Səhiyyə Nazirliyi EG.5-lə bağlı əhaliyə xəbərdarlıq etdi
"COVID-19-un Omikron ştamının yeni altnövü EG.5 əvvəlki digər altnövlərdən daha yüksək səviyyəli yoluxuculuğu ilə fərqlənir və bu virusun təbii təkamülündə bir mərhələdir”.
Bunu "Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, yəni təkamül prosesində çoxsaylı mutasiyalar baş verir və yeni altnövlər əmələ gəlsə də, bunlardan yalnız ən sürətlisi daha çox yayılır:
"Yayılma sürəti həmin növün insanlarda koronavirusa qarşı mövcud immunitetdən yayınmaq qabiliyyəti ilə müəyyən olunur. Beləliklə bu növlərdən biri və ya bir neçəsi daha çox yayılır və müəyyən vaxt ərzində dominantlıq edir. Bu hal sonradan daha sürətli variantın peyda olmasınadək davam edir”.
Mütəxəssis qeyd edib ki, hər yeni sürətli variantın əmələ gəlməsi anında müəyyən narahatlıqlar yaranır:
"Lakin indiyədək bu alt variantın daha ağır hallar törətməsinin sübutu yoxdur. Yəni, intensiv terapiya bloklarında artım müşahidə olunmur, bu infeksiyadan ölüm halları isə azalmaqda davam edir”.
T.Eyvazov vurğulayıb ki, istənilən halda epidemioloji proses diqqətlə izlənilməlidir:
"Azərbaycanda EG.5 ştamının olması barədə rəsmi məlumat yoxdur. Ümumilikdə koronavirus infeksiyası dalğalarla yayılan infeksiya kimi səciyyələnir. Növbəti dalğalar olsa, əhali daha diqqətli olmalıdır. Qorunma tədbirləri bütün növlər üçün eynidir”.
"Hələ ki, ölkədə epidemioloji durum nəzarət olunandır, yoluxuculuq minimal həddədir. Lakin artımlar olsa, xüsusən də payız-qışa mövsümündə nəinki koronavirusdan, o cümlədən bütün respirator viruslardan qorunma tədbirlərinə hər bir şəxs tərəfindən ciddi əməl olunmalıdır. Mövsümlə əlaqədar risk qrupuna daxil olan şəxslər qripə qarşı, o cümlədən koronovirusa qarşı peyvənd olunması məsləhətdir. İnfeksiyaların alovlanmaları zamanı əhaliyə qapalı məkanlarda maska geyinmək və s. kimi tövsiyələr olsa da, daha sərt tədbirlərin görülməsinə ehtiyacın olmayacağı güman olunur. Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları beynəlxalq təcrübəyə əsaslanaraq epidemioloji prosesi daim izlənilir və bütün mümkün qabaqlayıcı tədbirlər görülür. Bu tədbirlər çərçivəsində əhalinin kütləvi informasiya vasitələri ilə dürüst məlumatlandırılması da böyük əhəmiyyət daşıyır”, - infeksionist əlavə edib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26