Interposta.Info

"Salam, Coel!" - Düz 50 il əvvəl edilən ilk mobil telefon zənginin tarixçəsi

Müxtəlif
 4-04-2023, 14:39     328

Düz 50 il əvvəl, 3 aprel 1973-cü ildə mobil telefonla ilk zəng edilib. Cihazdan "Motorola” mühəndisi Marti Kuper istifadə edib və o, ilk zəngi əsas rəqibinə - eyni istiqamətdə çalışan "Bell Laboratories”in əməkdaşı Coel Engelə zəng edib.

"İnterPosta"xəbər verir ki, bu barədə BBC yazır.

Hazırda 94 yaşlı Kuper BBC-yə bildirib ki, həmin gün Nyu Yorkun Altıncı avenyunun kəsişməsinə gedib və cibindən nömrələr kitabçasını çıxarıb. Orada istədiyi telefon nömrəsini tapıb və qulağına yaxınlaşdırdığı iri krem rəngli cihazın düymələrini basmağa başlayıb, yoldan keçənlərin çaşqın baxışlarını görüb.

"Mən ona dedim: "Coel, mən sənə mobil telefondan zəng edirəm, əsl mobil telefondan – personal portativ cihazdan. Xəttin o biri ucunda səssizlik hökm sürürdü. Düşünürəm ki, onun edə biləcəyi tək şey dişlərini qıcırtmaq idi”, - Kuper gülərək xatırlayır.
Məsələ burasındadır ki, "Bell Laboratories” o zaman yalnız avtomobildə işləməli olan mobil telefon hazırlamaq üzərində çalışırdı. "Təsəvvür edirsiniz? Hansısa mis məftillər üzündən 100 ildən artıqdır ki, evimizdən, ofisimizdən çıxa bilmirik. İndi də istəyirlər ki, maşınlarımızdan çıxa bilməyək", - mühəndis deyir.

Motorola fərqli bir yolla getmək qərarına gəldi və tarix göstərdi ki, bu yol düzgün yoldur.

Ancaq indiki cib telefonları, əlbəttə ki, Kuperin 1973-cü ildə istifadə etdiyi cihazdan çox fərqlidir. Bu telefonun istehlakçı versiyası olan Motorola Dynatac 8000X bazara yalnız 11 il sonra, 1984-cü ildə çıxdı.

Bahalı və ağır

Mobil Telefonlar Muzeyinin rəhbəri Ben Vudun sözlərinə görə, bugünkü pulla bu cihazın qiyməti 11,7 min dollardır.

"Salam, Coel!" - Düz 50 il əvvəl edilən ilk mobil telefon zənginin tarixçəsi


Motorola-nın ilk mobil telefonunun istehlakçı versiyası indi Mobil telefon muzeyinin kolleksiyasındadır.

Əlbəttə ki, həmin telefon istənilən müasir telefondan daha az funksiyaya sahib idi. "Əslində, siz yalnız nömrə yığıb zəng edə bilərdiniz, - Vud deyir. - Nə mesaj, nə də kameralar var idi. Bir şarjla danışıq müddəti 30 dəqiqə, doldurulması 10 saat, akkumulyator gözləmə rejimində 12 saat çalışırdı, cihazın 15 sm-lik antenası var idi”.

Belə bir telefonun çəkisi 790 qram idi, məsələn, çəkisi 172 qram olan iPhone 14-dən təxminən dörd dəfə ağır.

Bununla belə, Marti Kuper 2023-cü ildə cib telefonlarının dizaynından çox da razı deyil. Amma etiraf edir ki, telefonları kameraları və internetə çıxışı olan superkompüterlərə çevirərək bu texnologiyanın nə qədər uzağa gedəcəyini təsəvvür belə edə bilməzdi.

"Düşünürəm ki, bugünkü telefon optimal deyil. Bir çox cəhətdən o, çox yaxşı cihaz deyil. Baxın. Siz düppədüz bir plastik və şüşəni götürürsünüz və onu düz olmayan başınıza sıxırsınız. Əlinizlə tutmaq sizin üçün narahatdır. Və onun edə biləcəyi bütün gözəl şeyləri etmək üçün əvvəlcə bir proqram tapmalısınız", - mühəndis deyir.

Kuperin sözlərinə görə, gələcəkdə süni intellekt telefon sahibinin ehtiyaclarından asılı olaraq proqramlar tapa və ya hətta inkişaf etdirə biləcək. Mühəndis həmçinin hesab edir ki, telefonlar insanların sağlamlığına daha dəqiq nəzarət edəcək, səmərəliliyi artıracaq və ümumiyyətlə, həyatımızın keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26