Interposta.Info

“Nure Azərbaycan” qəzetində

Ölkə
 30-01-2017, 11:53     550

“Nure Azərbaycan” qəzetində

İranda nəşr olunan “Nure Azərbaycan” qəzetində Azərtac-ın bu ölkədəki xüsusi müxbiri Rabil Kətanovun “20 Yanvar xalqımızın qan yaddaşında şərəfli mübarizə günüdür” başlıqlı məqaləsi dərc edilib

Materialda bildirilir ki, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qanlı divan tutuldu.

Diqqətə çatdırılıb ki, Qanlı Yanvar faciəsinin səhəri günü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, bəyanat verərək xalqımızın kədərini bölüşdü. Heydər Əliyev kommunist rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi, xalqına qarşı törədilən qırğınlara, günahsız insanların öldürülməsinə etirazını bildirdi və günahkarların cəzalandırılmasını tələb etdi. Ulu Öndərin bu addımı o dövrdə çətin günlər yaşayan xalqımıza böyük dayaq və dəstək oldu.

Məhz Heydər Əliyevin bəyanatından sonra Azərbaycan xalqı azadlıq uğrunda mübarizəsini davam etdirdi. Hadisələrdən dərhal sonra kommunist partiyası sıralarından çıxdığını bəyan edən Heydər Əliyev xalqının dar günündə Azərbaycana qayıtmağı özünə borc bildi. Lakin imperiyanın Bakıdakı əlaltıları onu xalqdan uzaqlaşdırmağa çalışdılar və Heydər Əliyev doğulduğu Naxçıvana qayıtmalı oldu. Burada xalq öz liderini hərarətlə qarşıladı və 1990-cı ilin sentyabrında keçirilən seçkilərdə Naxçıvan Ali Sovetinin sədri seçdi.

Ali Sovetin ilk sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə 3 mühüm qərar qəbul edildi. Birincisi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi və Naxçıvan Muxtar Respublikası adlandırıldı. İkincisi, tarixi ənənə bərpa olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 3 rəngli milli bayrağı dövlət bayrağı kimi qəbul edildi. Üçüncüsü isə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də qanlı 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verdi. Azərbaycan xalqına qarşı törədilmiş bu siyasi-hərbi cinayətin cavabdehlərinin, günahkarlarının adları açıqlandı.

Hər il yanvarın 20-si Azərbaycanda ümumxalq matəm günü kimi qeyd edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26