Almaniyada 1933-cü il hadisələri —

Hitlerin diktaturası administrasiyaya hücumla başlayıb
Korrupsiya ilə mübarizə Hitlerə kansler olmağa kömək etdi.
XX əsrin ikinci yarısında “Reyxstaqın yandırılması” ifadəsi ümumiləşdi. Bu termin qəfil siyasi dəyişikliyə səbəb olan təxribat mənasını daşıyırdı. Belə siyasi sistem dəyişikliyi bir qayda olaraq, diktaturaya keçid mənasına gəlir. Məhz Reyxstaqın yandırılması məsələsi ilə Almaniyada sözün əsl mənasında nasistlərin diktaturası başladı.
Bu gün tarixə Reyxstaqın yandırılması kimi keçən hadisəyə işıq tutacaq.
1933-cü ilin fevral ayına qədər Hitlerin partiyası çoxpartiyalı sistem çərçivəsində kifayət qədər uğurla təmsil olunurdu. Amma partiya bununla qane olmurdu.
Ölkədə siyasi böhran dərinləşirdi. Növbədənkənar seçkilər bir-birini əvəz edirdi. 1932-ci ildə Hitlerin partiyası Almaniyanın aparıcı siyasi qüvvəsinə çevrildi. 1932-ci ilin Reyxstaq seçkilərində partiya daha yaxşı nəaliyyətlər əldə etsə də, parlamentdə tam çoxluq qazana bilmədi.
Almaniyanın iki güclü solçu partiyası-sosial demokratlar və kommunistlər arasında rəqabət nasistlərin işinə yaradı.
Hitler 1932-ci ilin noyabr ayında yenidən növbədənkənar seçilərin keçirilməsinə nail oldu. Bu dəfə də nasistlər qələbəni bayram etdilər. Nəticədə onlar yenə də parlamentdə tam səs çoxluğu qazana bilmədilər. Eyni zamanda, yay aylarında keçirilən seçkilərlə müqayisədə 2 milyon seçici səsi itirdilər.
Hitler anladı ki, parlamentarizm çərçivəsində mövqelərini gücləndirmək imkanı demə olar ki, tükənib. Bununla belə, Hitler 1933-cü ilin yanvar ayında Almaniya prezidenti Paul fon Gindenburq tərəfindən Reyxskansler təyin edildi. Artıq Adolf hökumətin rəhbəri idi. Prezidenti bu qərarı verməyə korrupsiya istintaqı məcbur etmişdi.
Nasistlər müəyyən etmişdilər ki, prezidentin oğlu Oskar fon Gindenburq vergi ödəməkdən boyun qaçırır və dövlət tərəfindən ayrılan dotasiyaları şəxsi məqsədləri üçün xərcləyir. Hitler bu korrupsiya sxeminə prezidentin də daxil olduğunu sübut edən faktları əlinə keçirmişdi. Gindenburq ifşa olunmaqdan qorxduğu üçün Hitlerə arzuladığı postu verdi.
Leydenli missioner
Bu yenilik yenə də partiyaya arzuedilən tam hakimiyyəti vermirdi. Çünki nasistlər parlamentdə tam çoxluğa sahib deyildilər. 1933-cü ilin 5 mart tarixinə yeni növbədənkənar seçkilər təyin edildi. Amma vəziyyətin nasistlərin xeyrinə dəyişəcəyinə heç bir əminlik yox idi.
Bu zaman Marinus van der Lyübbe səhnəyə çıxır. Hollandiyanın Leyden şəhərinin 23 yaşlı sakini, bənna Marinus gənc yaşlarından fəhlə hərəkatında iştirak edir. 1925-ci ildə isə Hollandiya Kommunist Partiyasının sıralarına daxil olur.
Gənc bənna kifayət qədər radikal baxış bucağı ilə fərqlənirdi. Bəziləri isə düşünürdü ki, Lyübbenin psixi problemləri var. Bir müddət sonra bənnanın Hollandiya komunistlərindən ümidi boşa çıxdı və məyus oldu. Sonra o, bir neçə radikal solçu qruplaşmalara qoşuldu.
