Interposta.Info

Laçına bayraq sancmaq uğrunda canını fəda etmiş Şahgündüz

Müxtəlif
 25-12-2020, 15:21     490

44 günlük Vətən müharibəsində adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıraraq şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də 25 yaşlı Şahgündüz Cabbarovdur.

O, Füzulinin Əbdürrəhmanlı kəndi yaxınlığında gedən döyüşlərdə qəlpə yarası alıb və şəhid olub.

Cabbarovlar ailəsi əslən Laçın rayonunun Oğuldərə kəndindəndirlər. 1992-ci ildə doğma yurdlarından didərgin düşəndən sonra Bərdə rayonuna pənah gətiriblər. Ailə 2016-cı ildə Bakıya köçüb, Qala qəsəbəsində SOCAR-ın balansında olan inzibati binada məskunlaşıb.

Şahgündüz Cabbarov 1995-ci ilin yanvarın 13-də Bərdənin Mollalı kəndində anadan olub. Rayonun Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə məktəbi bitirib.

Həmin il Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) Qaz-neft və mədən fakültəsinə qəbul olunub. Bakalavr təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb.

2016-2017-ci illərdə o zaman ön xətdə yerləşən postlardan birində Vətənə borcunu yerinə yetirib. Xidmət vaxtı yüksək hərbi nizam-intizam nümayiş etdirdiyinə, döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə Hərbi birliyin komandiri general-mayor Mayis Bərxudarov tərəfindən Fəxri fərmanla təltif edilib.

2018-ci ildə SOCAR-da qazmaçı vəzifəsində işə qəbul olunub.

Vətən müharibəsi başlayan kimi könüllü olaraq döyüşə yollanıb, torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib. Oktyabrın 25-də şəhid olub.

Şəhidin anası Simuzər Cabbarova oğlunun yoxluğunun onun üçün çox çətin olduğunu deyir: "Hər zaman mənə sual verirdi ki, Laçın necə yerdir? Özüm Laçının Korcabulaq kəndindənəm, ancaq yoldaşım Oğuldərədəndir. Oğuldərədəki çayların adını elə də bilmirdim. Ancaq oğlum hamısının adını əzbər bilirdi. Çox diqqətcil idi. Tovuz hadisələri zamanı yayda balaca qardaşı ilə birlikdə cəbhəyə getmək üçün könüllü yazılmışdı. O vaxt ana kimi mənə təsəlli verirdi ki, heç vaxt məni aparmazlar. Müharibə başlayan günün səhəri Bərdəyə getdi. Orada yaralılara baş çəkirdi. Sentyabrın 30-u mənə zəng elədi ki, sənə yaxşı xəbərim var. Cavab verdim ki, de görüm. Dedi ki, məni müharibəyə çağırırlar. Gedirəm Oğuldərəni alacam və ora bayraq sancacam. Mən ölməyə yox, torpaq almağa gedirəm. Məni elə inandırırdı ki, elə bilirdim ki, ona heç nə olmaz. Bayraq da götürdü ki, bunu Oğuldərədə yüksəldəcəm. İstəyim odur ki, Oğuldərəyə gedəndə harasa bayraq sancım. Çünki o bayraqda oğlumu görürəm. Kövrəlib ağlayanda da elə bilirəm ki, oğlum gəlib mənə yaxınlaşacaq və deyəcək ki, ana ağlama!”.

