Interposta.Info

Qarabağ məsələsində qeyri-müəyyənlik dövrü bitir?

Müxtəlif
 9-07-2018, 09:40     10 408

Sülh danışıqlarının bərpasına kövrək ümid yarandı, ancaq...; rusiyalı tanınmış analitik: “Müharibənin ”donu" uzun sürə bilməz..."
Ermənistanda küçə etirazları nəticəsində baş vermiş hakimiyyət dəyişikliyindən iki ay ötür. Ötən müddət xüsusən də İrəvan-Moskva münasibətlərində qeyri-müəyyənliyin yaşanması ilə müşahidə olundu. Sözdə Rusiyaya sadiq olduğunu bəyan eləsə də, Qərbə kurs götürdüyünü əməldə gizlədə bilməyən erməni baş nazir Nikol Paşinyan Kremldə əməllicə məyusluq və şübhələr yaratdı - Moskva rəsmiləri bunu açıq büruzə verməsələr də.

Rusiyadan Paşinyan hökumətinə xəbərdarlıq mesajları isə hələ ki, fərqli kanallarla, məsələn, Kremlə yaxın KİV-lər və ekspertlər, habelə tanınmış ictimai-siyasi şəxslərin dili ilə çatdırılmaqdadır. Siyasi müşahidəçilərə görə, iyulun 1-də Cocuq Mərcanlıda “Azərbaycan Rusiyanın bölgədə əsas strateji müttəfiqidir” mövzusunda keçirilən birgə konfrans da eyni məqsəd güdüb. Təsadüfi deyil ki, konfrans və orada Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyi barədə verilən bəyanatlar işğalçı ölkədə ciddi təlaş yaradıb.

*****

Tanınmış rusiyalı analitik Qriqori Trofimçuk hesab edir ki, Cocuq Mərcanlı tədbiri Rusiyanın birbaşa rəsmi mövqeyi olmasa da, Azərbaycan bununla növbəti dəfə deputat korpusu da daxil, Rusiya ictimai-siyasi xadimlərindən ikitərəfli əlaqələrlə bağlı möhkəm zəmanət almış oldu. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, rusdilli Vesti.az portalına açıpqlamasında söyləyib.

“Bu, öz-özlüyündə artıq yaxşıdır. Ancaq Dağlıq Qarabağ və ətrafındakı 7 rayon guya qaytarılacaq və ya qaytarıla bilər, bu, artıq başqa məsələdir və sözlə həll olunmur. İstənilən halda, konfliktinin iştirakçılarına göstərildi ki, əgər hazırda dayanıqlı olmayan Ermənistanda proses nəsə ayrı cür getsə, Azərbaycan lazım bildiyi şəkildə, tamamilə sərbəst hərəkət edə bilər”, - deyə politoloq qeyd edib və bununla da faktiki şəkildə Paşinyan hökumətinin Rusiyaya münasibətdə özünü “nankor aparacağı” təqdirdə Kremlin Azərbaycanın əli ilə onu cəzalandıra biləcəyinə işarə vurub.

Politoloqun fikrincə, yaranmış vəziyyətdə Ermənistan nə etməli olduğu halda ciddi düşünməyə başlayacaq: “Bəlkə, onun baş naziri Paşinyana kimsə vaxtında, kənardan hazırkı şəraitdə nə etməli olduğunu deyəcək?”

Qarabağ münaqişəsi zonasında yeni müharibə ehtimalına gəlincə, analitik deyib ki, müharibə daim kandardadır: “Özü də təkcə Qarabağda yox. Artıq Naxçıvan istiqamətində də münaqişə genişlənir. 2016-cı ilin aprelində göründü ki, müharibənin ”dondurulması" uzun sürə bilməz. Hərçənd əsl müharibəni münaqişə tərəflərindən heç biri istəmir. Gərginlik artır və sadəcə olaraq bu gərginlik özbaşına heç yerə çıxıb gedən deyil. Yeri gəlmişkən, çoxları, o cümlədən Azərbaycanın rəqibləri Azərbaycanın hərəkətlərini, o cümlədən onun hərbi paradlar şəklində güc nümayişini düzgün şərh eləmirlər. Kim hücum eləmək istəyirsə, sakitcə bunu edəcək. Azərbaycan isə göstərmək istəyir ki: bizim içimizə soxulmaq, bizə baş qoşmaq təhlükədir, çünki İrəvanda baş verənləri sonadək dərk eləmir. Sərkisyan Bakı üçün daha şəffaf idi. Ancaq əsas problem Qarabağın özündədir. Nədən ki, Ermənistanda birinci adamın dəyişməsindən sonra orada hadisələr ayrı axar alıb və biz görürük ki, Nikol Paşinyan necə Dağlıq Qarabağa böyük diqqət göstərir. İstisna eləmirəm ki, Azərbaycan Qarabağı həm ondan, həm də Ermənistandan daha etibarlı qoparmaq üçün hansısa təhrikçi addıma cəhd edə bilər".