Hitler hakimiyyətə gəldikdən sonra Lyübbe qərara gəldi ki, onun əsas hədəfi alman xalqını üsyana qaldırmaqdır. Van der Lyübbenin fikrinə görə, Berlində parlament binası Reyxstaq da daxil olmaqla bir neçə administrativ binanın yandırılması buna bir işarə olmalı idi.
Sonradan baş verən hadisələrə dair bir neçə versiya var. Bəzi sağçı tarixçilər əvvəlki kimi qeyd edirlər ki, van der Lyübbenin arxasında üsyana hazırlaşan alman kommunistlər durub. Sovet tarixçilərinin versiyasına əsasən, Reyxstaqın yandırılması alman hücumçuları tərəfindən həyata keçirilib. Lyübbe və onun kommunist partiyasının üzvü olması bütün dünyaya “kommunist üsyanı” kimi təqdim edilib.
Üçüncü versiyaya əsasən isə, Marius van der Lyübbenin tək hərəkət etdiyi bildirilir. Amma hitlerçilər onun planlarından əvvəlcədən xəbər tutdular və solçu radikalın hərəkətlərindən məqsədləri üçün istifadə etdilər.
Kommunist çevrilişinin ifşası
Ya zəlzələdən, ya vəlvələdən 1933-cü ilin 27 fevral tarixində, saat 22:00 radələrində Berlin Reyxstaqı yandırıldı. Hadisədən 90 dəqiqə sonra yanğın söndürüldü. Binanın yaxınlığında ələ keçən Marinus şübhəli şəxs elan edildi. Reyxskansler Adolf Hitler hadisə yerinə gəlir. O, baş verən yanğını kommunistlərin çevriliş cəhdi kimi qiymətləndirdiyini bəyan edir. Prussiya polisinin rəisi German Gerinq də bu fikri təsdiqlədi.
Təbii ki, “kommunist ittifaqı” işinin miqyası üçün bir nəfər, yəni van der Lyübbe az idi. Bu səbəbdən Lyübbedən sonra Almaniya kommunist partiyasının parlament fraksiyasının lideri Ernst Toqler və Almaniyada olan üç nəfər bolqar əsilli kommunist-Georgiy Dimitrov, Vasil Tanev və Blaqoy Popov həbs edildi.
Hələ kommunistlərin günahını sübuta yetirmək lazım idi. Amma nasistlər artıq fəaliyyətə başladılar. 28 fevral tarixində prezident Gindenburq fövqəladə dekret imzaladı. Bu dekret şəxsiyyət, toplantı, ittifaq, söz, nəşriyyat azadlığını ləğv edən, məxfi məktublaşma və şəxsi mülkiyyətin toxunulmazlığını məhdudlaşdıran “Xalq və dövlətin müdafiəsi” haqqında qanun idi. Almaniyada kommunist partiyasının fəaliyyəti qadağan edildi. Onun rəhbərləri və fəalları həbs edildi.
Bununla belə, bu şərtlərlə də, nasistlər 5 mart tarixində keçirilən parlament seçkilərində tam qələbə qazana bilmədilər.
Nasistlər administrasiyanı mühasirəyə aldılar
Belə olduğu təqdirdə nasist partiyasının liderləri demokratik institutların məhdudlaşdırılması kursuna davam etdilər.
İş yerlərində “xalq qəzəbi” aksiyaları başladı. Bu aksiyalarda yerli hakimiyyət orqanları nasist fəalları və hücumçuları tərəfindən ələ keçirilməsi və təcrid edilməsi prosesləri baş verirdi. Tezliklə yerli hakimiyyət administrasiyası nasistlərin nəzarəti altına keçdi. İğtişaşlar daxili işlər naziri Vilhelm Frikə fövqəladə vəziyyət elan etməyə əsas verdi. Bu vəziyyət ona nasistlərin nəzarəti altında olmayan yerli hakimiyyət orqanlarındakı adamları nasist partiyasının üzvləri ilə əvəz etməyə şərait yaratdı.
