Interposta.Info

Daşkəsən rayon İcra hakimiyyətindən rayonun Dəstəfur kəndində baş vermiş hadisə ilə bağlı AÇIQLAMA

Müxtəlif
 20-12-2021, 23:27     586

Daşkəsən rayon İcra hakimiyyəti olaraq bildiririk ki, müxtəlif sosial şəbəkələrdə guya Daşkəsən rayon Dəstəfur kənd sakini şəhid anası Şıxıyeva Sevda İsrafil qızının Daşkəsən RİHB-nin Dəstəfur kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Cəfərova Lalə Rafail qızı tərəfindən döyülməsi ilə bağlı yayımlanan video-material tamamilə yalan, əsassız və şantaj xarakterlidir, Sevda Şıxıyevanın öz qanunazidd əməllərini ört-bastır etməklə bəraət qazanmaq, məsuliyyətdən yaxa qurtarmaq, ictimai fikri çaşdırmaq və cəmiyyətdə rəy yaratmaq cəhdidir. Sözügedən məsələ Daşkəsən rayon hüquq-mühafizə orqanlarında hazırda nəzarətə götürülməklə hüquqi qiymət verilməsi üçün araşdırılır.
Belə ki, 17.12.2021-ci il tarixdə saat 17:00 radələrində Sevda Şıxıyeva, əri Raqif Şıxıyev, oğlu Sərxan Şıxıyev, bacısı oğlu Asif Məmmədov və yaxınları olan bir qrup şəxs Dəstəfur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına əvvəlcədən planlaşdırdıqları surətdə küt alətlərlə basqın etmişlər, vəzifə səlahiyyətlərini icra edən Lalə Cəfərovanı xidməti otağında döyərək ona ağır bədən və kəllə-beyin xəsarətləri yetirmişlər. Lalə Cəfərova hazırda Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın travmatologiya şöbəsindədir, vəziyyəti ağır olaraq qalır.
Həmçinin Sevda Şıxıyeva və onun yaxınları nümayəndənin müavini Anar Abbasova, Sevda Şıxıyevanın və onun dövlət çevirilişi ilə bağlı 13 il məhkumluq yaşamış bacısı oğlu Asif Məmmədovun göstərişi ilə huşsuz vəziyyətdə yerə uzanmış Lalə Cəfərovanı kəndirlə bağlayıb avtomobilə qoşmaqla sürüməyə cəhd edərəkən ona kömək etmək istəyən bacısı Pərvanə Cəfərovaya xəsarətlər yetirmiş və köməyə gələn Dəstəfur kənd sakini Daşqın Cəfərovun isə başından küt alətlə vuraraq onun sol gözünü ağır yaralamışlar. Hazırda sol gözündən və başından travma almış Daşqın Cəfərovun vəziyyəti ağırdır, sol gözü görmə qabiliyyətini tamamilə itirmişdir, Gəncə Göz xəstəxanasındadır, əməliyyat olunacaqdır.
Sevda Şıxıyeva şəhid anası statusundan sui-istifadə etməklə hazırda hüquq-mühafizə orqanlarında araşdırılan təşkil etdikləri qanunazidd əməllərini ört-basdır etmək məqsədilə sosial şəbəkələrdə tamamilə həqiqətə uyğun olmayan məlumatlar yayır ki, guya onu döyüblər. Belə bir hal olmayıb. O tibbi ekspertizadan da keçirilmiş və döyülməsi ilə bağlı dedikləri öz təsdiqini tapmamışdır.
Sevda Şıxıyeva nümayəndə Lalə Cəfərovanın əri Rövşən Həsənovun bibisi nəvəsidir. Lalə Cəfərovanın qayınatası mərhum Səməndər Həsənov vaxtilə Dəstəfur kənd icra nümayəndəsi işləyəndə Sevda Şıxıyevanın dövləti cinayətdə təqsirləndirilən bacısı oğlu Asif Məmmədov həbs edilərək 13 il məhkum edilmişdir. Həmin vaxtdan Sevda Şıxıyeva və onun qohumları, Asif Məmmədovun həbsini Səməndər Həsənovdan görərək onunla düşmənçilik etmişlər. Sevda Şıxıyeva şəhid anası statusu alandan sonra bacısı oğlu Asif Məmmədovla birgə bu köhnə ədavəti təzələyərək hədə-qorxu vasitəsi ilə Lalə Cəfərovanı işdən çıxmağa məcbur edir, yerinə öz namizədlərini təyin etdirməklə qisas alamağa çalışırlar.
Artıq bir ilə yaxındır ki, Sevda Şıxıyeva Dəstəfur kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə Lalə Cəfərovanın və onun bütün qohumlarının işdən azad olunmasını tələb edir, müxtəlif əsassız iddialar irəli sürür, şəhid anası adından istifadə edərək Dəstəfur kəndində qarşıdurma yaradır, müxalifətyönümlü media orqanlarında əsassız tələblərlə çıxışlar edir, yuxarı orqanlara qərəzli və şər-böhtan xarakterli müraciətlərlə qəbullara gedir.
Bir daha da bildiririk ki, şəhid anası Sevda Şıxıyevanın guya döyülməsi barədə özü tərəfindən təşkil edilərək yayımlanan məlumatlar tamamilə yalandır, yuxarıda qeyd edilən kimi həmin video-material özünə bəraət qazandırmaq, qanunsuz əməlini ört-basdır etmək, məsuliyyətdən yayınmaq, ictimai fikri çaşdırmaq cəhdindən başqa bir şey deyil.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26