Interposta.Info

Laçından məktub var…

Müxtəlif
 14-02-2018, 18:06     10 570

Salam Fidan!

Necəsən, atangil, qardaşların necədir?

Bilirsən indi biz hardayıq? Laçındayıq. Anam Laçında anadan olub. İşğaldan azad olandan sonra babamgil bura köçüblər, öz evlərinə. Nənəm deyir ki, onların evlərini ermənilər yandırmışdı. Amma indi onlara təzə ev tikiblər. Hamı artıq geri qayıdıb. Köhnə qonşularından çoxusu rəhmətə gedib. Bizim kimi onların da nəvələri Bakıdan qonaq gəlmişdilər. Atam bizi Mİnkənd İstisuyuna apardı. Orda alaçıq qurduq. Qonşular da atama kömək etdilər. Alaçıq bilirsən nədir? Bura dağ kəndidir. Evlər çox azdır. Adamlar çadır qurub yaşayır. Bura Azərbaycanın hər yerindən istirahətə gəlirlər. Onlar da bizim kimi çadırda yaşayırlar.

Bura çox gözəldir, havası təmiz, suyu saf. Əsl cənnət diyarıdır. Burada müalicəvi sular çoxdur.

Atam, Əli, Hümbət çayda balıq tutur, doyunca çimirlər. Nənəm sacda yuxa bişirir. Anam da bizə yemək hazırlayır. Bizim alaçığa yaxın bulaq var.Mən nənəmin balaca səhəngi ilə su gətirirəm. Burada bir su var, müalicəvidir, babam ora tez-tez çimməyə gedir. Hər dəfə gedəndə bizi də aparır. Deyir nə qədər ki, burdasınız, bu gözəlliklərdən doyunca görün.Bir də Allah bilir nə vaxt gələcəksiniz. Neçə ildir Bakının tozlu-dumanlı havasını udmuşuq. Allah ermənilərə min lənət eləsin. Neçə ildir bizi bu gözəllikdən uzaq qoymuşdu. Babam atama deyir ki, vallah ay bala, məndən olsa siz də köçüb bura gələrsiniz.

Atam bizi meşəyə, talaya gəzməyə aparmışdı. Anam çoxlu kəklikotu, qantəpər, gülxətmi yığmışdı. Anam deyir ki, Bakıda Sevil xalaya da bundan pay verəcəm. Burada hər addımda bulaq var. Suyu da buz kimi.

Fidan, burda bizim kimi alaçıqda yaşayan çoxlu ailələr vardı. Özümə çoxlu dost da tapmışam. Söz vermişik ki, hamımız öz evimizə qayıtsaq da, əlaqəmizi kəsməyək. Beş gün Minkənddə qalandan sonra Laçına qayıtdıq. Babam bizi Laçın Diyarşünaslıq muzeyinə, Laçın şəhidlərinin xatirəsinə tikilmiş mərkəzə, Bayraq Meydanına da apardı.

Babam deyir ki, Laçın çox dəyişilib. İşğaldan azad olunduğu az müddət olsa da, təzə parklar salınıb, yeni binalar, evlər, otellər tikilib. Fidan, sənə hər gün xatirələrimi yazdım. Bakıya qayıdandan sonra hamısını danışacam. Çoxlu şəkillər də çəkdirmişik. Bilirəm ki, sən də mənim üçün çox darıxmısan. Gələn il yay tətilində səni də özümlə Laçına aparacam. Öpürəm, sağ ol!

İmza: Xədicə...

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26