Interposta.Info

Türkiyə-Ermənistan sərhədi açılarsa... (ŞƏRH)
 

Siyasət
 26-04-2024, 18:44     46 930

44 günlük İkinci Qarabağ savaşı Azərbaycanın qələbəsi ilə yekunlaşandan sonra bölgədə yeni reallıqlar yaranıb. Bu müstəvidə Türkiyənin Ermənistanla sərhədlərin açılması məsələsi ciddi müzakirə edilir. Yaxın zamanlarda belə addımın atılması mümkündürmü?

Konfliktoloq Azər Hüseynov "İnterPosta"-ya açıqlamasında bildirib ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin xarakteri digər dövlətlərin münasibətlərindən fərqlidir:

"Bunlar yalnız qardaşlıq xarakteri daşımır. Bunlar həm də ortaq maraqlarda birləşməkdir. Unutmaq lazım deyil ki, Azərbaycana Türkiyə nə qədər lazımdırsa, Türkiyəyə də Azərbaycan o qədər lazımdır. Azərbaycanın investisiyaları 2011 və sonrakı illərdə dəfələrlə türk iqtisadiyyatının böhrandan çıxmasında önəmli rol oynayıbdır. Bir zamanlar, türk siyasi isteblişmentində bəzi simalar bu münasibətlərə xələl də gətirmək istəyib. Lakin dövlət idarəçiliyində və xarici siyasətdə Heydər Əliyev siyasi irsindən həqiqi mənada qidalanmış Prezident Rəcəb Tayyib Ərdoğanın birbaşa müdaxiləsi bu təhlükəni uzaqlaşdırıb. Paralel olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi rəhbərliyində daxili və xarici amilləri tamamlayaraq Ermənistan işğalına son qoyub. Təbii ki, hər iki dövlət başçısının xüsusi qardaşlıq münasibətləri bunda əsas rol oynayıb".

Ekspert vurğulayıb ki, Azərbaycan regional, regionlararası və qlobal aktordur:

"Bakının türk dünyası üçün əhəmiyyəti dominant mövqeyindədir. Belə bir ortamda Türkiyə-Azərbaycan koordinasiyası davam etməlidir. Türkiyə Ermənistanla sərhədləri Azərbaycan torpaqlarının işğalı səbəbi ilə bağlamışdı. Artıq işģal aradan qaldırılıb. Lakin sülh müqaviləsi hələ yoxdur. Bir də ortada Zelenski yolu getmək istəyən, xarici siyasəti tam aydın olmayan, Qərbə meyl edib regional oyunçuların "ipinin üstünə odun yığılmayan" Paşinyan amili vardır. Məhz buna görə daxilindəki siyasi və iqtisadi problemləri nəzərə alaraq işlərini Azərbaycanla koordinasiya etməsi Türkiyənin maraqlarındadır".

Azər Hüseynov bildirib ki, Ermənistanla sərhədləri açmaq ticarət və pul deməkdir:

"Bu isə Ermənistanın varlanması anlamına gəlir. Ermənistanın varlanması yenidən revanş iyisini hiss etməsi deməkdir. Bu isə Türkiyə və Azərbaycanın birlikdə qurduğu konfiqurasiyalara təhlükə deməkdir. Belə olan halda Türkiyə Azərbaycanla koordinasiyanı davam etdirməsi lazımdır".

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay mediaya verdiyi açıqlamada qeyd edib ki, hazırkı vəziyyətdə Azərbaycan və Ermənistan arasındakı münasibətlər Türkiyə ilə rəsmi İrəvan münasibətlərinə də təsir edir:

"Ona görə də son vəziyyətləri çox diqqətlə izləyir və Azərbaycan tərəfi ilə danışıqlar aparırıq. Bunu bildirək ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının başlıca şərti Qarabağ məsələsinin tamamilə həll olunması idi. Sonrakı proses Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi olmalı idi. Bundan sonra Ermənistanla sərhədlərin açılması və dogər məsələlər gündəmdə ola bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26