Interposta.Info

“Türmeşik”, mühacir, alverçi... –

Ölkə
 30-01-2017, 10:12     1 099

“Türmeşik”, mühacir, alverçi... –
interposta.info bildirir ki, ANV.az vaxtilə ölkənin müxtəlif sahələrinə rəhbərlik etmiş sabiq nazirlərin hazırki fəaliyyətləri ilə bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki:

Sabiq İqtisadi İnkişaf naziri Heydər Babayev hazırda bizneslə məşğuldur. Rəsmi olaraq adına heç bir şirkət olmasa da, bir neçə ay öncə fəaliyyəti dayandırılmış - “Bank Standart”, “Standart Sığorta”, “Çudo Peçka” şirkətlərinin ona məxsus olduğu deyilir.

Daha bir sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev
2005-ci ildə həbs olunsa da, artıq bir neçə ildir ki, azadlıqdadır. Sabiq nazirin hazırda bizneslə məşğul olduğu deyilir. Onun Almaniya, Türkiyə və Moldovada fəaliyyət göstərən bir sıra şirkətlərə rəhbərlik etdiyi iddia olunur.

Sabiq Xarici İşlər naziri Vilayət Quliyev hazırda da diplomatik fəaliyyətdədir. Nazir vəzifəsindən azad olunduqdan sonra müxtəlif dövlətlərdəki diplomatik missiyalarımıza rəhbərlik edən V.Quliyev hazırda Azərbaycanın Macarıstandakı səfiridir.

Daha bir sabiq Xarici İşlər naziri Həsən Həsənov da ölkəmizi Polşada səfir kimi təmsil edir. Bundan öncə Baş nazir, Xarici İşlər naziri, Baş Nazirin birinci müavini, Azərbaycanın BMT-də, Macarıstanda səfiri kimi xüsusi vəzifələr tutub.

Sabiq Səhiyyə naziri Əli İnsanov məhbus həyatı yaşayır. 2005-ci ilin oktyabrında həbs edilən Ə.İnsanov vəzifədə olduğu müddətdə iqtidarın ünvanına bircə mənfi söz deməsə də, hazırda hakimiyyətin ünvanına çox kəskin çıxışlar edir. Bu isə cəmiyyətdə onun haqqında siyasi riyakar imici formalaşdırır.

Sabiq Baş Nazir Rəhim Hüseynovun 81 yaşı var. Uzun müddət “Xəzər” Fonduna rəhbərlik edən R.Hüseynovun hazırda təqaüdçü olduğu, heç yerdə işləmədiyi deyilir.

Daha bir sabiq Baş Nazir Pənah Hüseyn də hazırda işsizdir. Bir müddət Milli Məclisdə təmsil olunsa da, bu gün yalnız “Yeni Müsavat” qəzetinin danışmanı kimi gözə dəyir.

Sabiq Maliyyə naziri Saleh Məmmədov elmi fəaliyyətlə məşğuldur. İqtisadiyyat elmləri doktoru, professor S.Məmmədov maliyyə sahəsində müstəqil araşdırmalar aparır.

Sabiq sabiq Xarici İşlər naziri Tofiq Qasımov həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayır. Bir ara müxalifət fəallarından olan T.Qasımov 18 ildir ümumiyyətlə siyasətlə məşğul olmur.

Sabiq Maliyyə naziri Əvəz Ələkbərov
elmi araşdırmalar aparır. İqtisadçı alim paralel olarq ictimai fəaliyyətlə də məşğuldur.

Keçmiş Milli Təhlükəsizlik və Rabitə və Yüksək Texnologiyalar nazirləri – Eldar Mahmudov və Əli Abbasovun başları üzərində “qara buludlar” dolaşır. Hər iki keçmiş nazir azadlıqda olsalar da, adları “MTN işi” ilə bağlı araşdırmalarda keçir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26