Interposta.Info

Əbədi 21 Yaş: Dayanmayan Zamanın Ucalıq Zirvəsi

Müxtəlif
 14-08-2025, 10:39     43 133

Ölüm əslində yoxluq və ya heçlik demək deyil; ölməzlik mövcud olan əbədi dünyaya səyahətdir. Şəhidlik sadəcə ölüm deyil; Vətən, torpaq, nəcib ideallar uğrunda canından keçmək, şüurlu şəkildə canını fəda etmək, həyatdan payını gələcək nəsillərin xoşbəxtliyinə həsr etməkdir. Hamıdan böyük bir zirvə var: Şəhidlik zirvəsi. Ancaq bu zirvəyə çatmaq hər kəsə nəsib olmur. Bu zirvə müqəddəs ideal uğrunda mübarizə aparanların, onun azadlığı uğrunda canından keçənlərin, düşmənin gözünə mərdliklə baxa bilənlərin zirvəsidir. Onlar ölmürlər; əbədi yaşayırlar.
Şəhidlərimiz qaranlıq keçmişimizdən işıqlı gələcəyimizə uzanan hürriyyət cücərtiləri, yüksəlişə, əzəmətə can atan qəlblərimizin dünyasıdır. Vətən sevgisi, torpağa, vətənə sədaqət bu qəhrəmanların həyat məqsədinin mahiyyətini təşkil edir. Vətənini və torpağını canından çox sevən qəhrəmanlardan biri də ruhu bu gün Ağdam səmasında dolaşan Ramiq Abidovdur. Birinci Qarabağ müharibəsi şəhidi Ramiq Ramiz oğlu Abidov, 13 avqust 1971-ci ildə Bakı şəhərinin Suraxanı rayonunda dünyaya gəlmişdir. 1978-ci ildə Bakıdakı 85 nömrəli tam orta məktəbin birinci sinfinə başlamış, 1986-cı ildə səkkizinci sinfi bitirdikdən sonra 1 saylı Texniki Peşə Məktəbinin Elektrik-qazqaynaqçısı ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə Suraxanı Maşınqayırma Zavodunda başlamışdır.
1989-cu ildə Sovet Ordusuna hərbi xidmətə çağırılan Ramiq Abidov, əsgərlik müddətini Türkmənistan SSR-nin Kərki şəhərində sərhəd qoşunlarında keçirmişdir. 1991-ci ildə hərbi xidmətini başa vuraraq 3 fəxri fərman və müxtəlif fərqlənmə nişanları ilə doğma vətəninə qayıtmışdır.
Vətəninə dönən Ramiq Abidov, Qarabağda gedən döyüşlərin gərgin mərhələsində könüllü olaraq cəbhəyə yollanmışdır. O, qısa zamanda göstərdiyi cəsarət, döyüş nizam-intizamı və sərrastlığı ilə silahdaşlarının hörmətini qazanmışdır. Xüsusilə Ağdam istiqamətində aparılan müdafiə əməliyyatlarında fəal iştirak etmiş, düşmənin hücumlarının qarşısının alınmasında mühüm rol oynamışdır.
Şəhidin cənazəsi, böyük izdihamın iştirakı ilə doğulduğu Bakı şəhərinin Suraxanı rayonunda torpağa tapşırılmışdır. Onun xatirəsi, yaşadığı məhəllədə, təhsil aldığı məktəbdə və xidmət etdiyi hərbi hissədə daim ehtiramla yad edilir. Ramiq Abidov, nümayiş etdirdiyi igidlik və sarsılmaz vətənpərvərlik nümunəsi ilə Birinci Qarabağ müharibəsinin ölümsüz qəhrəmanları arasında əbədi yerini almışdır.
1992-ci ildə Qarabağda gedən dəhşətli müharibəyə, bir çox qəhrəman oğullarımız kimi, o da biganə qala bilməmişdir. Qanında Qarabağ irsini daşıyan, ən çox şəhid verən yurdlardan biri olan Ağdamın yetirməsi idi. Qarabağda baş verən dəhşətli qırğınlar Ramiq kimi bir qəhrəmanı narahat edir, bu narahatlıq isə heç vaxt səngimirdi. Beləcə, Vətəndə aparılan, lakin rəsmi olaraq elan edilməyən müharibənin dəhşətlərinə dözməyən 21 yaşlı gənc, bir neçə ay sonra Milli Ordunun könüllü əsgəri kimi cəbhəyə yollanmışdır. O, elə ilk gündən ən qaynar döyüş bölgələrində vuruşmağa başlamış, bir hissə komandiri kimi, silahdaşları ilə birlikdə Ağdam rayonu istiqamətində gedən bütün döyüşlərdə fəal iştirak etmişdir. Bu müddət əsrzində cəsurluğu ilə seçilən Ramiq, Dəhrəz kəndi uğrunda gedən döyüşlərin birində yaralansa da, bu vəziyyətinə baxmayaraq, Vətən sevgisi onu geri çəkilməyə qoymamışdır. Yarası sağalandan sonra yenidən döyüş meydanına qayıdan Ramiq Abbasov, 1992-ci ilin sentyabr ayında Sırxavənt kəndi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına vuruşaraq ağır yaralanmış və şəhidlik zirvəsinə ucalmışdır. O, 5 sentyabr 1992-ci ildə böyük izdihamın iştirakı ilə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Xatirəsini əbədiləşdirmək məqsədi ilə 1995-ci il may ayının 15-də bitirdiyi 85 nömrəli tam orta məktəbə onun adı verilmişdir. Mənim də məzunu olduğum məktəbdə hər il Ramiq Abidovun anım gününə həsr olunmuş tədbir keçirilir.
Sabir Yusifov, Ramiq Abidovun keçdiyi döyüş yoluna həsr olunmuş “Zirvə” adlı poemasını qələmə almışdır. İndi isə həmin poemadan bir parçanı təqdim etmək istəyirəm:


Ramiqim nə gördü axı dünyada
Ksm alıb yetmədi arzu, murada
Həsrəti qəlbimi salıbdı oda
Niyə verdiyini tez alır dünya?!


Deyirlər, Şəhid qanı ilə suvarılmayan torpaq zəfər bayrağı bitirməz! Nə qədər haqlı fikirdir. Bəli, şəhidlər Azərbaycanın hər bölgəsində and yeri kimi müqəddəslik qazanmış Şəhidlər xiyabanlarında əbədi məskən salmaqla gənclərimizə örnək oldular və ölümləri ilə bir həqiqəti təsdiqlədilər: qəhrəman o insandır ki, özünü həyat uğrunda mübarizələrdə ölümə qalib gəlməklə təsdiqləyir.

Elza İbadova Filoloq

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26