Interposta.Info

“Sükan arxasında telefona və güzgüyə az baxın” – Vaqif Əsədovdan xanım sürücülərə MÜRACİƏT

Müxtəlif
 15-04-2022, 16:56     130

Kişi sürücülərdən tez-tez bu şikayətləri eşidirik ki, xanımlar maşın sürə bilmir. Fikir versək görərik ki, xanımlar nəqliyyat vasitəsini çox ehtiyatla sürməyə çalışır. Bu da yolda ləngimələrə səbəb olduğu üçün kişi sürücüləri əsəbləşdirir. Xanımlar nə qədər ehtiyatla sürsə də, onların da səbəb olduğu qəzaların, qayda pozuntularının şahidi oluruq. Xüsusilə paytaxtda belə hallara tez-tez rast gəlinir.

Maraqlıdır, Bakıda bu ilin ilk rübündə nə qədər xanım sürücü qaydaları pozub, qəza törədib?

Mövzu barədə Redaktor.az-a danışan Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov hesab edir ki, sükan arxasındakı şəxsləri cinslərə bölmək düzgün deyil:

“Mən hesab edirəm ki, sürücülərin kateqoriyalara bölünməsi, kişi və qadın cinslərə ayrılması, bu elə yol hərəkəti haqqında qanunun tələbinin pozulması kimi qiymətləndirilir. Çünki sükan arxasında olan şəxs hər kim olursa-olsun, o artıq sürücüdür. Ölkəmizdə bir milyon 500 minə yaxın nəqliyyat vasitəsi var və bu qədər də sürücü mövcuddur. Sürücü xanımların sayı isə təxminən 40-50 mindir. Yəni çox azlıq təşkil edir. Ancaq yol hərəkətində təhlükəsizliyin təmin edilməsi üçün kim olursa-olsun qaydaları bilməlidir və bu qaydalara uyğun hərəkət etməlidir. Mən hesab edirəm ki, sürücü xanımlar çox ehtiyatla maşın sürür”.

Polkovnik bununla belə qadın sürücülərin də qəza törətdiklərini bildirdi:

“Baş vermiş yol qəza hadisələrini diqqətlə analiz edəndə, təəssüflər olsun ki, sürücü xanımlar da sükan arxasında var. Hər halda idarə edilən nəqliyyat vasitəsinin növündən, nömrəsindən və sürücüsündən asılı olaraq yol qəza hadisəsi baş vermir. Yol nəqliyyat hadisəsi sürücünün hansı formada idarə etməsindən asılı olaraq baş verir. Ona görə də hesab edirəm ki, sürücü xanımlar da çox ehtiyatla maşın sürür. Onlar da çalışırlar ki, nümunəvi maşın sürsünlər ki, yol qəza hadisəsinə rast gəlməsinlər”.

Vaqif Əsədovun sözlərinə görə, kişi və xanım sürücülər arasında bir sıra fərqlər var:

“Məsələn təhlükəsizlik kəmərini xanımlar daha çox bağlayır. Amma sükan arxasında mobil telefonla danışanların arasında xanımlar daha çoxdur. Belə fərqlər var. Xanımlar arasında yol hərəkəti qaydalarının pozulması faktları var. Amma kişilərlə müqayisədə çox azdır. Cəzalanan azdır. Kəmər taxırlar, ehtiyatla sürürlər, sürət həddini aşmırlar. Kişilər isə sürətə üstünlük verir. Qəzalar da var”.

Vaqif Əsədov xanımlara müraciət etdi ki, sükan arxasında telefona və güzgüyə az baxsınlar:

“Əgər 40-50 min xanım sürücü varsa, onlar bütün sürücülərin onda biri qədərdir. Müqayisə etsək çox azdır. Qadın sürücülər sükan arxasında mobil telefonla danışmağa üstünlük verir. İdarəetmədən diqqətin yayınmaması üçün bir daha xanımlarımıza müraciət edirik ki, diqqətli olun, idarəetmədən diqqətiniz yayınmasın. Yəni tez-tez güzgüyə baxırlar, belə faktlar var”.

Sonda Vaqif Əsədov qeyd etdi ki, xanımlar sürücülükdə kişiləri üstələyir:

“Mən sevinirəm ki, bütün sahələrdə xanımlar da kişilərlə bərabərdirlər. Dövlət işlərində, bir çox sahələrdə xanımlarımız öz güclərini ortaya qoyub sübut ediblər ki, onlar daha irəlidədirlər. Sürücülükdə də həmçinin. Bu o deməkdir ki, xanımlarımız bütün sahələrdə fərqlənir. Demək olar ki, öndə, birinci yerdədirlər. Xanımlarımıza maşın sürmək yaraşır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26