Interposta.Info

“Hindistan ştammı hər an Azərbaycana da gələ bilər” - infeksionistdən xəbərdarlıq
 

Müxtəlif
 12-06-2021, 09:20     461

Vüqar Cavadzadə: “Yeni vaksinlərin hamısı effektlidir”
Dünyada indiyədək 175 622 445 nəfərdə koronavirus aşkarlanıb. Virusdan 3 788 723 xəstə ölüb, 159 171 963 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (34 275 783 nəfər), Hindistan (29 274 823 nəfər), Braziliya (17 215 159 nəfər), Fransa (5 729 967 nəfər) və Türkiyədir (5 313 098 nəfər). Rusiyada 5 167 949, İranda 3 003 112, Gürcüstanda 351 954, Ermənistanda isə 223 460 nəfərdə koronavirus aşkar edilib.

Azərbaycanda isə koronavirusa yoluxan 334 992 nəfərin 4 951-i ölüb, 327 907 xəstə sağalıb. Baxmayaraq ki, son vaxtlar həm koronavirusa yoluxanların sayında, həm də virusdan ölənlərin sayında azalma var, yaxın gələcək üçün heç də ürək açmayan proqnozlar verilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronanın daha qorxulu ştammı olan Hindistan ştammı

(“delta-variant”) barədə Avropa ölkələrini xəbərdar edib. Bildirilib ki, bu ştamm hətta immuniteti yüksək olanları da haqlaya bilir. ÜST keçən ilin səhvlərini təkrarlamamağa çağırıb.

Azərbaycan da artıq karantin rejimini xeyli yumşaldıb. Ölkəmizə gediş-gəliş də asanlaşıb. Virusun Hindistan variantı bizdə də təhlükə yarada bilərmi? Ümumiyyətlə, ölkəmizdə kollektiv immunitet formalaşıbmı?

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “2019-cu ildə COVİD 19 Çində aşkar olunanda düşünürdülər ki, virus bizim ölkəmizə gəlib çıxmayacaq. İki ay keçməmiş bizdə də rast gəlindi. İndi də Hindistan ştammını deyirlər. Koronavirus mutasiyaya uğraya-uğraya gedir. Fərqi yoxdur, hansı ştamm olacaq, onların sayı çoxdur, mikroorqanizmlərin bioloji xüsusiyyətləri çoxdur. Yeni-yeni ştammlar əmələ gələcək. Ola bilər bizə qonşu ölkələrdən yayılsın. Amma burda fərqli bir qorunma üsulu yoxdur. COVİD 19-da olduğu kimi, ümumi profilaktik tədbirlər- məsafə saxlamaq, maska taxmaq, yaxud da vaksinasiya tətbiq edilməlidir”.

Vüqar Cavadzadə: Hətta COVID-19 infeksiyasına yoluxmayan insanlar belə, antiviral preparatlar qəbul edirlər - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi


Vüqar Cavadzadə

Həkim ləğv edilən bəzi qadağalarla bağlı fikrini də bildirib: “Bəli, yumşalmalar var, hətta deyərdim ki, tamamilə yumşalmalar var. Metro da açıldı, çimərliklər də açıldı. Qapalı məkanların hamısı açıldı. Bütün istiqamətlər üzrə aviareyslər də bərpa olur. Yəni risk var ki, gəlib çıxa bilər. Ehtiyatlı davranmalıyıq. Qaldı ki, kollektiv immunitetin yaranıb-yaranmaması məsələsinə, təqribən 500 min insan xəstələnib sağalıb, 2 milyon insan da vaksin olunub. Bu da təqribən ümumi əhalinin 25 faizini təşkil edir. 500 min insan da asimptom olaraq xəstəliyi keçirib, ümumi olaraq əhalinin 30 faizində immunitet formalaşıb. Amma bu kollektiv immunitetin formalaşması üçün kifayət etmir. Kollektiv immunitetin formalaşması üçün müəyyən vaxt lazımdır.

Virus bir ildir virus ölkəmizdə yayılıb. Bu bir il ərzində cəmi 300 min insan xəstələndi və immunitet yarandı. Əhalinin ən azı 50-60 faizi istər vaksinasiya ilə, istərsə də təbii yolla xəstələnib, immunitet yaranmalıdır. Yəni kollektiv immunitetimiz hələ lazım olan qədər formalaşmayıb. Ona görə də risk hər zaman var. COVİD-in yenidən artıb çoxalması həmişə var".

Həkimin sözlərinə görə, bütün vaksinlərin hamısı Ümumdünya Səhiyyə Təşkilatının qeydiyyatından keçib: “Vaksinin pisi, yaxşısı yoxdur. Bu gün dünya ölkələri kim hansı vaksini əldə edə bilirsə, onu da alır. Bəlkə də yeganə ölkəyik ki, 3-4 vaksin tətbiq olunur. Ölkə var ki, heç bir vaksini belə istifadə edə bilmir. Yeni vaksinlərin hamısı effektlidir. İnsanlar özü ehtiyatlı davranmalıdırlar. Bəzən söz deyirsən, pis qarşılayırlar. Amma əhali qaydalara riayət etməlidir axı. Bu yaxınlarda Bakıda konsert keçirildi, nə qədər insan orda iştirak etdi. Bir il üç aydır ki, dünya COVİD-lə ”əlləşir". Biz də üç dəfə sərt karantinə getdik. İnsanları bu ayıltmadımı?! Bir nəticə olmadımı insanlar üçün?! O gün konsertdə insanlar yaxın məsafədə təmasda oldular, bu nə qədər düzgündür? Bunu düzgün qəbul edə bilmərəm. Bir tərəfdən deyirik ki, karantin olmasın, evdə oturmayaq. Karantin olanda da insanlar başlayır danışmağa, dövləti qınayırlar.

Bir tərəfdən də boşluq olan kimi qapalı məkanlara üz tuturlar. Kim istəyər ki, ötənilki kimi yayda, istidə evdə otursun. Yenidən sərtləşmə olsa, insanlar yenə narazılıq edəcəklər. Sərt karantinə əməl etmirlər, vaksinasiya olunmaq istəmir, konsertlərə, qapalı məkanlara maskasız, sosial məsafə olmadan gedirlər. Yoluxma artanda da həkimləri günahlandırmağa başlayacaqlar. “Təcili yardım niyə gec gəlir”, “ testin nəticələri niyə gec çıxır” kimi narazılıqlar artacaq. Olmazmı əvvəlcədən düşünək, riayət edək?!"

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26