Interposta.Info

Ombudsman Milli Məclisə amnistiya üçün müraciət etdi

Müxtəlif
 25-04-2018, 09:27     10 422

Mətbuat Şurasının sədri Elmira Süleymanovanın illik hesabatını tənqid etdi; Əli Məsimli: “150 manat təqaüd alan pensiyaçıların banklara olan borcları bağlansın”
Aprelin 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov gündəliyin təsdiqindən sonra bir neçə deputatın yeni hökumətdə təmsil olunması ilə əlaqədar prezident İlham Əliyevə təşəkkür etdi. Eyni zamanda sədr vəzifə təyinatı alan deputatlara təbriklərini çatdırdı.

Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. İlk olaraq “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun ikinci təsdiq olundu.

Azərbaycanın İnsan haqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova illik hesabatını təqdim etdi. E.Süleymanova bildirdi ki, vətəndaşların dövlət orqanlarına müraciətlərinə diqqətlə yanaşılması, məmurların öz səlahiyyətlərindən sui-istifadə etməsi hallarına son qoyması, insanların problemlərinin həllinə istiqamətlənmiş tədbirlər görülməsinə səy göstərilməsi, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət edilməsinə diqqət gücləndirilməlidir.

Məruzədə o da qeyd edilir ki, şikayətlərdə əks etdirilmiş halların yoxlanılması məqsədilə Müvəkkil tərəfindən aidiyyəti dövlət qurumlarına göndərilən sorğulara bəzi hallarda konstitusiya qanunu ilə müəyyən edilən müddətdə və mahiyyəti üzrə cavab verilməyib: “Bu da vətəndaşların hüquqlarının pozulmaqda davam etməsinə, habelə Müvəkkilə və digər mərkəzi dövlət qurumlarına təkrar şikayətlərinə səbəb olub. Odur ki, hər bir vəzifəli şəxs və məmur öz işini müasir çağırışlara, yeni tələblərə və innovativ yanaşmalara uyğun qurmalıdır. Bütün səylər insan rifahının yüksəldilməsinə və sosial proqramların icrasına yönəldilməlidir”.

E.Süleymanova bildirdi ki, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edir. Ombudsman qeyd etdi ki, uşaq bağçalarında mövcud olan yerlərini sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır: “Bəzən yerli icra hakimiyyətləri mövcud durumda məktəbəqədər təhsilə olan ehtiyacı düzgün qiymətləndirməyib, bağçaları maddi - texniki avadanlıq və tədris ləvazimatı, ixtisaslı kadrlarla təmin etməklə məktəbəqədər yaşlı uşaqların cəlb edilməsinə şərait yaratmaq əvəzinə, böyük ehtiyac duyulan belə müəssisələri ləğv edirlər”.

E.Süleymanova bildirdi ki, 2017-ci ildə Ombudsman Aparatına daxil olan bir sıra müraciətlərdə özəl tibb müəssisələrində müalicə və müayinənin təşkilində yol verilmiş ciddi pozuntular, qiymətlərin olduqca baha olması, müalicənin nəticəsiz qalması kimi hallar öz əksini tapıb. Ombudsmanın sözlərinə görə, həkim-xəstə münasibətlərinə ciddi yanaşılmalı, xəstələrin, o cümlədən həkim müalicəsindən ziyan çəkən pasiyentlərin hüquqlarının təmin edilməsi üzrə yeni qanunvericilik aktlarının qəbul edilməsi lazımdır.

Müzakirələr zamanı deputat Tahir Kərimli bəzi təşəbbüslərlə çıxış etdi. Bildirdi ki, ombudsman Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı ölkədə Amnistiya aktının qəbul edilməsi üçün Milli Məclisə müraciət edib: “Bu, çox yaxşı haldır”. T.Kərimli onu da bildirdi ki, heç bir təqsiri olmadan Azərbaycan vətəndaşları devalvasiya nəticəsində ziyana düşüblər. Ona görə də deputat ombudsmanın bu məsələ ilə bağlı təşəbbüs göstərməsini xahiş etdi.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirdi ki, məruzədə dolğun məlumatlar əksini tapıb: “Müsbət haldır ki, bu dəfə görülən işlər digər illərdəki görülən işlərlə müqayisə edilərək təhlillər aparılıb. Bunlar çox yaxşıdır. Buna görə də Elmira xanıma, məruzəni hazırlayanlara böyük təşəkkür düşür”.

