Interposta.Info

Şəhid ailələrinə və qazilərə Qarabağda torpaq verilməsi təklifi

Müxtəlif
 19-12-2020, 12:20     691

Elşad Musayev: “Orada şəxsi torpaq sahibi olmağı ən çox haqq edənlər də şəhidlərin ailələri və qazilərimizdir”
Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərə dövlət tərəfindən dəstək məqsədilə bir çox sosial, iqtisadi layihələr həyata keçirilir və keçirilməsi nəzərdə tutulur. Cəmiyyətdən isə bu istiqamətdə yeni maraqlı təkliflər irəli sürülür. Məsələn, tanınmış hüquq müdafiəçisi Humanitar Tədqiqatlar Cəmiyyəti İctimai Birliyinin sədri Əvəz Həsənov təklif edib ki, işğaldan azad olunmuş rayonların hər birində icra hakimiyyəti başçısının hesabına əsgər və qazilərimizin istirahəti və müalicəsi üçün istirahət və müalicə mərkəzi yaradılsın. Xüsusən də, müalicəvi əhəmiyyətli zonalar nəzərə alınmaqla bu işi həyata keçirmək vacibdir.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə təklif edir ki, dəstək proqramlarına şəhid ailələrinə və qazilərə azad olunmuş rayonlarda 3-5 sot da olsa torpaq sahələri pay verilməsinin vacibliyini də əlavə etmək olar. Bu həm də bir simvolik məna da daşıyar. Həmin torpaqları şəhidlərimiz, qazilərimiz canları, qanları bahasına azad ediblər. Orada şəxsi torpaq sahibi olmağı ən çox haqq edənlər də şəhidlərin ailələri və qazilərimizdir. Şəhidlərin, qazilərin qanları qarışıb o torpaqlara və o torpaqlar bir müqəddəslik qazanıblar. Qarabağ torpaqları şəhid ailələrini, qazilərin halalıdır.


Elşad Musayev

Elşad Musayevin sözlərinə görə, bu məsələnin mənəvi, simvolik tərəfi ilə yanaşı ərazilərdə məskunlaşma baxımından da ciddi əhəmiyyəti olar. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına işğaldan azad etdikləri ərazilərdə torpaq sahələri ayrılması orada məskunlaşma sahəsinə böyük mənada dəstək ola bilər: “Biz çalışmalıyıq ki, o bölgələrdə məskunlaşmanı tez və kütləvi şəkildə həyata keçirək. Bu baxımdan Vətən torpaqları uğrunda döyüşərək şəhid olanların ailələrinə, qazilərə xüsusi güzəşt olmalı, onlara canları, qanları bahasına qoruduqları Vətən torpağından pay verilməlidir. Onlar bunu haqq edirlər. Bu, gələcək nəsillər üçün də bir örnək və vətənpərvərlik məsələsində ciddi stumullardan biri rolunu da oynayar. Odur ki, məsələyə iki istiqamətdən yanaşmaq lazımdır. Əsgərlərimizin, qazilərimizin, şəhid ailələrinin müalicəsi, istirahəti üçün dövlət şərait yaratmalı və müvafiq qurumları vasitəsilə bunu həyata keçirməlidir. Yəqin ki, bütün bunlar ediləcək”.

O ki qaldı torpaq ayrılmasının hüquqi prosedurlarına Elşad Musayev vurğuladı ki, bu məsələdə heç bir əngəl yoxdur. Mənzil Məcəlləsinə və digər müvafiq qanunlara görə Azərbaycan vətəndaşının ölkənin istənilən yerində əmlak sahibi olmaq hüququ var./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26