Interposta.Info

Yol, məni evimizə apararsanmı? — Qönçəgül Kamalqızı

Müxtəlif
 31-07-2018, 14:16     10 525

Laçın işğal olunmazdan bir az əvvəl Bakıya gəlmişdik. Təbii ki atam, anam, evimiz üçün çox darıxmışdım. Geri qayıtmağa tələsirdim.

Qayıdanda anladım ki, yıxılanda dizlərimi sıyıran daşlar, əlimə batan gül tikanları, yağış sonrası torpaq qoxuyan havadan da ötrü nisgilləmişəm.
Həmin vaxt anamın bişirdiyi xəngəlin dadı bu gün də damağımdadı. Evimizə çatmışdım, o bitməz sandığım yolun sonunda... Vətən qoxuyurdu hər yer.

Hara getsəm, evimizə qaytarıb məni yollar. Qışda anam məni darvazadan məktəbə yola salıb, sonra gözdən itənə qədər arxamca baxardı.
Əlləri qoynunda, üzünə qar ələnən anamla aramdakı məsafə o qədər uzun gələrdi ki mənə. Elə bilərdim, dünyanın ən uzun məsafəsini gedirəm.
Yol boyu anamın öyrətdiyi kimi yeriyərdim. Çox qar olan, ya da buz bağlayan yerlərə ayağımı qoymazdım. Əzbər bilərdim o səkinin, küçənin hər qarışını. Yıxılmaqdan qorxmazdım. Yola güvənərdim.

Sonra həyatımız tərsinə dönməyə başladı. Bir günün içində o şəhərin küçələrində sərgərdan kimi ora-bura o qədər qaçdıq ki, dizlərimizdə taqət qalmadı. Sanki yollar da qaçdı ayağımızın altından.

Geriyə dönə bilməyəcəyimiz uzun bir yol göründü qarşımızda. Həmin yolçuluqdan ağlımda o qədər acı xatirələr qaldı ki, indi nə zaman uzaq bir yola çıxsam hüzün çökər qəlbimə.

Hər yolçulğun geri dönməmək kimi bir həyəcanı var axı yaddaşımda...

Ürəyim çırpınır pəncərədən yollara baxanda. Yüz yerə səpələnən, hara gedəcəyini bilməyən, əli qoynunda çarəsiz qalan yaşlı insanlar, körpələr gözümə görünər deyə qorxuram...

İllərdi bu qorxunu ağlımda, ürəyimdə saxlamışam. Ona görə də uzaq yollar incidər məni. Yol boyu gördüyüm gözəl mənzərələr qəhər olub boğazımda düyümlənər.

Müqayisə edərəm. Ağacları, gülləri, yarpaqları, çiəçəkləri... Laçın ətri gəlməz getdiyim yerlərin havasından.

***
Bu yollarda nə yorulduq, nə yatdıq
Nə də yatan bəxtimizi oyatdıq.
Bu yolları yaxşı saxla yadında
Bu dünyaya bəlkə bir də qayıtdıq.

***

Göz yaşı ağrılarımı dindirməyəcək qədər axar gözümdən.

Bir ümidin işığında gedərəm hər dəfə o yolları. Bəlkə, Vətənə çataram. Bəlkə, həzin bir meh atamın ayağı dəyən o dağların havasını toxundurar üzümə...

Ömürdən uzun oldu bu yollar. Çata bilmədim son mənzilimə. Ağladım, yalvardım hər yolçuluğumda: “Yol, məni evimizə apararsanmı?”
Cavab gəlməyincə fırtınalar qopar ürəyimdə. Qiyamətim o an başlar. Yazığım gələr özümə...
Qönçəgül Kamalqızı

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26