1933-cü ilin yay aylarında Almaniyanın bütün siyasi partiyaları ya ləğv edildi, ya da buraxılmaları barədə bəyanat verdilər. Nasist partiyası ölkənin yeganə siyasi partiyasına çevrildi. 1933-cü ilin 22 mart tarixində Daxau əsir düşərgəsi fəaliyyətə başladı. Bu düşərgənin ilk əsirləri Reyxstaqın solçu partiyasının deputatları idi.
1933-cü ilin 14 iyul tarixində yeni qanun qəbul edildi. Bu qanuna əsasən, yeni siyasi partiyanın yaradılması cinayət məsuliyyəti hesab edilirdi. Hitler istəyinə nail oldu. Bununla belə, bu dövrdə Adolf Hitler digər dövlətlərin nəzərində ölkədə qanuna hörmət edildiyi, qanuna tabe olunduğu imicini yaratmağa çalışırdı. Məhz bu məqsəd üçün “Leypsiq prosesi” təşkil edildi. “Leypsiq prosesi”ndə nasistlər kommunistlərin sui-qəsd planlarını tam ifşa etmək üçün yığışdılar. Müttəhimlər kürsüsündə Reyxstaqın yandırılması işinə görə şübhəli bilinən 5 nəfər saxlanılan kommunist oturmuşdu.
Dimitrov Gerinqi nokauta göndərdi
Nasistlər düşünürdülər ki, prosesi açıq keçirmək onlara asanlıqla müəssər olacaq. Van der Lyübbe yandırılma faktını etiraf etdi. Torqler müdafiəçi kimi nasist vəkili seçmişdi və rahatlıqla əməkdaşlığa razılıq vermişdi. Tanev və Popov alman dilini bilmirdi. Eyni zamanda, parlaq oratorlar sayılan German Gerinq və Yozef Gebbels məhkəmədə ittihamçı tərəf kimi təqdim edilməli idilər. Amma onlar beşinci müttəhim Georgiy Dimitrovu nəzərə almamışdılar. Bolqar əsilli Dimitrov Kommunist partiyasının fəalı idi. Alman dilində mükəmməl danışan müttəhim heç də Hitlerin silahdaşlarından geri qalan orator deyildi.
Nəticədə, Dimitrov proses boyu daşı daş üstə buraxmadı, heç bir ittiham sübut edilmədi. Gering isə isterika həddinə çatdı. Nasistlərin iflası və uğursuzluğu o dərəcədə açıq-aydın idi ki, Dimitrovu 5 dəfə məhkəmə salonundan çıxardılar və 30 dəfə sözünü kəsdilər.
“Kommunist sazişi” gözlər önündə yoxa çıxdı. Məhkəmə Dimitrov və Torqlerin alibilərinin olduğunu etiraf etdi. Torqler proses boyu o dərəcədə fəal olmasa da, tezliklə kommunist partiyası sıralarından ixrac edildi. Müharibə illərində o, Yozef Gebbelsin təbliğat bölməsində çalışır.
Məhkəmə Dimitrov və yoldaşlarına bəraət versə də, nasistlər onları həbsdən azad etmədilər. Bu zaman Sovet İttifaqı məsələyə qarışdı. Dimitrov, Tanev və Popova SSRİ vətəndaşlığı təqdim edildi. Bundan sonra kommunistlər SSRİ-yə sürgün edildi.
Ölümündən sonra əfv edilmiş
Nasistlər bütün əsəblərini van der Lyübbedən çıxdılar. Reyxstaqı yandırdığı üçün günahkar bilinən Lyübbe 1934-cü ilin 10 yanvar tarixində Leypsiq həbsxanasında gilyotinada edam edildi. “Leypsiq prosesi”ndə məğlubiyyət nasistləri bu tip məhkəmələr keçirməkdən imtina etməyə məcbur etdi. Onların bir çox rəqibləri, məsələn, kommunistlərin lideri Ernst Telman məhkəməsiz və istintaqsız əsir düşərgələrində edam edildi.
2008-ci ilin yanvar ayında Almaniya hökumətinin federal məhkəməsi 1998-ci ildə qüvvəyə minmiş ədalətsiz nasist məhkəmə qərarları barədə qəbul edilmiş qanuna əsasən Marius van der Lyübbe ölümündən sonra əfv edildi.../ölkəz
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26