Interposta.Info

Nəyə əsasən deyə bilərik ki, ölkədə təhsilin keyfiyyəti yoxdur? - Ekspert

Müxtəlif
 25-12-2021, 09:47     460

"Orta məktəblərdə tədrisin keyfiyyətinin artırılmasını istəyiriksə, mütəmadi olaraq hər il hər kəsi monitorinq etməliyik. Bu yolla insanlarda məsuliyyət yaratmaq olar”.

"İnterPosta"nın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov təhsil naziri Emin Əmrullayevin Azərbaycanda orta təhsilin keyfiyyəti məsələsində ciddi problemlərin olduğu barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib:

"Hansı meyarlar əsasında deyə bilərik ki, ölkədə təhsilin keyfiyyəti yoxdur? Uşaqlar repetitorun yanına gedirsə, bu, heç də orta məktəbdə keyfiyyətin aşağı düşməsi demək deyil. Orta məktəbin funksiyası bilik və bacarıqları formalaşdırmaqdır”.

Ekspertin fikrincə, Azərbaycanda sadəcə məktəbin funksionallığı itib:

"Orta məktəbin əsas funksiyası şəxsiyyət yetişdirməkdir. Deməli, yaxşı məktəb heç də 600 baldan daha çox bal toplayan şagirdi olan məktəb deyil. Ən yaxşı məktəb yaxşı əsgər, ana və vətəndaş yetişdirən məktəbdir”.

K. Əsədov hesab edir ki, məktəb sistemini təkmilləşdirməliyik:

"Şagirdlər kimi müəllimin də hər il necə dərs keçdiyini yoxlamalıyıq. O fikirlə razı deyiləm ki, Azərbaycanda orta təhsilin keyfiyyəti aşağıdır. Sadəcə, balans düzgün qurulmayıb. 2021-ci ilin qəbul imtahanında 250 məktəbin bir nəfər də şagirdi ali məktəbə qəbul olunmayıb. Həmin məktəbdə bir nəfər də olsa rəhbər kadr və müəllim cəzalanmadı. Keyfiyyəti müəyyənləşdirmək üçün toplanılan maksimum bal üzrə yoxlamamalıyıq. Yoxlama şagirdlərin minimum cavab verib-verməmələri üzrə aparılmalıdır. Bu mənada Azərbaycan təhsili minimum bilik və bacarıqları verməlidir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26