Ardınca isə Ə.Amaşov məruzə barədə tənqidlərini dilə gətirdi: “Çox təəssüf ki, bu fikirləri məruzənin informasiya əldə etmək azadlığı bölməsi ilə bağlı söyləyə bilmirəm. Görülən işlərdən söhbət açmaq əvəzinə, burada ümumi xarakterli köhnə məlumatlar, təkrar tövsiyələr yer alıb. Mən ötən il müvəkkilin hesabatı müzakirə olunarkən bildirmişdim. Yenə də həmin fikrimin üstündə qalıram. Nə qədər ki, ombudsman məlum qanunun tələblərindən irəli gələn vəzifələri tam yerinə yetirə bilmir, belə də olacaq. Söz və ifadə azadlığının dərinləşməsi demokratik cəmiyyət quruculuğunun əsas şərtidir. Dövlət bu istiqamətdəki proseslərə hər zaman böyük önəm və dəstək verib. Belə olan halda Müvəkkilin informasiya əldə etmək haqqında qanundan irəli gələn tələbləri yerinə yetirmək resursunun olmaması təəccüblüdür. Artıq neçənci ildir ki, hesabatda ombudsmanın bu istiqamətdə strukturunun təkmilləşməsi, bu məqsədlə ştat və maliyyənin ayrılması üçün Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə müraciətindən bəhs olunur. Necə ola bilər ki, bu müraciətlər cavabsız qalsın? Məsələ ciddi şəkildə öyrənilməlidir. Məsələdə maraqlı olmayan kimdir, bunu bilməliyik. Hesab edirəm ki, bizlər parlament səviyyəsində məsələyə münasibət bildirməliyik. Bu, Elmira xanımın perspektiv fəaliyyətinə də dəstək olar. İstəyim odur ki, növbəti məruzədə ombudsmanın fəaliyyətində qeyd etdiyim bu məqamlar da yer alsın”.

Bundan sonra məruzə səsə qoyularaq qəbul edildi.

Milli Məclis “Peşə təhsili haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxardı. Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli layihə barədə çıxışı zamanı bildirdi ki, layihədə əvvəlki oxunuşda həmkarlarının təklifləri nəzərə alınıb və yeniliklər edilib: “İkinci oxunuşdan sonra layihə üzərində aparılan təkmilləşdirmə işi sənəddə bəzi məqamları daha da dəqiqləşdirib. Oxşar məqamlar sistemləşdirilib, ümumilikdə layihə hüquqi cəhətdən daha dəqiq ifadə edilib. Hesab edirəm ki, bu layihə Azərbaycanda peşə təhsilinin inkişafına stimul verə biləcək məqamlara şərait yaradacaq”.

Layihə səsə qoyularaq üçüncü oxunuşda da qəbul edildi.

İclasda ədliyyə sisteminə həsr olunan xüsusi medal təsis edilməsi də müzakirəyə çıxarıldı. “Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)” adlı layihəni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi. Layihəyə əsasən, bu medalla öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən ədliyyə orqanları əməkdaşları, hakimlər, ədliyyə və məhkəmə sisteminin inkişafına töhfə vermiş və ədliyyə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif olunur.

Deputat Fərəc Quliyev dedi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Milli Məclisdə də işlər görülməlidir: “Milli Məclis bütün strukturların ağırlığını üzərində çəkən qurumdur. Bəzən deputatlar deyir ki, filan strukturların şöbə müdirlərinin xidməti avtomobilləri var, amma parlamentdə yoxdur. O zaman qəzetlərdə yazırlar ki, Milli Məclisin deputatları maşın istəyirlər. Biz deyəndə ki, maaşlar filan nazirliklərin işçilərindən, dünyanın müxtəlif ölkələrinin parlamentinin deputatlarından aşağıdır, deyirlər ki, başqasını düşünmürlər, ancaq özlərini düşünürlər. Burada isə maddi məsələ yoxdur”.

Deputat 100 illiklə bağlı Milli Məclisin xatirə medalının olmasını da faydalı saydı: “Burada oturan adamların bu medalla təltif olunması yerinə düşər. Mən müəyyən nazirliklərə bağlı qəbul edilən xatirə medallarını dəstəkləyirəm. Amma hesab edirəm ki, Milli Məclisdə də bununla bağlı işlər aparılmalıdır”.

