Interposta.Info

Xalq şairi Siyavuş Novruzov haqda:

Ölkə
 13-02-2017, 12:50     2 915

Xalq şairi Siyavuş Novruzov haqda:

Siyavuş Novruzovun xəstəliyi ilə bağlı son günlərdə davam edən müzakirələri oxuyanda, düzü, ürəyim ağrıdı və heyrətləndim. Biz niyə bu qədər daş ürəkli, mərhəmətsiz olmuşuq? Niyə içimiz kinlə, nifrətlə dolur, sevgi hissimiz itir, ictimai əxlaqımız pozulur, hər şeyi siyasi müstəvidə görürük?

Axar.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı millət vəkili Siyavuş Novruzovun ağır xəstə olması ilə bağlı yayılan iddialar haqda Feysbuk səhifəsində yazıb. O, millət vəkilinin xeyirxah, etibarlı insan olduğunu bildirib:

“Yerlibazlıq, insanlara haralı olması meyarı ilə baxmaq ibtidai təfəkkürün nəticəsidir və milləti geri çəkən məsəlidir, bizə yaraşmaz. Hansı cəbhədə olmasından, kimliyindən asılı olmayaraq, insanın xəstəliyinə sevinmək və bunu müzakirəyə çıxarmaq insanlıq deyil və Allaha xoş getməz. Bəzən xəstəliyi həkimlər də öz xəstəsindən gizlədir. Hər kəsin çevrəsi, yaxınları, ailəsi, uşağı var. Bu müzakirələrin onlara necə təsir edəcəyini düşünməmək vəhşilikdir. Siyasi opponentlik və ya tənqid üçün şəxsin xəstələnməsini gözləməzlər! Hər kəsin imkanı var, sağlam vaxtında iradını da, bəyənmədiyini də yaza bilər, ona qarşı mübarizə də apara bilər. Ancaq adam xəstələnəndən sonra buna sevinmək yaxşı iş deyil. Allah bütün xəstələrimizə şəfa versin! Səyavuşa gəlincə, onun xəstəliyi barədə heç nə bilmirəm. Kaş yalan olsun! Biz Səyavuşla ayrı siyasi cəbhələrin adamlarıyıq. Məclisdə həmişə fərqli mövqedən danışmışıq. Lakin ondan heç zaman sayğısızlıq görməmişəm. Mən də onun çıxışlarına təəccüblənməmişəm. Çünki o, bir siyasi partiyanın funksioneridir və öz vəzifəsini öz partiyadaşlarından daha ardıcıl, açıq, imkanı daxilində, sədaqətlə yerinə yetirir. Siyasətdən və məclisdən kənar Səyavuş Novruzov xeyirxah, dostluqda etibarlı, həyatın çətinliklərindən keçib gəlmiş adamdır. Çox mütaliə edir, yaxşı ədəbiyyat həvəskarıdır. Mövqeyini açıq deyən, öz böyüklərinə və tutduğu yola bağlı olan adamdan ziyan gəlməz. Üzdə bir cür, arxada başqa cür olan adamlardan qorunmaq lazımdır. Nifrət hədəfi Səyavuş Novruzov kimi mövqeyini bəyənmədiyimiz, lakin öz mövqeyində sabitqədəm, milli təfəkkürü yerində olan adamlar yox, Araz Əlizadə kimi bütün mahiyyəti xəyanətdən ibarət olan türk düşmənləri olmalıdır. Rəqiblə mübarizə apararkən öz gücünə arxalanmalısan. Kişi düşməninə də qəfil xəstəlik arzulamaz...”

Qeyd edək ki, mətbuatda Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun xəstə olması ilə bağlı xəbərlər yayılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26