Interposta.Info

Yol qəzalarını niyə durdurmaq olmur?

Müxtəlif
 29-03-2018, 10:43     10 388

Ərşad Hüseynov: “Ən qısa zamanda dövlət proqramı hazırlanmalıdır”

Son günlərdə ölkəmizdə yol qəzalarının sayının artdığının şahidi oluruq. Təkcə martın 20-dən 27-dək 61 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 95 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 14 nəfər isə dünyasını dəyişib. Martın 27-dən 28-dək isə 6 yol qəzası qeydə alınıb, hadisələr zamanı 4 nəfər dünyasını dəyişib.

Ağır yol qəzaları bəzən daha çox regionların payına düşür. Elə bu günlərdə baş verən ağır yol qəzaları da əsasən regionlarda təsadüf olunur. Məsələn, bir neçə gün əvvəl Salyan-Şirvan avtomobil yolunun 4-cü kilometrliyində Salyan rayonunun Qırxçıraq kəndi ərazisində baş verən hadisə zamanı 2 nəfər dünyasını dəyişib. Şamaxıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin hadisə zamanı Şəki sakini 1998-ci il təvəllüdlü Əhmədli Röyal Fətəli oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Xalq artisti Simarə İmanovanın atası da bu günlərdə yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib. İfaçının atasını Cəlilabad rayonunda yolu keçərkən maşın vurub. Onun həyatını xilas etmək mümkün olmayıb.

Bəs qəzaların sayı niyə artır, bunun qarşısını necə almaq olar?

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrində yol qəzalarında ölən insanların sayının 2016-cı ildə 1,25 milyon nəfərə çatdığını və bu göstəricinin 2030-cu ildə 3,6 milyon nəfərədək yüksələcəyini proqnozlaşdırmışdı. Statistikaya əsasən, hər gün yollarda 3 mindən çox insan həlak olur, 100 mindən çox insan isə yaralanır. Araşdırma zamanı məlum olub ki, 15-29 yaş arasında gənclərin əsas ölüm səbəbi də məhz yol qəzalarıdır. Ekspertlər onu da müəyyən edib ki, Avropa və digər inkişaf etmiş ölkələrdə daha az yol qəzaları baş verir və bu qəzalarda ölüm faktı da azdır. Afrika və bir çox Asiya ölkələrində isə əksinə, ağır yol qəzalarına tez-tez rast gəlinir. Statistikaya əsasən ən çox Çində və Hindistanda yol qəzaları baş verir. Araşdırmaya görə, 2015-ci ildə baş verən yol qəzalarında Çində 264 min 788, Hindistanda 208 min 463, ABŞ-da 35 948, İsveçdə 519, Rusiyada 23 114, Türkiyədə 8 514, İranda 11 314, Gürcüstanda 621, Ermənistanda 544, Azərbaycanda isə 759 nəfər dünyasını dəyişib.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Yol qəzalarının qarşını almaq üçün kompleks şəkildə işlər həyata keçirmək lazımdır. Hazırda inkişaf etmiş ölkələrdə yol qəzalarının sayı xeyli azalıb. Halbuki həmin ölkələrdə 1960-70-ci illərdə bizdəkindən 2-3 dəfə çox ağır qəzalar baş verib. Lakin hazırda həmin ölkələrdə avtomobillərin sayının çox olmasına baxmayaraq yol-nəqliyyat hadisələri, qəzalar zamanı baş verən ölüm faktlarının sayı 2-3 dəfə azdır. Çünki problemlə bağlı xüsusi tədbirlər görülüb, bütün məsələlər qeydə alınıb, kompleks şəkildə dövlət proqramları keçirilib. O cümlədən məktəblərdə maarfiləndirmə işləri aparılır, avtomobillərin texniki sənədlərinə dair tələblər, sürücülərin hazırlanması, yol-nəqliyyat hadisəsi zamanı görüləcək ilk tibb-yardım haqda məlumatlar verilir. Buna görə də istənilən nəticə əldə olunub.

Hazırda ölkəmizdə də bu cür tədbirlərin görülməsinə ehtiyac var. Ən qısa zamanda dövlət proqramı hazırlanmalıdır. Həmin dövlət proqramı BMT-nin təsdiqlədiyi standartlara, istiqamətlərə uyğun tərtib olunmalıdır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26