Lənkəranda zəlzələdən 80-ə yaxın evdə çatlar yaranıb
Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində Lənkəranda 80-ə yaxın evdə çatlar əmələ gəlib.
Bu barədə Trend-ə açıqlamasında Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Möhübbət Babayev deyib.
M.Babayev bildirib ki, məsələ ilə bağlı komissiyanın iclası keçirilib: "Artıq bu saatlara qədər vətəndaşlardan 80-ə yaxın müraciət daxil olub. Komissiya üzvləri müraciətlər əsasında evlərin hamısına baxış keçirib və evlərdəki çatların dərəcəsini müəyyən ediblər. Hazırda yerlərdən müraciətlər daxil olmaqdadır. Məsələ ilə bağlı akt tərtib olunub və aidiyyəti qurumlara göndərilib".
Komissiya sədri bildirib ki, zəlzələ nəticəsində kəndlərlə yanaşı, Lənkəran şəhərinin ətraf hissələrində bir neçə evdə də çatlar yaranıb: "Əsasən Rvo, Şovu, Əşlə kəndlərində, İstisu qəsəbəsində və şəhərin bəzi yerlərindəki evlərdə çatlar yaranıb".
Qeyd edək ki, dünən yerli vaxtla saat 16:57:14-də Lənkəran stansiyasından 13 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26