Interposta.Info

“Generalların görüşünün Bakıda olması ölkəmizin qlobal təhlükələrdən sığortasıdır” -

Ölkə
 17-02-2017, 18:06     635

“Generalların görüşünün Bakıda olması ölkəmizin qlobal təhlükələrdən sığortasıdır” -

Nəsimi Məmmədli: “ABŞ və Rusiyanın Azərbaycanı özünə təhlükəli məkan hesab etməməsi diqqətdən qaçmamalıdır”

“Belə bir görüşün Bakıda olması hazırda Qarabağ probleminin həllinə hər hansı müsbət təsir etməsə də, ölkəmizin qlobal təhlükələrdən sığortasıdır”.

interposta.info bildirir ki, bu sözləri politoloq Nəsimi Məmmədli ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargah rəislərinin görüşünün Bakıda baş tutmasına münasibət bildirərkən Pia.az-a açıqlamasında qeyd edib.

Dünən ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargah rəisləri - Cozef Danford və Valeri Gerasimovun Bakıda görüşü baş tutub. Görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin hazırkı durumu müzakirə olunub. Bakının görüş yeri seçilməsi isə ABŞ-ın təklifi olub. Ənənədən kənar olaraq, iki böyük dövlətin hərbi rəhbərlərinin görüş yerinin ABŞ tərəfindən Bakı olaraq seçilməsi Vaşinqtonun Kremlə verdiyi hansısa mesajı ifadə edirmi? Ümumiyyətlə, Bakının görüş yeri olaraq seçilməsinin Azərbaycan üçün hansısa müsbət tərəfləri ola bilərmi?

“Generalların görüşünün Bakıda olması ölkəmizin qlobal təhlükələrdən sığortasıdır” -

Nəsimi Məmmədli: “Tezliklə Suriya böhranı ilə bağlı ABŞ-ın yeni yanaşmasının şahidi olacağıq”.

ABŞ-ın görüş məkanı kimi Azərbaycanı seçməsinin müsbət hal olduğunu qeyd edən politoloqun fikrincə, bu seçim Azərbaycanın qlobal təhlükələrdən sığortası anlamına gəlir:

“ABŞ-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyur. Tramp Administrasiyasının həyata keçirməyə çalışdığı yeni xarici siyasət doktrinası Avropada, Çində, Rusiyada və Orta Şərqdə müzakirələrə və narahatlıqlara səbəb olub. Xüsusilə də dünyanın supergüc statusuna sahib olan ABŞ-la Rusiyanın münasibətləri uzun müddətdir normal olmadığından, bu münasibətlərin gələcək aqibəti daha çox diqqət mərkəzindədir. Rusiyanın Gürcüstanda və Ukraynada həyata keçirdiyi açıq aqressiya, habelə Orta Şərq böhranında tutduğu mövqe münasibətlərdə gərginliyi xeyli artırıb.

Üzləşdiyi sanksiyalar səbəbindən tədricən zəifləyən Rusiya, Qərblə münasibətlərini normallaşdırmaqda maraqlıdır. Amma Rusiya istəyir ki, ikitərəfli münasibətlərin normallaşmasında əsas mövzu kimi müzakirəyə öz sərhədlərindən uzaqda olan Suriya böhranını çıxarsın. Bu görüşdən ilk təəssürat belədir ki, Rusiya öz istəyinə qismən də olsa nail olub. Generalların Bakı görüşü məhz Orta Şərq böhranı ilə bağlıdır və bu, Rusiyanın maraqlarına cavab verir. ABŞ-ın isə Suriya böhranını diplomatların deyil, hərbçilərin iştirakı ilə birbaşa Rusiya ilə müzakirə etməsi də gələcəkdə aparılacaq siyasətin mesajıdır. Bu gün Suriyada İranın və Türkiyənin iştirakı ilə izlənən siyasi tənzimləmələr, nizamlayıcı təkliflər ABŞ və Avropa üçün arzuolunmaz idi. Deməli, Suriya böhranı ilə bağlı tezliklə ABŞ-ın yeni yanaşmasının şahidi olacağıq.

Belə bir görüşün Bakıda olması hazırda Qarabağ probleminin həllinə hər hansı müsbət təsir etməsə də, ölkəmizin qlobal təhlükələrdən sığortasıdır. Azərbaycanın yerləşdiyi coğrafiyanın beynəlxalq siyasi əhəmiyyətinin də ifadəsidir. ABŞ və Rusiyanın Azərbaycanı özünə təhlükəli məkan hesab etməməsi də diqqətdən qaçmamalıdır. Bu görüşdə Azərbaycanla bağlı birbaşa hər hansı xüsusi mesaj olmasa da, bütövlükdə müsbət haldır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26