur. Ayrı-ayrılıqda vəsaitlər ayrılsa da, şəhərin öz büdcəsi mövcud deyil. Belə bir pərakəndəlik kritik vəziyyətlərdə, təbiət hadisələri zamanı bütün problemləri çılpaqlığı ilə üzə çıxarır”.

Natiq Cəfərli deyir ki, böyük şəhər bələdiyyəsinin yaradılması ilə bağlı dünyada qəbul edilmiş təcrübə var:

"Gürcüstanda da bu sistem mövcuddur, Türkiyədə artıq institutlaşmış bələdiyyə sistemi var. Burada nəqliyyat, kommunal xidmətlər, yol təsərrüfatı bələdiyyələrin nəzarətində olur və bələdiyyələr də yaranmış problemlərə cavabdeh olurlar. Bizdə əgər Bakı şəhər icra hakimiyyətinə yollarla bağlı sual versək, deyiləcək ki, bu problemin bizə aidiyyatı yoxdur, başqa qurumlar məşğuldur. Eləcə də işıqla, su ilə bağlı problem yarandıqda Bakı Şəhər İcra Hakimiyyəti "yaxasını kənara çəkəcək”. Amma belə olmamalıdır, şəhər təsərrüfatı eyni mərkəzdən idarə olunmalıdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26