Interposta.Info

Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçiriləcək

Müxtəlif
 30-06-2020, 11:47     494


Qlobal pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb və yaratmaqdadır. Ən ağır nəticələri olan müharibələr ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünütəcrid xarakterli tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Zaman belə bir həqiqəti təsdiqləyir ki, pandemiya ilə mübarizədə ümumi düşmənə qarşı birlikdə vuruşan ölkələr qalib gələcək. Bu mənada Azərbaycanın öncüllüyü diqqət çəkir.

Bu məqsədlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası ilk beynəlxalq təşkilat idi ki, COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirdi. Dövlətimiz COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin ən yaxşı nümunəsi oldu. Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 5 milyon ABŞ dolları həcmində ianə ayırdı və 30-dan artıq dövlətə humanitar yardım göstərdi. ÜST bəyanat yayaraq Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunə kimi göstərib. Azərbaycan pandemiyadan əziyyət çəkən ölkələrlə özünəməxsus həmrəylik nümayiş etdirir. Heydər Əliyev Mərkəzinin binası üzərində İtalıya, İspaniya, ABŞ, Türkiyə, Gürcüstan və digər ölkələrin dövlət bayraqlarının, həmçinin beynəlxalq təşkilatların bayraqlarının proyeksiya olunması xeyirxah məram kimi böyük rəğbətlə qarşılanıb.
Dövlət başçımız dövlətlərin pandemiya ilə mübarizədə birgə səy göstərməsinə dair təşəbbüsün müəlliflərindən biri və birincisidir. Cənab Prezident İlham Əliyev bunu Türk Şurası və Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşlərində də bəyan edib. Təklif Nyu Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır.
Dünyanın 130-dan çox dövlətinin möhtərəm Prezident cənab İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi böyük bir hadisədir. Bu bir daha təsdiq edir ki, təşəbbüs vaxtında irəli sürülmüşdür. Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatına üzv ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edildiyi üçün Xüsusi sessiyasının keçirilməsi artıq təkcə həmin ölkələrin deyil, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrilmişdir. BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Azərbaycan tərəfi ümid edir ki, Xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət yenə də düzgün olmayan davranışı ilə özü-özünü artıq dünyada biabır və rüsvay etmiş Ermənistan olub. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü növbəti dəfə cılız göstərdi.
BMT-nin təsis olunmasından bu günə qədər Baş Assambleyanın Xüsusi sessiyaları məhdud sayda keçirilmişdir. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır.
Möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, planetimizi bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat var.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.
Naftalan ziyalısı Kəmalə Hüseynova

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26