Interposta.Info

Hərarəti 38 dərəcədən aşağı olanlardan niyə test götürülmür?

Müxtəlif
 7-04-2021, 19:19     411

Son günlər sosial şəbəkələrdə hərarəti 38 dərəcədən aşağı olan şəxslərdən COVİD-19 testinin götürülməməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, vətəndaşlar koronavirus şübhəsi ilə təcili yardım çağırsalar da, briqada həkimləri yalnız temperatur 38 dərəcədən yuxarı olduğu hallarda analiz götürüldüyünü deyərək test götürməkdən imtina edirlər.

"Qafqazinfo" xəbər verir ki, bir çox həkimlər də mövzu ilə bağlı sosial şəbəkələrdəki müzakirələrə qoşularaq bu yanaşmanın doğru olmadığını, nə qədər çox test götürülərsə, daha çox xəstəni aşkarlamağın mümkünlüyünü qeyd edirlər.

Həkim Aydın Əliyevin sözlərinə görə, daha çox test etməklə pandemiyanı məhdudlaşdırmaq olar:

""Temperaturu 38-dən aşağı olanlardan test götürməyə qoymurlar" nə deməkdir? Kim qoymur? Kimdir o qərarı verən? Bu nə biabırçılıqdır? Ümumiyyətlə, temperaturu oldu, olmadı, bütün müraciət edənlərdən test götürülməlidir! Hələ onlara müraciətinə görə "çox sağ ol” da deyilməlidir! Nə olan şeydir bu test? Qəpik-quruşdur da! İnsan həyatından artıqdır? Çin necə məhdudlaşdırdı pandemiyanı? Çoxlu test etməklə! Çoxlu test edib pozitivləri aşkar etməklə!”

Səhiyyə Nazirliyi isə temperaturu 38 dərəcədən aşağı olan vətəndaşların poliklinikalara müraciət etməli olduğunu deyir.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Baş həkiminin müavini İradə Əliyevanın sözlərinə görə, hərarəti 38 dərəcədən yüksək xəstələrdən təcili tibbi yardım briqadası tərəfindən analiz götürülür:

"Səhiyyə Nazirliyinin tapşırığı ilə poliklinikalar gücləndirilmiş iş rejiminə keçirildikdən sonra, hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, müalicəsi və dərman təminatı bu tibb müəssisələri tərəfindən icra edilməyə başlandı. Bu da öz növbəsində COVID-19-a yoluxmuşlarda ağırlaşmaların sayının və təcili yardımın yükünün azalmasına səbəb oldu.

Hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrə təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilərək, laborator müayinə materialı götürülür”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26