Atası Habil Cabbarov (şair Kamil Vəfadar) isə qeyd edir ki, Şahgündüz məcburi köçkünlükdən, yəni Laçının işğalından 3 il sonra - 1995-ci il yanvarın 13-də Bərdə rayonunda dünyaya gəlib: "Təxminən 4-cü sinfə gedən vaxtlardan artıq şeirlər yazırdı. Hələ o yaşında necə vətənpərvər olduğunu mənə verdiyi suallardan görməyə başladım. 2016-cı ildə Aprel döyüşləri başlayanda Şahgündüz Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alırdı. Döyüşlərdə könüllü iştirak etmək üçün dərhal cəbhəyə getmişdi. Ali məktəbdə oxuduğuna görə qəbul etməmişdilər. Bütün varlığı, ruhu və qəlbi əsgərlərin yanında idi. Sentyabrın 27-də Vətən müharibəsi başlayan kimi dərhal mənə zəng etdi ki, ata, çoxdan gözlədiyimiz gün gəlib çatdı. Mən döyüşə gedirəm. Pulemyotçu kimi ona pulemyot vermişdilər. Ancaq oğlum bununla da qane olmamış və öz ərizəsi ilə xüsusi təyinatlıların həmlə taboruna keçmişdi. Bu tək torpaq müharibəsi deyildi, bu həm də vicdan, ləyaqət müharibəsi idi. İnsan mənəviyyatında nə var idisə, onun hamısı bu müharibədə var idi. Ali Baş Komandan İlham Əliyevin əmri ilə hamı bir yumruq kimi birləşib bu qələbəni yaşadıq”.

Atası Şahgündüzün timsalında bütün şəhidlərə şeir də ithaf edib:

Ay oğul, cavan canını

Qıydığın Vətən sağ olsun.

Gülərüzünü qoynuna

Qoyduğun Vətən sağ olsun.

Mən qələm aldım əlimə,

Söz toxudum ilmə-ilmə,

Sən şöhrətin bu aləmə

Yaydığın Vətən sağ olsun.

Qanlı yollar aça-aça,

Yurddan-yurda qaça-qaça,

Dünyada hər şeydən uca-

Saydığın Vətən sağ olsun.

Bacısı Sevil Cabbarova Şahgündüzlə sonuncu görüşünü, vida gününü belə xatırlayır: "Son sözüm o oldu ki, sağ-salamat gəl, amma gəlmədi. Qardaşım əsas istəyinə çatdı. Laçın alındı. Şəhidlik xəbərini alanda dedim ki, tək öz ailəmizin deyil, bütün aləmin günəşi sönmüş kimi hiss etdim. Çünki o, adı kimi hər yerə o qədər işıq saçırdı ki...”.

"Mamam oğlu Şakir İsgəndərov (Azərbaycanın bəzi rayonlarında, o cümlədən Laçında atanın bacısına bibi deyil, mama deyə müraciət olunur) 1993-cü ilin aprel-may aylarında 19 nəfərlə birlikdə Laçın və Kəlbəcər ərazisində 54 gün erməni mühasirədə qalıb. Şakir Laçından özü ilə bayraq gətirmişdi. Mətbuatda da bu barədə məlumat çox gedib. Deyirdi ki, Şakir əminin gətirdiyi bayrağı mən aparıb Laçına sancacağam. Hamımıza belə deyirdi deyə heç bir söz tapmadıq cavab verməyə. Qələbə şəhidsiz mümkün deyildi. Bir sözlə qələbə qanla qazanıldı. Şükürlər olsun ki, torpaqlar alındı və şəhidlərin qanı yerdə qalmadı” - qohumu Barat Məcnunov bildirib.

Şəhidimizin əmisi Qabil Cabbarov deyir ki, Şahgündüz qazancı ilə ailələrini dolandırırmış. Ona görə də əmisi sevimli qardaşı oğlunun müharibəyə getməsinə tərəfdar olmayıb: "Mənə dedi ki, elə getmə deyirsiniz. Amma ailədə bir nəfər ölsə nə olacaq?! Biri ölsə yerdə qalanları ac qalası deyil. Maaş kartımı da anama verib gedəcəm və heç nə olmayacaq. Avtobusa minib hərbi komissarlığa getdiyi kadrlar var. Oynaya-oynaya, bayrağa bürünüb gülə-gülə getdi...”.

Kiçik qardaşı Nemət Cabbarov Şahgündüzün müharibəyə getməmişdən təxminən 1 həftə əvvəl yeni kitab oxumağa başladığı söyləyir: "Kitabın 79-cu səhifəsində qalmışdı. Həmin səhifə də qatlanmış şəkildə qalıb. Şəhid olacağı ürəyimə dammışdı. Ürəyimdə dedim ki, artıq onun evdə sonuncu günüdür. Gedəcək müharibəyə və şəhid olacaq. Gizlin şəklini çəkdim və həmin o şəkil telefonumda qalır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26