*****

Vəziyyəti gərginləşdirən başqa bir amil isə sülh danışıqlarının da xeyli müddətdir dalanda qalmasıdır. Ermənistanda çevriliş nəticəsində hakimiyyətə gəlmiş qüvvələr hələ də konstruktiv danışıqlara başlamağa hazır görünmür. Paşinyan hökumətinin başı hələ ki, daxildə “əcinnə ovu”na qarışıb. Hərçənd, bu arada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilk görüşü üçün hazırlıq getdiyi haqda xəbərlər yayılıb. Lakin Məmmədyarov-Mnatsakanyan təmasının konkret hansı tarixdə reallaşacağı bilinmir.

“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü ilin sonunda yox, daha tez keçiriləcək”. Bunu Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan deyib. Onun sözlərinə görə, tərəflər artıq bununla bağlı razılaşma əldə ediblər: “Bizim üçün vacib olan Qarabağ konfliktinin həllindəki danışıqlar prosesinin dinamikasını qoruyub saxlamaqdır. Azərbaycanın xarici işlər naziri ilə görüş barədə razılıq var”. Erməni nazir görüşdə atəşkəsin gücləndirilməsi məsələsinin də müzakirə ediləcəyini bildirib.

*****

Ancaq belə görünür ki, əsas vasitəçi dövlət kimi Rusiya problemin dinc həllində hansısa yeni təşəbbüsdə bulanmaq niyyətində deyil. Hər halda şimaldan, Rusiya XİN yetkililərindən (nazir Sergey Lavrov, Mariya Zaxarova), digər rəsmilərdən vaxtaşırı yalnızca ənənəvi, növbətçi, şablon bəyanatlar eşitməkdəyik.

Rusiya təhlükəsizlik şurasının katibi Nikolay Patruşev o sırada növbəti oldu. Patruşev bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin mərhələli və sülh yolu ilə həllinin tərəfdarıdır. Bu fikri o, erməni həmkarı, Paşinyanın qərbyönlü kadrlarından olan Armen Qriqoryanla görüşündə dilə gətirib. Sual yaranır: həqiqətən Rusiya Təhlükəsizlik Şurasının katibi Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin tərəfdarıdır?

Politoloq Elxan Şahinoğlu buna şübhə edir. O, Patruşevin açıqlamasında bir sıra məqamlara diqqət yönəldib: “Patruşev onu da qeyd edib ki, Rusiya regionda sabitliyin bərqərar olunmasının, habelə Qarabağ probleminin bütün tərəflərin maraqları nəzərə alınmaqla, sülh yolu və mərhələli həllinin tərəfdarıdır. Bu fikrin əsas yükü ”bütün tərəflərin maraqları nəzərə alınmaqla" ifadəsinin üzərindədir. Yəni tərəflərdən biri - Ermənistan və ya Dağlıq Qarabağ separatçıları mərhələli həll planını istəmirlərsə onları nəyəsə məcbur etmək düzgün deyil. Patruşevin sözlərindən çıxan nəticə budur. Ona görə də, rusiyalı rəsmilərin və diplomatların sətiraltı ifadələrinə diqqət yetirmək lazımdır. Necə deyərlər, şeytan detalda gizlənib".

“Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planından başqa yolla həlli qeyri-mümkündür”. Bunu isə axar.az-a Patruşevin erməni həmkarı Armen Qriqoryanla görüşünü şərh edən deputat, politoloq Rasim Musabəyov deyib. Deputat bildirib ki, Rusiya vaxtilə mərhələli həll planının müəllifi olub: “Vladimir Kazimirov hələ 1997-ci ildə Minsk Qrupunun həmsədri kimi bu təkliflə çıxış etmişdi. Sadəcə olaraq, ermənilər sonradan mərhələli həll planının əleyhinə çıxdılar. Ancaq bu məsələyə realist yanaşan hər bir siyasətçi və diplomat anlayır ki, indiki mərhələdə məsələnin başqa yolla həlli mümkün deyil. Ya münaqişə dondurulur və bu vəziyyət sonda müharibəyə aparıb çıxarır, ya da Qarabağ məsələsi mərhələli həll planı üzrə çözülür”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26