F.Quliyevin təklifinə cavab olaraq Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Milli Məclisdə bayram tədbiri keçiriləcək: “Bu tədbirə bir sıra qonaqların dəvət olunması nəzərdə tutulur. Düşünürəm ki, medalın təsisi ilə bağlı qaldırdığınız məsələyə bu çərçivədə baxılacaq”.

“Müflisləşmə və iflas haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi barədə komitə sədri Ziyad Səmədzadə məlumat verdi. Layihə borclunun ləğv edilməsinə maksimum yol verməmək üçün sağlamlaşdırma tədbirlərinin tətbiqinə imkanlar və mexanizmlər yaratmaq məqsədilə hazırlanıb. Dəyişikliklərdən biri borclunun aktivlərinin satılması ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, dəyəri borclunun aktivlərinin 5% və daha çox hissəsini təşkil edən aktivlərin satılması əmlak inzibatçısı tərəfindən hazırlanan və bu qanunun 48-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmiş qaydada kreditorların yığıncağında təsdiq edilən satış planına uyğun olaraq açıq hərrac yolu ilə və bu qanunun 26-cı maddəsində müəyyən edilmiş hallar olduqda digər üsullarla həyata keçirilir. Dəyəri borclunun aktivlərinin 5%-indən az hissəsini təşkil edən aktivlərinin satılması əmlak inzibatçısı tərəfindən bu qanunun tələbləri nəzərə alınmaqla kreditorlar yığıncağının razılığı olmadan həyata keçirilə və ya satış planına daxil edilməsi təklif edilə bilər.

Layihə qəbul edildi.

“Milyonlarla insan 2015-ci ilin iki devalvasiyası nəticəsində, heç bir günahları olmadan, çox ağır zərbə alıblar”.

Deputat Əli Məsimli bunu “Müflisləşmə və iflas haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı bildirdi. O, banklardan götürülən dollar kreditləri ilə əlaqədar yaranmış problemin aradan qaldırılması üçün tədbirlər görməyə də çağırdı: “Bu yaxınlarda prezident gözəl bir fərman imzaladı, vətən uğrunda şəhid olanların ailələrinə 11 min manat vəsait ayrılması barədə qərar verdi. Elə olmasın ki, vətən uğrunda şəhid olanlara ayrılan vəsait bank kreditlərinə ödənilsin”. Deputat 3 min dollara qədər borcu olan insanların, şəhid ailələrinin, pensiyaçıların durumunun daha ağır olmasına diqqət çəkdi: “Artıq elə bir vəziyyətdədir ki, borclarını qaytara bilmirlər”.

Ə.Məsimli bildirdi ki, hər hansı bankın lisenziyası alınırsa, sahibkar bundan əziyyət çəkir: “Bir müəssisəni sağlamlaşdırırıq, amma nəticədə minlərlə sahibkarı bankrot vəziyyətdə qoyuruq. Bu yaxınlarda Şəkidə bir sahibkar belə problemlə üzləşib. ”Dəmir bank"ın lisenziyası alınıb və sahibkarın orada olan pulu almasında problem yaranıb. Əgər bankın lisenziyası alınıbsa, onu başqa banka keçirsinlər. Bu, yüzlərlə iş adamının müflis olmasının qarşısını ala bilər. İkinci məsələ isə, biz nə vaxt Azərbaycan vətəndaşlarının maliyyə sağlamlığı ilə məşğul olacağıq? 2015-ci ildə səhvlər buraxılmaqla həyata keçirilən devalvasiya nəticəsində xeyli insan ziyan çəkdi. Onlara nə edəcəyik? Təklif edirəm ki, 3 min dollara qədər borcu olan şəhid ailələrinin, 150 manat təqaüd alan pensiyaçıların banklara olan borcları bağlansın".

“Məşğulluq haqqında” qanun layihəsi barədə isə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verdi. Bildirdi ki, qanun layihəsi 5 fəsil, 34 maddədən ibarətdir. Komitə rəhbəri dedi ki, sözügedən qanun Azərbaycanda bazar münasibətlərinin inkişafı, bütün səviyyələrdə aparılan iqtisadi, sosial, institusional və siyasi islahatların uğurlu nəticələri işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yeni tələbləri müəyyən edir: “Belə ki, yeni sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib. Ümumiyyətlə, qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur”.

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev qanun layihəsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, ilk dəfə olaraq işaxtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir: “Onlar bu hüquqdan istifadə etmədikdə isə, sistem tərəfindən bu edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən 5 günə endirilir”.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda konseptual şəkildə səsə qoyularaq qəbul edildi./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26